
Yola saldığımız 2017-ci il də Azərbaycan güləşçiləri üçün uğurlu və
yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq
turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.
Yığma
komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq
yarışlarda - Avropa və Dünya çempionatları və IV İslam Həmrəyliyi
Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla toplam 99
medal qazanıb. Son 9 ilə nəzər saldıqda rəsmi yarışlarda
güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük.
Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə
71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı
ildə 86 medal qazanıb.
Böyüklər
İlin
əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi
üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb.
İran İslam Respublikasında keçirilən yarışları yunan-Roma güləşçilərimiz
ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurub.
Serbiyanın
Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3
bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Sərbəst və
qadın güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib.
Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub.
Fransanın
paytaxtı Parisdə keçirilən Dünya çempionatını da güləşçilərimiz üçün
uğurlu hesab etmək olar. Yığmalarımız çempionatı 1 qızıl və 2 bürünc
medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə Dünya
çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb.
Litvanın
Klaypeda şəhərində keçirilən hərbçilərin Dünya çempionatını
pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıb. Sərbəst
güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub.
U-23
Macarıstanın
Szombathely şəhərində keçirilən 23 yaşa qədər güləşçilərin (U-23)
Avropa çempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla
tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla
çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığmamız
Avropa üçüncüsü olub.
Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə
keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə
yığmalarımız 5 bürünc medal qazanıb.
Gənclər
Almaniyanın
Dortmund şəhərində keçirilən Avropa çempionatıbda pəhləvanlarımız
ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst
güləşçilərimiz komanda hesabında 2-ci nəticə göstərib.
Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.
Yeniyetmələr
2017-ci
il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki,
pəhləvanlarımız Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində
təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc)
medal qazanıb. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst
güləşçilərimiz komanda hesabında ikinci olub.
Yunanıstanın
paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilərimiz 10 (3
qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə
sərbəst güləşçilər 3-cü nəticə göstərib.
Bundan başqa, yığma
komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq
turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı
gümüş və 94-nün əyarı isə bürünc olub.
Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal qazanıb.
Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür.
U-23 Avropa və Dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz
böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində
əldə etdiyimiz medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri
qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.