
Mayın
14-də IV İslam Həmrəyliyi Oyunlarının Bakı Atıcılıq Mərkəzində keçirilən
atıcılıq yarışlarının ikinci günündə Azərbaycan millisinin aktivinə
daha bir qızıl medal əlavə olunub.
Premyer.az AZƏRTAC-a istinadən
xəbər verir ki, yarışların ikinci günündə 10 metr məsafədən pnevmatik
tüfənglə atəşaçma üzrə qarışıq komanda, kişilərin 25 metrdən tapança ilə
sürətli atəşaçma, qadınların 25 metrdən tapança ilə atəşaçma, kişilərin
səngər stendi yarışları keçirilib.
Ötən gün "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında çempionluğu əldə
edən Azərbaycan idmançısı Ruslan Lunyov yarışlarda özünün 2-ci,
ölkəmizin isə 12-ci qızıl medalını qazanıb. O, kişilər arasında 25
metrdən tapança ilə sürətli atəş açma yarışının qalibi olub. Ruslan
Lunyov hamıdan yüksək nəticə göstərərək (21 xalla) qızıl medala
yiyələnib.
Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç (20 xal), bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi (18) qazanıb.
"Bakı-2017”də 10 metr məsafədən pnevmatik tüfənglə atəşaçma üzrə
qarışıq komanda yarışının qalibi Banqladeş komandası olub. Birincilik
uğrunda İran komandası ilə mübarizə aparan Banqladeş millisi 21,5 xalla
çempion adını qazanıb. İran yığması ikinci, Türkiyə millisi isə üçüncü
yeri tutub.
Yarışlarda Azərbaycanı təmsil edən Əli Məcidli və Jalə Bayramova təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Qadınlar arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışının
qızıl medalını 28 xal toplayan Qətər idmançısı Əlmübarək Aldana Saad
qazanıb. Gümüş medala İran təmsilçisi Haniyeh Rostamiyan, bürünc medala
isə tunisli Olfa Cereni sahib olublar. İdmançımız İradə Aşumova yarışı
dördüncü yerdə başa vurub. Digər idmançılarımız Zərifə Qasımova və Nigar
Nəsirova isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Kişilər arasında səngər stendi yarışında Misir idmançısı Əhməd Kamar
40 xalla qızıl medal qazanıb. Yarışın ikincisi 39 xalla Türkiyə
idmançısı Oğuzxan Tuzun, üçüncüsü isə 33 xalla qətərli Nasser Əli Əl
Həmaidi olublar.
Azərbaycan idmançısı Əli Hüseynli yarışı 20 xalla beşinci yerdə başa
vurub. Ramil Rüstəmzadə və Əlimirzə Quliyev isə təsnifat mərhələsində
mübarizəni dayandırıblar.
Sonra mükafatlandırma mərasimi olub.
Qaliblərə medalları IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov təqdim edib.
Atıcılıq yarışlarına mayın 17-də yekun vurulacaq.