
Azərbaycan
daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi
Oyunlarına ev sahibliyi edir. Bugün Bakı Olimpiya Stadionunda Oyunların
rəsmi açılış mərasimi baş tutdu.
Xatırladaq ki, IV İslam
Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin
iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında
qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda
keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam
imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara
geniş hazırlıq görülüb. Bakının 17 idman arenasının hər biri yarışlara
yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata
keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda keçiriləcək
Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.
Oyunlarda
54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda
rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər
özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu
qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
IV İslam
Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının
izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media
nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media
tərəfdaşıdır. "Bakı-2017”nin işıqlandırılmasına agentliyimizin 70-dək
əməkdaşı cəlb olunub.
IV İslam Həmrəyliyi Oyunlarının proqramına
daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı
ilə start verilir. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə
edən su səyahəti mayın 5-də Bakıda başa çatıb.
Prezident İlham
Əliyev Oyunların əhəmiyyətini belə xarakterizə edir: "Bu gün müsəlman
dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə
və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam
Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya
xoşməramlı mesajdır. "İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman
aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini
olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı
olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik
günləri olacaqdır”.
Monitorlarda İslam Həmrəyliyi Oyunları
münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl
təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks
etdirən kadrlar göstərilir.
Suları toplayan 16 uşaq - Həyat
Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev
(Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə
Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə),
Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova
(Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel
Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı
(Sumqayıt) səhnəyə çıxırlar.
Mərasimdə suları toplayan 16 uşaq -
Həyat Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev
(Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə
Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə),
Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova
(Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel
Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı
(Sumqayıt) səhnəyə çıxırlar.
Onlar mis səhənglərdəki suları
səhnənin mərkəzindəki böyük siniyə boşaldırlar. Bu zaman uşaqların
arxasında pirotexniki şəlalə çağlamağa başlayır.
Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatır.
Və
bununla da atletlərin paradı başlayır. Hər bir komanda stadiona öz
ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olur. İdmançıları
əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edir.
Nəhayət,
stadiona Müslüm Maqomayevin məşhur "Azərbaycan” mahnısının sədaları
altında ev sahibi - Azərbaycan komandası daxil olur. Ölkəmizi Oyunlarda
425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu
Rəfael Ağayev aparır. İdmançılarımızın tribunaların önündən keçidi Natiq
Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançılarını hərarətlə salamlayırlar.
Stadiona
İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi
başlayır. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və
mükafatçıları gətirirlər. Onların arasında Sidney, Barselona, Pekin,
Afina Olimpiya Oyunlarının çempionları - Namiq Abdullayev, Nazim
Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və
başqaları var.
Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının
bayrağını Azərbaycan bayrağının yanında qaldırırlar. Bayraqlar yan-yana
dalğalanmağa başlayır.
İdmançılar və hakimlər adından Oyunların
qərəzsiz, ədalətlə keçirilməsi üçün taekvandoçu, "Rio-2016” Olimpiya
Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, "Afina-2004”
Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Fuad Aslanov and
içirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oyunları açıq elan edir.
Stadionu alqış səsləri bürüyür. Atəşfəşanlıq başlayır və gecə səmasında fişənglərin yazdığı "Bakı-2017” sözləri bərq vurur.
Möhtəşəm
və bənzərsiz, dərin mənalı açılış mərasimi "Sülh” səhnəsi ilə başa
çatır. Tamaşaçı bu hekayənin başladığı məkana – sakit Filarmoniya bağına
qayıdır.
Mina ürəkdolusu sevinclə babası ilə görüşür. Yeni əldə
etdiyi biliklərinə görə babasına təşəkkür edən qızcığaz öz bələdçi
dostunu – çərpələngini yeni səyahətə yollayır ki, bütün dünyaya sülh və
harmoniya yaysın. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlanır.
Fərhad Bədəlbəylinin "Dəniz” əsərinin sədaları altında tamaşaçılar Mina və onun babası ilə vidalaşırlar.
Mərasim
Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm
atəşfəşanlıqla bitir. Fikrət Əmirovun "Azərbaycan” kapriççiosu
səsləndirildiyi zaman stadion üzərində səma əlvan rənglərə boyanır.
Rəngbərəng fişənglər Bakı bulvarı boyunca Xəzər sularını nura boyayır.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,"Bakı 2017” İslam Həmrəyliyi
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Açılış
mərasimindən nitqini oxumaq üçün klikləyin.
İslam
Əməkdaşlıq Təşkilatının baş katibi D. Yusif bin Əhməd Əl-Osayminin
"Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən nitqini
oxumaq üçün klikləyin.