
Avropa
Armrestlinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi
Federasiyasının prezidenti Cəsarət Əhmədov AQGF nümayəndələrinə, klub
rəhbərlərinə, məşqçilərə və idmançılara müraciət edib.
Premyer.az müraciəti olduğu kimi diqqətinizə çatdırır:
"Məlum olduğu
kimi, bu gün bütün dünya ölkələrində idmanda dopinq vasitələrindən və
metodlarından istifadəyə qarşı mübarizə tədbirləri getdikcə
gücləndirilir. O cümlədən, Azərbaycanda da bu istiqamətdə müvafiq
addımlar atılır və artıq yeni qanun layihəsinin hazırlanması da buna
daha bir sübutdur.
Bununla belə hesab edirəm ki, dopinq
vasitələrindən istifadəyə qarşı mübarizə tədbirləri daha çox məhz idman
federasiyaları və əlbəttə ki, ilk növbədə bu qurumların rəhbərləri
tərəfindən həyata keçirilməlidir. İdmanımızın və idmançılarımızın bu
bəladan qorunması da ilk növbədə məhz federasiya rəhbərləri, məşqçilər
və bu sahədə çalışan digər məsul şəxslər tərəfindən təmin olunmalıdır.
Etiraf edim ki, son vaxtlara qədər şəxsən mən rəhbərlik etdiyim
Azərbaycan Qol Güləşi Federasiyasında belə bir problemin olmadığına əmin
idim. Lakin son dünya çempionatında yer almış bəzi məqamlar bunu deməyə
əsas verir ki, federasiyamızın bəzi idmançıları və hətta rəhbər
vəzifəli şəxsləri də onlara göstərilən etimaddan sui-istifadəyə yol
vermiş, ucuz şöhrət və saxta nailiyyət naminə federasiyamızın və
ümumilikdə idmanımızın adına ləkə gətirə biləcək addım atmışlar.
Belə ki, Qazax rayonu "Bioman” idman klubunun təmsilçisi Qismət
Vəkilovun Qol Güləşi üzrə 38-ci dünya çempionatının gedişində qadağan
olunmuş kimyəvi maddələrdən, dopinq vasitələrindən istifadə etdiyi
müəyyən olunmuşdur. Təbii ki, bu faktla bağlı araşdırma aparılacaq və
Qismət Vəkilova qarşı Ümumdünya Antidopinq Komitəsi tərəfindən müəyyən
sanksiyalar tətbiq olunacaqdır. Həmçinin Dünya Armrestlinq
Federasiyasının son konfransının gedişində qəbul olunmuş qərara əsasən
dopinq vasitələrindən istifadə etdiyi müəyyənləşdirilmiş idmançının
məşqçisi də həmin idmançı ilə eyni müddətə idmandan kənarlaşdırıla
bilər.
Təbii ki, Azərbaycan Qol Güləşi Federasiyasının rəhbərliyi də
bu baş verənlərə göz yuma bilməz. Mən hər zaman bütün idmançılarımıza
demişəm və indi bir daha təkrar edirəm: bu yolla əldə olunan medallar nə
bizim dövlətimizə, nə xalqımıza, nə də federasiyamıza lazım deyil! İlk
növbədə ona görə ki, dopinq vasitələrinin qəbulu insana Allah tərəfindən
bəxş olunmuş ən gözəl neməti, onun sağlamlığını əlindən alır, insan
bədəninə bərpa olunmayacaq ziyan vurur. Digər tərəfdən də, dopinq
vasitələrindən istifadə etməklə yüksək yer tutan, medal qazanan
idmançılar digər idmançıların da haqqlarına girmiş olurlar. Bu isə,
tamamilə yolverilməz haldır.
Həmçinin məndə olan məlumatlara görə,
bəzi yaramaz və şərəfsiz insanlar bu kimi məqamlarla bağlı Azərbaycan
Qol Güləşi Federasiyasının rəhbərliyinin adını da hallandırmaqdan
çəkinmir, guya ki, müəyyən hallarda rəhbərlik tərəfindən idmançıların
dopinq qəbul etmələrinə göz yumulduğu barədə əsassız iddialar irəli
sürürlər.
Mən Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti
və Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti olaraq bir daha tam
məsuliyyətlə bəyan edirəm ki, tutduğum hər iki vəzifənin mənə verdiyi
səlahiyyətlər çərçivəsində indiyə qədər idmanda dopinq vasitələrindən və
metodlarından istifadəyə qarşı hər zaman mübarizə aparmışam və bundan
sonra da bu mübarizəni qətiyyətlə davam etdirəcəyəm.
Ayrıca olaraq,
federasiyamızın bütün idmançılarının və məşqçilərin diqqətinə bir daha
çatdırmaq istəyirəm: dopinq vasitələrindən və qadağan olunmuş kimyəvi
maddələrdən istifadə etdiyi müəyyən olunmuş idmançılar, eləcə də onların
məşqçiləri bundan sonra daha ciddi şəkildə cəzalandırılacaqlar. Həmin
idmançılar heç bir ölkədaxili və beynəlxalq yarışlara, turnirlərə
qətiyyən buraxılmayacaqlar. Bu idmançıların məşq etdikləri klublar və
idman zalları, o cümlədən AQGF Qol Güləşi İdman Mərkəzinin zalı da
daxil olmaqla, federasiya tərəfindən tanınmayacaq.
Biz hər zaman yalnız düzgünlüyün, ədalətin və sağlam rəqabətin tərəfdarı olmuşuq və bundan sonra da belə davam edəcək!"
Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti C.M. Əhmədov