» » » Rövşən Xəlilov: "Bir az əzələ çıxardan kimi, məşqçi olub zallarda iş axtarırlar" (MÜSAHİBƏ, FOTOLAR, VİDEO)

Rövşən Xəlilov: "Bir az əzələ çıxardan kimi, məşqçi olub zallarda iş axtarırlar" (MÜSAHİBƏ, FOTOLAR, VİDEO)

Rövşən Xəlilov: "Bir az əzələ çıxardan kimi, məşqçi olub zallarda iş axtarırlar" (MÜSAHİBƏ, FOTOLAR, VİDEO) Son illər ölkəmizdə geniş yayılmış idman növlərindən biri də Pauerliftinqdir.  Pauerliftinq nədir və bu idman növü ilə hər bir kəs məşğul ola bilər mi? Nəyə görə gənclərimiz pauerliftinqə belə həvəs göstərirlər? Bütün bu suallara cavab tapmaq üçün, Mas-Wrestling və pauerliftinq üzrə 17 qat Azərbaycan çempionu, dünya və Avropa çempionu, Azərbaycan rekordçusu Rövşən Xəlilova müraciət etdik.  26 yaşlı idmançı və məşqçi suallarımızı məmnuniyyətlə cavablandırdı.

MÜSAHİBƏ:

-          Ümumiyyətlə pauerliftinq nədir?
-         Pauerliftinq güc idman növlərinə aid – ağırlıq qaldırma idman növüdür. Pauer – güc, liftinq isə - qaldırmaq deməkdir. Yəni, sadə dillə desək, öz gücünlə ən ağır çəkini qaldırmağa çalışan bir idman növüdür. Pauerliftinqi üç əsas hissəyə bölmək olar: ağırlıqla oturub - qalxmaq (Squat), uzanaraq  ağırlığı sinədən yuxarıya qaldırmaq (Benc press) və ağırlığı yerdən qaldırmaq (Dedlift).
 
-          Pauerliftinqlə  məşğul  olmağa  necə  qərar  verdin?
-         Mən uşaqlıq illərimi və gəncliyimin ilk illərində sərbəst güləş və sambo ilə məşğul olmuşam. Hər zaman göstəricilərimə görə məşq yoldaşlarımdan fərqlənmişəm. Sambo üzrə gənclər arasında 52 kg çəki dərəcəsində Respublika üçüncüsü olmuşam. Sonradan zədə üzündən idmandan uzaqlaşmalı oldum. Bir az fasilə verdikdən sonra ağırlıq qaldırma və fitnes üzrə idman klubuna yazıldım. Bir neçə aya öz fiziki gücümü bərpa etdim. Həmin ərəfədə o zalda işləyən Samir adlı bir müəllim tərəfindən belə bir idman növünün olduğunu və bu yaxınlarda yarış olacağı haqda məlumat aldım. Məndə bu idman növünə qarşı böyük maraq yarandı. Və ilk yarışdaca mən uğur qazandım. Daha sonra öz çəki dərəcəmdə Azərbaycan çempionu olmaqla yanaşı, həm də Azərbaycan rekordunu təzələdim. Beləliklə də bu idman növü mənim həyat tərzim oldu. İdmansız keçən hər bir gün mənə maraqsız gəlir artıq.
 
 -          Peşəkar arenadakı uğurların haqqında bir az məlumat verərdin..
-         Uğurlarım haqda onu deyə bilərəm ki, mən poverliftinq və güc idman növlərindən olan Gir qaldırma və Mas vrestlinq üzrə 17 dəfə Azərbaycan çempionu olmuşam. 2013-cü ildə Poverliftinq İPA versiyası üzrə Avropa çemionu olmuşam. 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən açıq Türkiyə çempionatının və "Boğaziçi Kuboku”nun qalibi olmuşam. Həmin yarışda mütləq çempion olaraq (həm yerdən qaldırma, həm sinədən qaldırmada), kubokla təltif olunmuşam.
 
2016-cı ildə Qafqaz dövlətləri arasında keçirilən Qafqaz çempionatının qalibiyəm. Həmin yarışda poverliftinqin həm yerdən qaldırma, həm təchizatlı və təchizatsız sinədən qaldırma növlərində çempion olmuşam və beləliklə də yarışın mütləq çempionu olaraq, kubokla təltif olunmuşam.
 
Bundan başqa, 2016-cı ilin may ayında Gürcüstanda keçirilən Poverliftinqin GPA və iPSU versiyaları üzrə çempion olan idmançılar arasında keçirilən Dünya Kubokunun super finalında iştirak etmişəm və həm yerdən qaldırma, həm sinədən qaldırma (təchizatlı və təchizatsız) növlərində qalib olmuşam. 67,5 kg çəki dərəcəsində yerdən qaldırmada 230 kg, təchizatlı sinədən qaldırmada tək qatlı təchizatla 200 kg, təchizatsız sinədən qaldırmada isə 162,5 kg nəticə ilə Dünya Kubokunun super finalının qalibi olmuşam. Beləliklə də adımı mütləq çempionların sırasına yazdırmağı bacarmışam. Buna görə Allaha şükr edirəm.
 
-          Pauerliftinqlə yeni məşğul olmağa başlayanlara  məsləhətin?
-         Məsləhətim odur ki, hər zaman məsləhət alsınlar. Məsləhət almaq – insanı hər zaman ucaldar. Məşqlərə gəlincə - peşəkar məşq yoldaşınız və ya məşqçiniz olmasa, ağırlıqlarla məşq etməyin. Bütün idman növlərində olduğu kimi, ağırlıq idmanlarında da texnika var və texnikanı öyrənmək lazımdır. Daha sonra tələsmədən, yavaş-yavaş ağrlıqları qaldırmağa başlamaq lazımdır. Bundan sonra yarışlara da hazırlaşmaq olar.
 
Bu işdə tələsmək olmaz. Şərt o deyil ki, bir neçə aya istəyinizə çatasınız. Əsas odur ki, bir neçə il gec də olsa, sağlam şəkildə nəticə qazanasınız. Bu idman növünün digər idman növlərindən fərqi ondadır ki, gərək "mən çemion oldum”, "mən çempionam” deməyəsən. Önəmli olan – qaldırdığın ağır çəkilərlə insanları, məşqçiləri, tamaşaçıları heyrətləndirməkdir.  Boş-boş danışıb, "mən çempionam” demək kifayət etmir. Əsas nəticə - qaldırdığın kilolardır.
 
-          Bu idman növündə yaş həddi var mı?
-   Bəli, var. Fiziki göstəriciləri də nəzərə almaq şərtilə, bu idman növü ilə 16-17 yaşdan etibarən məşğul olmaq olar.
 
-          Pauerliftinq idman növündə son zamanlar fitnes və bodibildiqdəki kimi fərdi məşqçilərin sayı artıb və əksər hallarda da bu məşqçilər peşəkar yox, həvəskardılar. Bu haqda nə deyə bilərsən?
-   Bəli, bizim idmanda da fərdi məşqçilər var. Məsələn bizim kimi professional idmançıların da məşqçiləri olub və olmalıdır da. Yığma komandamızın baş məşqçisi Şəmsi Bayramovdur. Fürsətdən istifadə edib, Premyer.az saytı vasitəsi ilə ona salam və dualarımı çatdırıram.
 
Fərdi məşqçilərə gəlincə, poverliftinqdə də həm peşəkar, həm həvəskar məşqçilər var. Maraqlısı isə odur ki, həvəskarlar, heç yerdə adı olmayan, heç bir yarışda çıxış etməyənlər, bu sahədə mənəm-mənəm deyirlər.
 
Mən hər zaman hər kəsə uğurlar arzu etmişəm. Amma mən heç vaxt razı ola bilmərəm ki, bu sahəni asan bir iş sahəsi etsinlər. Bir az əzələ çıxardan kimi, məşqçi olub zallarda iş axtarırlar. İndi demək olar ki, məşq edənlərdən çox, məşqçilər var. Bir daha təkrar edirəm, bu idman növünü peşəkarlardan öyrənmək lazımdır. Hər an onlardan bilmədiklərimizi soruşmaq lazımdır. Məsələn mən özüm Vüqar Verdiyevdən, Teymur Aslanovdan, Vüqar Namazovdan, Şəmsi Bayramovdan, Rüfət Ağayevdən, Samir Məmmədovdan və digər peşəkarlardan hər zaman dəstək almışam və onlara hər zaman məni maraqlandıran suallarımı vermişəm və sual verməkdən utanmamışam. Bilmədiklərimi öyrənmişəm və hal-hazırda da öyrənirəm. Bundan sonra da öyrəncəm.
 
-          Pauerliftinqdə kumirin kimdir?
-   Kumirlərim – bu idman növündə dünya miqyasında yetərincə sözlərini demiş Azərbaycan idmançılarıdır. Mən onlara baxıb həvəs alıram, onlar kimi uğurlar qazanıb, rekordlar qazanmaq istəyirəm. Məsələn federasiya prezidentimiz Ələddin Əliyev kimi, Vüqar Namazov, Rüfət Ağayev, Bəxtiyər müəllim kimi idmançılar bizim fəxrimizdir. Allah onları qorusun və can sağlığı versin.
 
-            Gələcək planların haqqında nə deyə bilərsən?
-          İlk öncə 2017-ci ilin mart ayında keçiriləcək Respublika çempionatında gözəl nəticə ilə çempion olmaq, Azərbaycan rekordunu yeniləmək və 2017-ci ilin oktyabr ayında Bakıda keçiriləcək dünya çempionatında bu uğuru təkrarlamaq istəyirəm. Ən əsas məqsədim isə WPC versiyası üzrə dünya çempionu olmaqdır. İnşallah öz gücümü bu yarışda göstərəcəm.
 
- Müsahibəyə görə təşəkkür edirik. Gələcək karyeranda uğurlar!
- Dəyməz, mən təşəkkür edirəm ki, arada bir peşəkar idmançıları da yada salırsınız..
 
 
Hazırladı: Rauf İskəndərov / Premyer.az
 
 
 


















4639     
Reklam

Reklam