
Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev
sahibliyi etdi. Premyer.az bildirir ki, sayca 9-cu dəfə keçirilən və ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq
turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı
digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması
idi. Belə ki, bu yarışda 49 ölkədən 500-ə yaxın iştirakı paytaxtımıza
təşrif buyurmuşdu.
Güləş üzrə ölkə yığma komandalarımız həmişə
olduğu kimi bu dəfə də öz inamlı çıxışları ilə yadda qaldı. Belə ki, hər
üç növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırdı.
Yarışın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal
olmaqla, ümumilikdə 7 medal qazanıblar. Baş məşqçi əvəzi Firdovsi
Umudovun rəhbərliyi altında məşqçilər korpusunun əsasən gənc güləşçilərə
şans verdiyini nəzərə alsaq nəticəni qənaətbəxş hesab etmək olar. Qızıl
medalları yığmamıza Giorgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov
(61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Yalnız final görüşündə
uduzan Gitinomaqomed Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc
medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbek
Alborovun (97 kq) payına düşüb.
İkinci yarış günündə mübarizə qoşulan qadın güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla
tamamlayıb. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər
korpusu da heyətə daha çox gənc güləşçiləri daxil etmişdi. Qadın
güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib.
Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzub və gümüş medalla
kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və
Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən
Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal
görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.
Son yarış günündə yunan-Roma güləşiləri arasında qaliblər
müəyyənləşib. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər
korpusunun heyətə daxil etdiyi güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal
olmaqla ümumilikdə 7 medal qazanıb. Qızıl medalları yığmamıza Həsən
Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan
Nəzəriani (130 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Elvin
Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə
Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb.
9
ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların
sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-nin əyarı isə
bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla
ümumilikdə 31 medal qazanıb. Yunan-Roma güləşçilərimizin 9 ildə
qazandığı medalların sayı isə 75 oldu. Onlardan 28-i qızıl, 19-u gümüş,
28-i isə bürünc əyarlıdır.
Ötən illərdə keçirilən ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran
Pri" beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda
görürük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu
ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü
ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal
qazanılıb. 2016-cı il də daxil olmaqlar qazanılan ümumi medalların sayı
192 edir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlıdır.