Premyer.Az > Əsas xəbərlər / Manşet > İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə virtual səyahət təşkil edildi - FOTO

İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə virtual səyahət təşkil edildi - FOTO

21 may 2021-ci il tarixində Sosial İş və Sosial Media Platforması İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə zoom proqramı vasitəsilə muzeyə virtual səyahət təşkil etdilər.
 
Onlayn formatda keçirilən görüşdə Sosial İş və Sosial Media Platformasının rəhbəri Kamran Muradov, Layihənin rəhbəri Billurə Hüseynova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı çıxışlar etmiş, media nümayəndələri, xarici qonaqlar və gənclər iştirak etmişlər.
 
Tədbiri giriş sözü ilə açan platformanın rəhbəri Kamran Muradov ilk öncə, hər kəsi salamlayaraq, platformanın işi və fəaliyyət prinsipləri barəsində məlumat verdi və bütün iştirakçılara uğurlar arzuladı.
 
İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə virtual səyahət təşkil edildi - FOTOLayihə rəhbəri və ideya müəllifi Billurə Hüseynova öz layihəsi barəsində çıxış edərək, bildirdi ki, bu layihə İsmayıllı rayonunun 90 illik yubileyi çərçivəsində keçiriləcək silsiləvi tədbirlərin ilk təlimidir və bu təlim Beynəlxalq Muzeylər Gününə həsr olunub. İrəlidə isə, Billurə Hüseynovanın " İsmayıllı -90 " adlı çoxsaylı tədbirlərinin təşkil olunacağı və bu tədbirlər silsiləsinin il boyunca davam edəcəyi gözlənilir.
 
Daha sonra, muzeyin direktor vəzifəsini müvəqqəti icra edən Ramiz Nuriyev və muzeyin kiçik elmi işçisi Günay Əsədova İsmayıllı rayonunun tarixi keçmişi, İsmayıllı rayon Tarix- Diyarşünaslıq Muzeyi və eksponatlar haqqında iştirakçılara məlumat vermişlər. İlk öncə, muzeyin girişində, foyedə yerləşən möhtəşəm rəsm əsəri diqqəti cəlb edir. 3629 metr hündürlükdə olan Babadağ zirvəsinin təsviri bu sənət əsərində olduqca canlı və əzəmətli görünür. Muzeyin girişində Ümummilli lider Heydər Əliyev guşəsi, 1941-1945-ci illəri əhatə edən müharibə veteranları guşəsi fəaliyyət göstərir. Belə qəhrəmanlardan biri isə, İsmayıllının fəxri Bagir Məmməd Səməd oğludur. O, hətta, partizan dəstələrinin iştirakının təşkilinə görə İtaliyanın milli qəhrəmanı adına layiq görülmüşdür.
 
Rayon ərazisində aşkar edilən arxeoloji tapıntılar, qədim əmək alətləri, silah və sursatlar, bugünümüzədək qorunub saxlanılan ilk ibtidai insanların maketləri, ilk daş alətlər, müxtəlif fiqurlar, e.ə.III-I-ci əsrlərə aid gil qablar, şüşə lampalar və digər bir-birindən zəngin eksponatlar bu əvəzsiz mədəniyyət ocağında mühafizə olunur və yüksək səviyyədə təbliğ edilir.
 
Çox maraqlı eksponatlardan biri də , eramızdan əvvəl III-I-ci əsrlərə aid kərə yağı eksponatıdır. Bu eksponat rayonun Mollaisaqlı kəndində yaşayış evlərinin birində saxsı küpün içərisindən tapılıb və əsrlər keçməsinə baxmayaraq, hələ də korlanmamışdır. Küpün içində yağ eksponatı öz unikallığı ilə seçilir və o dövrün antik mədəniyyətini, həyat tərzini özündə əks etdirən bir eksponatdır. 2700-dən çox qədim və zəngin əşyaların saxlanıldığı bu möhtəşəm mədəniyyət ocağında gil, tunc, dəmir əşyalar, xalq tətbiqi sənəti nümunələri, kənd təsərrüfatı, geyim və məişət əşyaları, toxuculuq və digər nümunələr görmək mümkündür. Tuncdan hazırlanmış muncuqlar, qədim zinət əşyaları diqqəti cəlb edir. Burada sərgilənən bir çox qadın bəzək əşyaları qızıldan və gümüşdən hazırlanmışdır. Basqal qəsəbəsi bildiyimiz kimi, ipəkçiliyin mərkəzi sayılır. Burada geyim əşyaları və toxuculuq bölümündə butalı və sadə ağ və qara, eləcə də, rəngli Basqal kələğayı nümunələri, pərdə başlıqları, qədim xurcun, daraq qabı, filmlərdən və nağıllardan bizə tanış olan qədim çarıqlar, qədim xalçaçılıq nümunələri, toxucu alətlər, xalça qayçısı, iplərin kipləşdirilməsi üçün istifadə olunan qədim həvə və digər nümunələri görmək mümkündür.
 
Muzeyin numizmatika bölümündə dəmir pullar, eləcə də, kağız pullar və AXC dövrünün pulları olan 50 və 500 manatlıq pul əskinaslarını görmək mümkündür. Bildiyimiz kimi, Lahıc qəsəbəsi ən zəngin mədəniyyət ocaqlarımızdan biridir. Lahıc qəsəbəsi- YUNESCO-nun maddi və mənəvi irs siyahısına daxil edilmişdir və bu qəsəbə sənətkarlığın mərkəzi sayılır. Muzeydə qədim Lahıc misgərlik nümunələri, mis qablar, çəhrə, xana, qədim duluşçuluq və digər nümunələr qorunub saxlanılır. Bir sözlə, İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan hər bir eksponat özündə bir tarix yaşadır.



Geri