Azərbaycanlı jurnalistlər Türkiyədə
"Türkiyə 2020-ci ildə 16 milyon turist qəbul edib. Turist sayı ondan
əvvəlki illə müqayisədə 65 faiz azalıb və bir il ərzində turizm
gəlirləri 12,1 milyard dollar olub”.
Bu barədə Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin
meneceri Mehmethan Kelkit Türkiyədə səfərdə olan azərbaycanlı
jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə pandemiya dövründə Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyi və Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin birgə
proqramı çərçivəsində yerli və əcnəbi turistlərə sağlam turizm xidməti
göstərilir:
"Agentliyin yaradılmasında məqsəd ölkəmizi kənarda tanıtmaqdır. Əslində turizmin inkişafı üçün müxtəlif hədəf proqramlarımız olurdu. Pandemiya dövründə xarici qonaqlarımıza təhlükəsiz və sağlam turizm xidməti göstərilməsini daha da genişləndirdik.
Turizm mərkəzlərimizin sayını artırmaqla, hədəf bazarlarımızı daha
faydalı vəziyyətə gətirməyə çalışırıq. Ən vacibi epidemioloji durumun
ağır olduğu bir vaxtda Türkiyə turizminin xarici qonaqlara açıq olması,
qorunma tədbirlərinin güclü və təhlüksiz qaydada həyata keçirilməsi,
insanların sağlamlığının təminatı üçün lazımi tədbirlərin görülməsidir”.
Agentlik rəsmisi Türkiyə koronavirus pandemiyası və virusun
mutasiyaya uğramış növünün yayılması dönəmində turistlərin ən çox üz
tutduğu ölkələr sırasında yer aldığını bildirib:
"Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi altında dünyanın ilk nümunələrindən biri olan "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı" həyata keçirilir ki, əməkdaşlığa Səhiyyə, Nəqliyyat, Daxili İşlər və Xarici İşlər nazirlikləri qatılıb. Bu qurumlar birgə əməkdaşlıq şəraitində xarici qonaqlara təhlükəsiz və sağlam turizm paketləri təqdim edir.
Azərbaycanlı jurnalistlərin pandemiyada əyani olaraq turizm xidmətimizə şahid olmaları sevindirici haldır”.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Türkiyədə səfərdədir.
Bir həftəlik səfər proqramı ilk olaraq İstanbul şəhərindən başlayıb. Proqram çərçivəsində jurnalistlər Türkiyənin paytaxtı Ankara və ölkənin modern şəhəri olan İzmiri ziyarət edəcəklər.
Alçina Amilqızı, Bizim.Media
Türkiyə, İstanbul şəhərindən.
Geri