
AFFA
yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportmedia.az saytlarının
"Ölkədaxili yarışlar” layihəsi çərçivəsində
ilk yazını təqdim edirik.
Bu yazımızda, ölkəmizdə keçən ildən etibarən keçirilməsinə start
verilən Region Liqası haqqında bəhs edəcəyik.
GİRİŞ
Ölkədaxili
yarışların, konkret olaraq isə Region Liqasının nüfuzu: kəmiyyət, yoxsa keyfiyyət
dalınca? Yəgin ki bir çoxlarımız bu sualı cavablandırmaqda çətinlik çəkirik.
Mövzunun
aktual olduğunu nəzərə alaraq, məsələni geniş bir şəkildə araşdıraraq və
turniri saytımız vasitəsi ilə mütəmadə olaraq işıqlandıraraq, yuxarıda qoyulmuş
suala cavab tapmağı çalışacağıq. Alınıb-alınmadığını isə, Siz, oxucularımız qərar
verəcəksiniz.
Təbii ki,
bunun üçün bir layihə yazısı ilə kifayətlənə bilmərik, çünki mövzu geniş
olduğundan, məsələyə mərhələ-mərhələ yanaşmaq lazımdır.
PROLOQ
İlk yazımızda
turnirin Əsasnaməsi ilə sizləri tanış edirik. İstənilən turnirin uğurlu
keçirilməsi üçün, onun özəyini təşkil edən Əsasnamə hazırlanıb təsdiq edilməlidir.
Aşağıda diqqətinizə çatdırdığımız əsasnamənin nə qədər səmərəli və effektiv
olduğunu isə, ilk mövsüm başa çatdıqdan sonra deyə biləcəyik.
Təsdiqlənmədən
öncə, 5 oktyabr 2017-ci il tarixində "Region Liqası”-nın Əsasnaməsinin
layihəsi Bakı Olimpiya Stadionunda keçirilmiş AFFA-nın İcraiyyə Komitəsinin
iclasında geniş müzakirə edilib. Yekunda isə klubların, futbol mütəxəssislərinin
və AFFA rəhbərliyinin birgə əməyi nəticəsində aşağıda tam mətni verilmiş
Əsasnamə ərsəyə gəlib:
REGİON LİQASININ
ƏSASNAMƏSİ
2017/2018-ci il mövsümü üçün
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət
komandalar arasında keçirilən Azərbaycan Region Liqasının
Əsasnaməsi
1. Əsas müddəalar
Bu qaydalar liqada iştirak edən komandaların və
təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və
məsuliyyətini müəyyən edir.
2. Məqsəd və vəzifələr
2.1 Region Liqası aşağıdakı məqsədlər üçün
keçirilir:
Turnirin qalibini müəyyən etmək
Regionlarda futbola marağın artırılması
Region komandalarının inkişafına dəstək
Region futbolçularının ustalığının yüksəldilməsi
Sağlam həyat tərzinin təbliği
Kütləviliyin artırılması
Mövsümün yekununda komandaların tutduqları
yerlərin müəyyən edilməsi
3. Yarışlara rəhbərlik
Region Liqasının keçirilməsini və nəzarəti AFFA-nın
işçi qrupu (Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər
Komitəsi, Kütləvi Futbol Departamenti, Uşaq və Gənclər üzrə Yarışların
təşkili şöbəsi) həyata keçirir.
4. İştirakçıların müəyyən olunması
Region Liqasında klublara və komandalara iştirak
hüququnu AFFA-nın işçi qrupu verir.
Region Liqasında bir klub bir ad altında
bir komanda ilə təmsil oluna bilər.
Region Liqasında iştirak etmək istəyən komandalar
10.11.2017-ci il tarixinədək AFFA-nın işçi qrupuna müraciət edərək,
qeydiyyatdan keçməlidir. İştirak hüququ ilə bağlı AFFA-nın işçi qrupu
tərəfindən qərar 5 gün ərzində verilir.
5. Futbolçuların Region Liqasındakı
iştirakı
5.1 Sifariş vərəqəsində göstərilməyən və müvafiq
lisenziya almayan komanda üzvləri oyunlar zamanı texniki zonaya buraxılmır.
6. Transfer, icarə və sifariş məsələləri
6.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda
qeydiyyatda ola bilər.
6.2 Hər futbolçu mövsüm ərzində ən çox iki klubda
çıxış edə bilər.
6.3 Mövsüm ərzində peşəkar futbol oynamış oyunçu,
Region Liqasında müvafiq mövsüm ərzində transfer oluna bilməz.
6.3 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və
transferləri aşağıda göstərilmış qaydalar üzrə həyata keçirilməlidir:
a) AFFA-nın işçi qrupu tərəfindən öncədən
müəyyənləşdirilmiş transfer dövründə (Dövrələri arası fasilədə və final
mərhələsindən öncə) klubun əlavə sifariş və transfer etmək hüququna məhdudiyyət
yoxdur.
b) Mövsümün əvvəlində futbolçuya verilən lisenziya
mövsümün sonunadək həmin futbolçunun kluba məxsus olduğunu göstərir.
c) İlkin sifariş və ya transfer zamanı sifariş verən
komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
əvvəlki klubundan azad transfer (və ya icarə
haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı və ya müqavilənin müddəti bitdiyi halda:
əvvəlki klubuna lisenziyasını təhvil verməlidir
və ya lisenziya itirildiyi halda oyunçunun çıxış məktubunu təqdim
etməlidir.
6.4 Bütün təqdim olunan sənədlərə görə klub və baş
məşqçi məsuliyyət daşıyır.
Klub və ya komanda tərəfindən təqdim olunmuş
futbolçuların saxta sənədləri
6.5 Mövsüm ərzində aşağıda göstərilmiş hallar
sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
Doğum haqqında şəhadətnamə
Şəxsiyyət vəsiqəsi
Ümumvətəndaş pasportu
Tibbi arayış
Elektron formatda və ya kağız üzərində təqdim
olunan fotoşəkil (3x4)
Müqavilə
Anket
Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan
lisenziya ilə oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya
iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı,
fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan
lisenziyanın hakimə təqdim olunması və s.
e) Cari mövsümdə peşəkar futbol oynamış futbolçunun
Region Liqasında oynaması
6.6 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam
Komitəsi tərəfindən bu cəzalar tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların
nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən
lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C)
ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq
məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq
uzaqlaşdırılması
e) Komandanın liqadan uzaqlaşdırılması
7. İştirakçı
komandanın öhdəlikləri
7.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər
bir bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı klub və ya komandalar FİFA
tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Klub onu təmsil edən hər hansı bir şəxsin
(futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət
daşıyır.
7.4 Ev sahibi komanda oyun zamanı
stadionda təhlükəsizliyə məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış
meydançanın ərazisini polis əməkdaşları ilə təmin etməlidir.
(Polis olmadan baş hakim oyunu başlaya bilməz)
7.5 Ev sahibi komanda oyunu 6 topla təhciz
etməlidir.
7.6 Təcili Tibbi Yardım maşını oyuna 15
dəqiqə qalmış meydançanın ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını
olmadan baş hakim oyunu başlaya bilməz)
7.7 Ev sahibi komanda bir gün öncə digər
şəhərdən gələn qonaq komanda tərəfindən müraciət olunduğu halda məşq üçün
meydançanı təmin etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı
halda qonaq komanda məşq üçün meydançanı bir saatdan artıq müddətə tələb edə
bilməz.
7.8 Hər klub və ya komanda əlaqələndirici şəxs
təyin etməlidir və onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş
vərəqəsində əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və,s.
göstərilməlidir.
Oyun forması ilə bağlı qaydalar:
7.10 Forma seçimində üstünlük ev sahibi
komandaya verilir.
7.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi
olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında
qoruyucular (şitki) olmalıdır.
7.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu
futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın
işçi qrupuna məlumat verməli və razılaşdırmalıdır.
8. Yarışın keçirilmə sistemi
8.1 "Region Liqası” 3 zona üzrə təşkil olunacaq.
(Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb)
Naxçıvan MR-da təşkil olunan Region Liqası 4-cü
zona olaraq qəbul edilmişdir.
1-ci mərhələ: paytaxt və şimal; cənub və mərkəz,
şimal-qərb və qərb zonaları üzrə hər zonada 4 və ya 5 komanda olmaqla 2
qrup üzrə 4 dövrədən ibarət dairəvi sistemlə təşkil olunacaq.
Zona üzrə qalibi müəyyənləşdirmək üçün neytral
meydanda qrup qalibləri arasında 1 oyun olmaqla play-off oyunu təşkil
olunacaq və qalib komanda Region Liqasının 1/2 final mərhələsinə
vəsiqə qazanacaq.
1/2 final mərhələsinə hər 3 zonanın qalib
komandası və eyni zamanda Naxçıvan MR-in qalib komandası vəsiqə qazanacaq.
Oyunlar neytral meydanda 1 oyun olmaqla təşkil olunacaq. Final və
3-cü yer uğrunda oyun neytral meydanda 1 oyun olmaqla təşkil
olunacaq.
8.2 Qrup mərhələsində qaliblərin müəyyən olunması:
Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir)
xal verilir. Məğlubiyyətə
görə
isə xal verilmir
Komandaların xalları bərabər olarsa, turnir
cədvəlindəki sıralama aşağıdakı
göstəricilərə
görə müəyyən olunur:
Komandaların öz aralarında keçirdikləri oyunların
xallarına əsasən
Komandaların öz aralarında keçirdikləri oyunlarda
vurulmuş və buraxılmış
qolların
sayına əsasən
Komandaların öz aralarında səfərdə vurulan
qolların sayına əsasən
Bütün oyunlarda vurulmuş və buraxılmış topların
fərqinə görə
Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
Komandaların qələbə saylarına əsasən
Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış
xalların fərqinə əsasən (sarı vərəqə
1
xal, qırmızı vərəqə 3 xal)
Komandalar arasında qalibi müəyyənləşdirmək üçün
oyunun təşkil olunması
8.3 Region Liqasının oyunları həftənin şənbə və bazar
günləri keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən
təyin oluna bilər.
8.4 AFFA-nın işçi qrupu hər ayın əvvəli liqanın aylıq
təqvim planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna
(e-mail) göndərəcək. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə saatları
göstəriləcək. Hər bir klub və ya komandanın ələqələndirici şəxsi ay ərzində hər
hansı turun ilk oyununun başlamasından ən azı 4 gün öncə oyunun keçirilmə yeri
və ya saat dəyişikliyi ilə bağlı müraciət edə bilər. Müraciətlər yalnız yazılı
şəkildə və səbəbi göstərilmək şərti ilə qəbul olunacaq
8.5 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun
keçirilmə yeri, tarixi və ya saat dəyişikliyi ilə bağlı müraciət AFFA-ya daxil
olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat dəyişilməz
olaraq qalacaq və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya komandanın
əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail) göndəriləcək. Oyun günü və
yeri dəyişilməz qaldığı təqdirdə saat dəyişikliyi ilə bağlı müraciət oyuna ən
gec 2 gün qalmış edilməlidir.
8.6 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə
müəyyən olunur. Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqə,
hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. Oyunlarda əvəzetmə oyunun
protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Hər komanda 5
əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda protokolu əvvəl doldurur.
Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun (11 əsas, 7 ehtiyat) adı və
soyadı yazılır.
8.7 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış
oyun keçirilən meydançaya gəlməlidirlər. Komandalar oyunun başlanmasına 45
dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını
və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim
etməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə qeyd olunan komanda ev
sahibi hesab edilir.
9. Meydança
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş
meydançalarda keçirilir. Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı
təminat məktubunu AFFA-ya təqdim etməlidirlər. AFFA meydançanı yoxlamağa
ehtiyac gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə
verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər. Bir
meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var. Meydança ilə
müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan istifadəsinə icazə
veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul olunmayacaqdır.
9.2 Fors-major hallarda komanda meydançanı
dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
9.3 Meydançada standartlara uyğun iki qapı
olmalıdır.
10. Oyunun
təşkili
10.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
10.2 Təqvimə uyğun olaraq adı birinci
yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə
oyun keçirilən meydançaya gəlməlidirlər. (Fors – major hallarına rast
gəlinərsə, komanda bu haqda təcili AFFA-nın işçi qrupuna məlumat verməli və
AFFA-nın işçi qrupu bu halları araşdırıb müvafiq qərar verməlidir.)
10.4 Yalnız 6 rəsmi şəxsin və 7
futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
10.5 Ev sahibi komandanın 6 rəsmi
şəxsindən biri mütləq həkim olmalıdır.
10.6 Texniki zonada siqaret çəkmək qadağandır.
10.7 Komandalar oyunun başlamasından 45 dəqiqə
öncə protokola nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını
yazmalı və futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər.
Oyundan əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu
başlamamalıdır.
11. Oyun
qaydaları
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına
əsasən keçirilir.
12. Oyun
zamanı futbolçuların əvəzlənməsi
12.1 Oyun ərzində hər komanda 5 əvəzetmədən istifadə
edə bilər.
12.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu
ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə
hərəkətləri etmək üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi
oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara
göstərir. İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun
vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni vaxtda isinmə hərəkətləri
edəcək oyunçuların sayını müəyyən etmək hüququna malikdir.
13. Oyunun
protokolu
13.1 Oyundan öncə hər komanda oyunun protokolunu
doldurmalıdır.
13.2 Protokolda futbolçunun adı, soyadı,
doğum tarixi və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun
zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri
yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən
imzalanmalıdır.
13.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular
oyuna başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların
futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun
gəlməlidir.
13.4 Komandalar oyundan ən azı 45 dəqiqə öncə
protokolu baş hakimə təqdim etməlidirlər.
13.5 Hakimlər briqadası oyundan öncə protokolda
göstərilən bütün şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən
komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik
olmalıdır. Lisenziyada aşağıdakılar əks olunur:
Lisenziyanın nömrəsi
Komandanın adı
Şəxsin adı, soyadı, atasının adı
Fotoşəkil
Təvəllüdü
13.6 Əgər oyunun protokolu tələb olunan vaxtda
hakimlərə təqdim olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən
baxılacaqdır.
13.7 Yalnız ehtiyat futbolçu kimi göstərilən 5
nəfər oyun zamanı meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu
meydançaya bir daha qayıda bilməz.
14. Oyun protokolunda
futbolçuların adlarının yerdəyişməsi
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun
protokolu hakimə təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda
dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
Əgər ilk 11-likdə göstərilən hər hansı
futbolçunun oyundan öncə fiziki
durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan
biri
ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 5
əvəzetmə
ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
Əgər oyun protokolunda göstərilən 7 ehtiyat
futbolçudan hər hansı birinin
fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir
futbolçu ilə əvəzlənə bilər.
15. Oyunlarda
iştirakdan imtina
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina
edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina
edərsə, turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan
komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
16.
Oyunların təxirə salınması
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun
təxirə salınması
16.1 Əgər ev sahibi komanda meydançanın oyuna
yararsız vəziyyətdə olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə
çıxmadan öncə dərhal AFFA-nın işçi qrupunu məlumatlandırmalıdır.
Bu halda:
AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz
nümayəndəsini göndərə bilər
AFFA meydançanın vəziyyətini əks etdirən
fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb
edə bilər
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra
oyunun təxirə salınması
16.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə
bağlı hakimlər qərar verəcək.
16.3 Əgər baş hakim oyunun keçirilməsi üçün
meydançanın yararsız olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində
AFFA-nın işçi qrupu komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə
tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz qalır.
16.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə
görə dayandırılarsa, AFFA-nın işçi qrupu klub və ya komandalarla
razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun dayandırıldığı
vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
16.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün
hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
16.6 Meydançanın yararsız vəziyyəti ilə bağlı
ardıcıl olaraq 2 oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı
təmin etməlidir.
16.7 Aşağıda göstərilən hallarda klub və ya
komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
Meydança yararsız vəziyyətdə olduğu halda
17. Hakimlik
və İnspeksiya
17.1 Oyunları Hakimlər Komitəsi tərəfindən təyin
edilmiş hakimlər briqadası idarə edir və hakimlik FİFA qaydaları əsasında
həyata keçirilir. Hakimlər Komitəsi Region Liqasının oyunlarına 4 nəfərdən
ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1 ehtiyat
hakim)
17.2 Hakimlər briqadası oyundan 90 dəqiqə əvvəl oyunun
keçiriləcəyi yerə gəlməlidir.
17.3 Hakimlər briqadası 60 dəqiqə öncə gəlib,
meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalı, təhlükəsizlik əməkdaşları,
Təcili Tibbi Yardım nümayəndəsi, klub nümayəndələri və hakimlərlə birgə iclas
təşkil etməlidir.
17.4 Baş hakim oyunun keçirilməsinə cavabdeh
olan şəxslərdən tələb etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları
oyunun başlamasına kimi həll etsin.
17.5 Protokollar oyundan sonra 30 dəqiqə ərzində
tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
17.6 Baş hakim oyunun protokoluna adı daxil edilmiş
futbolçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş
futbolçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək
baş hakimdə qala bilər.
17.7 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi
ilə əlaqədar xahiş qəbul olunmur.
18. AFFA
intizam qərarları
18.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi
tərəfindən baxılır. Futbolçular İntizam Komitəsinin qərarları əsasında
cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı
bütün qərarları İntizam Komitəsi qəbul edir.
Sarı və
qırmızı vərəqələr
18.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu
cəzasını tam çəkmədiyi halda, bu cəzanın qalan hissəsi (istisna hallardan
başqa) cari mövsümə tətbiq olunmur.
İstisna hallar;
Ciddi dava-dalaşa görə verilən cəzalar,
Oyun epizodundan kənarda baş verən xüsusi
münaqişələr zamanı verilən cəzalar.
18.3 Sarı və qırmızı vərəqələrə görə öhdəlik
klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə,
məsuliyyəti komanda daşıyır.)
18.4 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında
İntizam Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
18.5 Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin
çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda
növbəti oyunu (oyunları) buraxacaqdır.
18.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq
dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
18.7 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz
qüvvəsində qalır.
18.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi
tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan
futbolçularının cəzaları qüvvədə qalır.
18.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi
tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan
futbolçuları cəza çəkmiş hesab olunur.
18.10 Ciddi dava – dalaş, hakimə qarşı aqressiv
davranış, xüsusi münaqişələr zamanı istisna hal olaraq AFFA-nın işçi qrupu
komandanı liqadan uzaqlaşdırmaq hüququna malikdir.
19.
Protestlər
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu
barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda
öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun
baş hakimi, yan xətt hakimləri AFFA-nın işçi qrupuna öz izahatlarını
göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24
saat ərzində AFFA-ya çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
11 metrlik cərimə zərbələrinin təyin olunması
11 metrlik cərimə zərbələrinin təyin olunmaması
Oyundankənar (off-side) vəziyyətin müəyyən
edilməsi barədə
Topun qapıdan keçib-keçməməsi barədə
19.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda
3 gündən gec olmayaraq apellyasiya verə bilər.
20.
Mükafatlandırma
20.1 Region Liqasında ilk 3 yeri tutan komandaların
futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc
medallarla, AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunur.
20.2 Region Liqasında ilk 3 yeri tutan komandalar pul
mükafatı təqdim olunur. 1-ci yer 10.000 (on min) AZN, 2-ci yer 5000 AZN (beş
min), 3-cü yer 2000 AZN (iki min)
20.2 Mövsümün sonunda liqanın ən məhsuldar
oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə
mükafatlandırılır.
21. Mətbuat
21.1 Oyunun işıqlandırılması üçün (video və foto
çəkilişin aparılması) mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən
müvafiq şərait yaradılmalıdır.
22. Reklam
Lövhələri və aksiyaları
22.1 AFFA tərəfindən təqdim olunan reklam banerləri ev
sahibi tərəfindən meydançaya təqdim olunan sxem üzrə yerləşdirilməsi təmin
olunmalıdır.
22.2 Komanda hər hansısa reklam baneri yerləşdirmək
istədiyi halda, AFFA ilə razılaşdırmalıdır.
EPİLOQ
Əsasnamənin
həcmi yetərincə böyük olduğundan, ilk yazımızda onun detallarının müzakirəsini
aparmayacağıq.
Əsasnaməni
tam şəkildə yayımlamaqda məqsədimiz isə – növbəti turnirdə iştirak etmək istəyən
komandaların (əsasən də bölgə təmsilçilərimizin) turnirin keçirilmə qaydaları
ilə yaxından tanış olaraq, yarışa əsaslı bir şəkildə hazırlaşmalarına şərait
yaratmaqdır.
Daha
yüksək və professional liqalara keçid üçün, bir növ tramplin xarakteri daşıyan
Region Liqasının həvəskar klubların, bölgə təmsilçilərinin və ümumilikdə Azərbaycan
futbolunun inkişafına təkan verəcəyi ümidi ilə, növbəti yazımızda görüşənədək...
p.s.
Yazıdakı mütəxəssis fikirləri sayt redaksiyasınınn bu mövzü ilə əlaqədar olan
fikirləri ilə üst-üstə düşməyə bilər.
Rauf
İskəndərov / Premyer.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.