Premyer.Az » Xəbərlər » Əsas xəbərlər » Tamaz Tsetskhladze: "Səbail"də ən yaxın dostlarım bu futbolçulardır.." (MÜSAHİBƏ, FOTOLAR)

Tamaz Tsetskhladze: "Səbail"də ən yaxın dostlarım bu futbolçulardır.." (MÜSAHİBƏ, FOTOLAR)

Premyer.az saytının "Onları tanıyaq" rubrikasının növbəti qonağı - "Səbail" futbol klubunun gürcüstanlı legioneri Tamaz Tsetskhladzedir.
 
20 yaşlı müdafiəçi müxbirimizin suallarını məmnuniyyətlə cavablandırıb.
 
Qeyd: Müsahibənin alınmasında saytımıza dəstək olan "Səbail” FK-nın mətbuat katibi Törə xanım Əhmədovaya öz təşəkkürümüzü bildiririk.
 
M Ü S A H İ B Ə

-         İlk öncə bir şeyi dəqiqləşdirmək istərdim. Sənə necə müraciət etməyimizi istərdin?
-          Gürcüstanlı dostlarım məni Tazo deyə çağırırlar. Azərbaycanda isə klub yoldaşlarım mənə Tamaz və ya Tomas deyirlər. Ürəyiniz necə istəyirsə, helə də çağıra bilərsiniz.
 
-         PFL-in saytında sənin adını Tamazi Tsetsxladze olaraq yazıblar. Bu doğrudur?
-          Xeyir, orda bir az səhvə yol veriblər. Pasportumda adım Tamaz, soyadım Tsetskhladze gedir.
 
-         O zaman, Tamaz, əvvəlcə Premyer.az saytının oxucularına özün haqqında bir az məlumat verərdin.
-          8 dekabr 1996-cı ildə Tbilisi şəhərində anadan olmuşam. Orta məktəbi də bu şəhərdə bitirmişəm. Futbol oynamağa 12 yaşımda başlamışam.
 
-          Nəyə görə belə gec? Bu yaşa qədər futbola marağın olmayıb?
-          Olub. Amma mən uşaqlıqdan rəqqas olmuşam. Gürcü xalq rəqsləri oynamışam. Futbol oynamağa 12 yaşımda, Arveladze qardaşlarının Tbilisidəki "35-ci məktəb” adlanan futbol akademiyasında başlamışam. İlk məşqçim Vova Vaşadze olub. Bir il sonra "Olimp” idman akademiyasına keçmişəm. Burda məşqçim Qubaz Dolidze olub. 4-5 ilimi burda keçirmişəm.
 
-          Çıxış etdiyin ilk peşəkar klub hansı olub?
-          17 yaşım olanda, "Lokomotiv” klubunun nəznində fəaliyyət göstərən "İberiya” klubunda oynamağa başlamışam. Bu klub Gürcüstanın 3-cü liqasında mübarizə aparırdı. 2014-cü ildə 3-cü liqanın digər təmsilçisi – "WIT Georgia II” klubuna keçmişəm. Daha sonra 3-4 ay ərzində 3-cü liqanın "Suxumi” komandasında oynamışam. Bu klubun heyətində 3-cü liqanın qalibi adını qazanmışam. "Suxumi”dən sonra Tbilisinin "Lokomotiv” komandasının əvəzedici  heyətinə keçdim. 6 ay burada çıxış etdim.
 
-         Gürcüstanda premyer liqada heç çıxış etməmisən?
-          2015-ci ildə, "Suxumi”dən ayrıldıqdan sonra, Premyer Liqada çıxış edən "Merani” (Martvili) klubuna keçməli idim. O zaman bu klub çempionatda sonuncu yerdə gedirdi. Amma təəssüflər olsun ki, klubun baş məşqçisi məni bəyənmədi. Beləliklə də 2016-cı ildə ikinci liqada mübarizə aparan "Qardabani” komandasına keçdim.
 
-         "Qardabani” klubu Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo Kartli bölgəsini təmsil edir. Bu klubda heç yerli azərbaycanlı futbolçular var idi?
-          Bəli var idi, amma az sayda, cəmi 2-3 nəfər olardı. Bunlardan biri Ramil Mansurov idi. Həmin il çempionat tamami ilə yeni sistemlə keçirilirdi. Mən bütün oyunlarda əsas heyətdə meydana çıxdım. Cəmi bir oyunda qalib gəlib, birində heç-heçə edib, bütün qalan görüşlərdə uduzduq.
 
-         Komandanın çıxışı sənə necə təsir etdi?
-          İnanın ki, böyük stress içində idim. Komandanın zəif oyununda hər zaman ilk olaraq müdafiəçiləri günahlandırırlar. Mənə də təzyiqlər var idi. Belə olan halda heç futbol haqqında düşünə bilmirsən..
 
-          Yəni sən belə asanlıqla təslim oldun?
-          Xeyir, mən özümdə qüvvə tapıb məşqlərimi davam etdirdim. Təvazökarlıq kimi çıxmasın, amma mən məşq etməyi çox sevirəm. Futbolsuz qala bilmirəm.
 
-          Azərbaycana gəlişin bəs necə alındı? Kimsə kömək etdi sənə?
-          "Qardabani”də çıxış edərkən, azərbaycanlı məşqçi Adil Mahmudovla tanış oldum. Mənim oyunum onun xoşuna gəldi. O mənə məşqlərimi davam etdirməyi, oyunumu bəyəndiyini və Azərbaycanda çıxış edə biləcəyimi də söylədi. Beləliklə də mən "Səbail” komandasına baxışa gəldim. Bunun üçün Adil müəllim Samir Əliyevin (Red: baş məşqçi) razılığını aldı. 2017-ci ilin yayında Bakıya gəldim. "Səbail” komandası ilə birlikdə 2-3 yoldaşlıq görüşündə iştirak etdim. Bunun ardından Antalyada keçirilən təlim-məşq toplanışına da qatıldım.
 
-          Yəni sən öz oyunun  ilə artıq baş məşqçinin etimadını qazanmışdın?
-          Bəli. Və bunun üçün də özümü çox xoşbəxt hiss edirdim. Çünki Türkiyədəki təlimlər, çempionatdan öncəki əsas və son təlimlər idi. Samir müəllim mənə bütün oyunlarda əsas heyətdə oynamaq üçün şans verdi. Keçirdiyimiz 5-6 oyundan 3-4-də məğlub olduq. Daha sonra Bakıya qayıtdıq və burda Samir Əliyev mənə bildirdi ki, klub mənimlə müqavilə imzalayacaq.
 
-          Müqavilən hansı müddətə bağlanıb?
-          3 illik müqavilə imzaladıq. Samir müəllim  mənə bildir ki, narahat olmayım və öz oyunumu göstərim, o isə, öz tərəfindən, mənə əlindən gələn köməyi göstərəcək. Və sözünün üstündə də durdu. O mənə çox böyük dəstək olur. Tək o yox, bütün məşqçi heyəti və komanda yoldaşlarım da mənə dəstək olurlar. Samir müəllim, Səttar müəllim, Araz müəllim və Vitaliy müəllim. Bu 4 nəfərin adını xüsusi qeyd etmək istərdim. Komandaya gəldiyim ilk gündən onlar mənə dəstək olurlar və mən onların mənə olan etimadını doğrultmağa çalışıram. Bunun üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm.
 
-         Komandayla 3 illik müqavilə imzaladığını söylədin. Bu müddət ərzində əgər digər Azərbaycan klublarından və ya xaricdən təkliflər gələrsə, dəyərləndirərsən?
-          Mən gənc futbolçuyam. Demək olar ki, mən Azərbaycanda sıfırdan oynamağa başlamışam, çünki Gürcüstanda mənim heç nəyim yox idi, mən heç Premyer Liqada da oynamamışdm. Burda isə mənə şans verildi. Mən özümü xoşbəxt hiss edirəm. Əgər xaricdən təklif alsam, ilk olaraq Samir müəllimlə danışacam, onun məsləhətini alacam. Amma onu deyim ki, hal-hazırda mən öz komandamdan və burda yaradılmış şəraitdən çox razıyam.
 
-          "Səbail”in kollektivi haqqında nə deyə bilərsən? Komanda yoldaşlarınla anlaşa bilirsən?
-          Bizim super komandamız var. Biz bir ailə kimiyik. İlk gəldiyim gündən komanda yoldaşlarım mənə dəstək olur, mənə hər zaman kömək etməyə çalışırlar. Bu mənim çox xoşuma gəlir.
 
-          Komandada hansı dildə danışırsan?
-          İlk gəldiyimdə rus dilini demək olar ki heç bilmirdim. Ancaq ingilis dilini bilirdim. Komandada isə cəmi 3-4 azərbaycanlı futbolçu ingilis dilini bilir. Çox gənc və yaxşı kollektivimiz var. Hamısını çox sevirəm. Artıq rus dilini də öyrənmişəm və komanda yoldaşlarımla anlaşa bilirəm.
 
-          Hansı futbolçularla daha yaxın münasibətlərin var?
-          Hər kəslə münasibətim əladır. Heç kimlə pis münasibətim yoxdur (Red: gülür). Ən yaxın yoldaşım Murtuz Abakarovladır. Bu da təbiidir, çünki biz artıq 6 aydır bir yerdə qalırıq. O çox gözəl insandır, ikimiz də qafqazlıyıq (Red: gülür). Səfər oyunlarına gedəndə də, hər zaman bir otaqda qalırıq. Murad Ağayevlə də aramız yaxşıdır. Legionerlərdən isə Ayronu (Red: Ayron Stati - Hollandiya) və Maudonu (Red: Maudo Jarjue – Qvineya Bisau) qeyd edə bilərəm. Və qapıçıımız Emil Balayevi də qeyd etmək istəyirəm. O mənə həmişə dəstək olur, o çox gözəl insandır. Qapıçı olaraq da yaxşı qapıçıdır. Bir sözlə - super insandır!
 
-          Komandadakı daha yaşlı və daha təcrübəli futbolçularla münasibətin necədir?
-          Onlar bizim "qocalarımızdır”. Məsələn Vüqar Nadirov. Onu bütün Azərbaycan tanıyır, çünki o uzun müddət "Qarabağ”da və Azərbaycan millisində də oynayıb. Daha sonra çox da qoca olmayan (Red: gülür) Elman Taqayevi (Red: Türkmənistanlı legioner, 28 yaş) qeyd etmək istərdim. O da mənə dəstək olur həmişə. Gənclərdən isə bir nəfəri də qeyd etmək istərdim – Murad Musayevi. Bir problemim olan kimi, bu futbolçular mənə həmişə kömək edir.
 
-         Oxucularımıza yəgin ki maraqlı olardı. Asudə vaxtlarını necə keçirisən?
-          Çox nadir hallarda asudə vaxtımız olur. Mən filmləri seyr etməyi çox xoşlayıram, əsasən Hollivud filmlərini. Mən, Murad və Murtuz adətən üçümüz kinoteatra gedib birlikdə baxırıq yeni filmlərə. Şəhərə gəzməyə də tez-tez birlikdə çıxırıq. Uşaqlıqdan "Starbucks” kofesinin heyranıyam (Red: Söhbətimiz məhz Bakıdakı "Starbucks”-da keçirdi). Hərçənd ki, kofe futbolçu üçün zərərlidir (Red: gülür). Amma hərdən bir fincan içmək olar.
 
-          Bakı şəhəri haqqında nə deyə bilərsən?
-          Şəhəriniz çox xoşuma gəlir. Ən çox xoşuma gələn isə yeni tikililərdir. Daha sonra İçəri Şəhər və "Torqovı” küçəsi (Red: Nizami küçəsi) də xoşuma gəlir.
 
-          Bəs xoşuna gəlməyən nəsə var?
-          Ən zəhləm getdiyi şey – bəzi insanların küçələri zibilləməsidir. Gürcüstanda da təəssüf ki bu cür insanlar var. Və bir də bəyənmədiyim şey – gecikməkdir. Mən punktualizmi sevirəm, amma təəssüf ki bu gün görüşə bir az gecikdim (Red: 10 dəqiqə). Bu "xəstəlik” bütün qafqaz xalqlarında var.
 
-          Artıq yarım ilə yaxındır ki Azərbaycandasan. Bakıdan başqa səfər oyunları zamanı digər şəhərlərimizdə də olmusan. Bəyəndiyin yer olub mu?
-          Gəncədə hələ ki olmamışam, amma Qəbələni çox bəyənirəm. Çox gözəl təbiəti, təmiz havası, müasir futbol bazası var. Orada futbolçular üçün super şərait var.
 
-         İndi isə keçək mətbəximizə. Gürcü və Azərbaycan xalqları – Qarqaz xalqları olmasına baxmayaraq, mətbəxlərimiz çox fərqlidir. Azərbaycan yeməklərinin dadına baxmaq imkanın olub?
-          Dəqiq yeməklərin adını bilməsəm də, amma futbolçularla birlikdə, Emil Balayevlə, Eltun Yaqublu ilə və digərləri ilə restoranda bir dəfə yemişik. Amma düşünürəm ki, evdə bişirilən yeməklər, restoran yeməklərindən daha dadlı olur. Buna baxmayaraq, yediyim yeməkləriniz çox xoşuma gəlib.
 
-          Bəs gürcü yeməklərindən hansılarını bəyənirsən?
-          Mən Gürcüstanda hər zaman çay içməyi xoşlayıram. Sizdə çayı qəndlə içirlər (Red: gülür). Amma çox şəkər insana ziyandır. Xüsusi ilə də futbolçuya, çünki çəkimiz artır. Gürcü yeməklərinə gəlincə, təbii ki bəyənirəm, amma xəmir yeməklərimiz üstünlük təşkil etdiyi üçün, çox da yemirəm. Pəhriz saxlayıram. Ümumiyyətlə Gürcüstanda nadir hallarda milli yeməklərimizi yeyirəm. Xəngəl və xaçapuri çox kalorili yeməklərdir. Ona görə də digər futbolçular kimi – qarabaşaq, qaynadılmış ət daha çox yeyirəm. Yaxşı fiziki formada qalmaq üçün pəhriz saxlamalıyıq.
 
-          Musiqiyə münasibətin necədir?
-          Musiqini sevirəm, amma nadir hallarda dinləyirəm. Klublara getmək, orada musiqi dinləyib oynamaq mənim xarakterimdə deyil.
 
-          6 aydır burdasan. Ailən üçün darıxmırsan?
-          Təbii ki darıxıram, çox darıxıram. Əsasən nişanlım və anam üçün. Amma ən çox balaca qardaşım üçün darıxıram. Onun 15 yaşı var. Və bir də öz tutuquşum üçün darıxıram (Red: gülür).
 
-          Heç Gürcüstana gedib-gəlirsən?
-          Burda olduğum müddət ərzində iki dəfə vətənimə getmişəm – Gürcüstanın U-21 komandasına çağırıldığımda, sentyabr ayında və bir dəfə də ailəmi görməyə getdiyimdə.
 
-         Ailən Gürcüstandan kənarda çıxış etməyinə necə münasibət göstərir?
-          Təbii ki ailəm mənim üçün darıxır, xüsusən də nişanlım. Amma irəli getməyim üçün bu lazımdır və onlar bunu başa düşür və mənə dəstək olurlar. Ailəm mənə həmişə inanıb və özləri mənə deyir ki – "Sən çox güclü futbolçu olacaqsan!”. Bu mənim üçün çox önəmlidir. Ailəmin dəstəyi məni daha da güclü və xoşbəxt edir.
 
-          Geri qayıtmağını heç istəmirlər?
-          Yox, əksinə. Onalar deyirlər ki, əgər sənin arzun varsa, ona nail olmaq üçün lazım olan hər şeyi et. Hal-hazırda yaxşı futbolçu olmaq üçün mənim gözəl şansım var. Gürcüstanda bu şansım yox idi və bu da mənim üçün bir motivasiya oldu.
 
-          Nə zaman evlənməyi düşünürsən?
-          (Red: gülür) Dəqiq deyə bilmərəm. Bu hələ ki problemdir. Anam nişanlımı məndən də çox istəyir (Red: yenə gülür) və evlənməyimi istəyir. Amma bir şeyi də bilirlər ki, mən futbolu çox sevirəm. Mənim öz qaydalarım və planlarım var. Hələ ki futbol mənim həyatımda ilk sıradadır. Nişamlım da bunu bilir və məni anlayır. Biz uşaqlıqdan, 6 yaşımdan tanışıq. 8 yaşım olanda artıq nişamlımı sevdiyimi anladım. Evlənmək istəyirəm, amma indi yox. Gərək tam ayağa qalxım, ondan sonra artıq evlənə bilərəm. Güclü futbolçu olmaq üçün, mənim kimi gənc futbolçulara güclü rejim lazımdır.
 
-          İçki necə, içirsən?
-          (Red: gülür) Desəm ki içmirəm, buna heç kim inanmaz. Bütün gürcülər çaxır içməyi sevir. Mən isə yox. Dostlarım mənə deyir ki, sən gürcü deyilsən. Necə ola bilər ki, sən gürcü ola-ola, çaxırı sevmirsən? 
 
-         Bəs nəyi sevirsən?
-          Ən sevdiyim içki – pivədir. Hər oyundan sonra mən mütləq bir banka pivə içirəm. Hər zaman. Sonra isə dincəlirəm və yatıram. Bu artıq qayda halına gəlib. Ciddi rejimi xoşlayıram.
 
-          Pərəstiş etdiyin milli komanda və futbolçu hansılardır?
-          Mənim öz hekayəm var. Mən hal-hazırda "Barsa”ya azarkeşlik edirəm. Əvvəllər Ronaldinyonu çox sevirdim, o mənim kumirim idi. Amma bir nömrəli futbolçu mənim üçün Leonel Messidir. Fabio Kannavaro da mənim kumirimdir. Millilərdən İspaniyaya və Messiyə görə Argentinaya azarkeşlik edirəm (Red: gülür).
 
-          Gürcü futbolçulardan bəs kumirin kimdir?
-          David Kipiani, Laşa Totadze (Red: "Dinamo” Tbilisinin kapitanı). Mənim nişanlımın atası ilə, Totadzenin anası – doğma bacı-qardaşdılar.
 
-          Azərbaycan millisində kimlərin oyununu qeyd etmək istərdin?
-          Kapitan Rəşad Sadıqovu deyərdim. Yaxşı futbolçudur. Və Mahir Mədətov da çox xoşuma gəlir. O güclü və istedadlı futbolçudur.
 
-          "Qarabağ”ın Avrokuboklardakı oyunlarına gedə bilirsən?
-          Həlbətdə. "Roma” və "Atletiko” ilə oyunlarda olmuşam. "Çelsi” ilə oyuna da artıq internetdən bilet almışam. Biletimi qabaqcadan almışam. Murtuz Abakarov və Murad Ağayevlə birlikdə gedəcəyik oyuna, hətta Gürcüstandan da bir dostum bu oyuna baxmağa gələcək. Onun da biletini artıq almışam.
 
-          Azərbaycanda çıxış edən hansı həmyerlinlə əlaqə saxlayırsan?
-          Yeganə tanıdığım futbolçu, "İnter”də çıxış etmiş Zurab Xizanişvildir. Bir nəfəri də deməyi unutdum - "Qəbələ”də oynamış Nika Kvekveskiri. Başqa heç kimi tanımıram.
 
-          Tamaz, artıq səni yormayaq. Bu son sualımız idi. Müsahibə üçün sənə təşəkkür edirəm.
 
Müsahibə və Fotolar: Rauf İskəndərov
 












1 805     
Reklam

Reklam