
2017/2018-ci il mövsümü üçün həvəskarlardan ibarət komandalar arasında keçirilən Azərbaycan "Region Liqası”nın
Əsasnaməsi
1. Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb
olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini
müəyyən edir.
2. Məqsəd və vəzifələr
2.1 Region Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Turnirin qalibini müəyyən etmək
• Regionlarda futbola marağın artırılması
• Region komandalarının inkişafına dəstək
• Region futbolçularının ustalığının yüksəldilməsi
• Sağlam həyat tərzinin təbliği
• Kütləviliyin artırılması
• Mövsümün yekununda komandaların tutduqları yerlərin müəyyən edilməsi
3. Yarışlara rəhbərlik
• Region Liqasının keçirilməsini və nəzarəti AFFA-nın işçi qrupu
(Regional Futbol Federasiyaları İctimai Birliyi, Məşqçilər Komitəsi,
AFFA-nın Kütləvi Futbol Departamenti və Uşaq və Gənclər üzrə Yarışların
təşkili şöbəsi) həyata keçirir.
4. İştirakçıların müəyyən olunması
4.1 Region Liqasında klublara və komandalara iştirak hüququnu AFFA-nın işçi qrupu verir.
4.2 Region Liqasında bir klub bir ad altında bir komanda ilə təmsil oluna bilər.
4.3 Region Liqasında iştirak etmək istəyən komandalar 10.11.2017-ci
il tarixinədək AFFA-nın işçi qrupuna müraciət edərək, qeydiyyatdan
keçməlidir. İştirak hüququ ilə bağlı AFFA-nın işçi qrupu tərəfindən
qərar 5 gün ərzində verilir.
5. Futbolçuların Region Liqasındakı iştirakı
5.1 Sifariş vərəqəsində göstərilməyən və müvafiq lisenziya almayan komanda üzvləri oyunlar zamanı texniki zonaya buraxılmır.
6. Transfer, icarə və sifariş məsələləri
6.1 Hər bir futbolçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
6.2 Hər futbolçu mövsüm ərzində ən çox iki klubda çıxış edə bilər.
6.3 Mövsüm ərzində peşəkar futbol oynamış oyunçu, Region Liqasında müvafiq mövsüm ərzində transfer oluna bilməz.
6.3 Futbolçuların mövsüm ərzində əlavə sifarişi və transferləri aşağıda göstərilmış qaydalar üzrə həyata keçirilməlidir:
a) AFFA-nın işçi qrupu tərəfindən öncədən müəyyənləşdirilmiş
transfer dövründə (Dövrələri arası fasilədə və final mərhələsindən öncə)
klubun əlavə sifariş və transfer etmək hüququna məhdudiyyət yoxdur.
b) Mövsümün əvvəlində futbolçuya verilən lisenziya mövsümün sonunadək həmin futbolçunun kluba məxsus olduğunu göstərir.
c) İlkin sifariş və ya transfer zamanı sifariş verən komanda oyunçunun klubla
müqaviləsi olduğu halda:
əvvəlki klubundan azad transfer (və ya icarə haqqında məktub) və lisenziyasını təqdim etməlidir
müqaviləsi olmadığı və ya müqavilənin müddəti bitdiyi halda:
əvvəlki klubuna lisenziyasını təhvil verməlidir və ya lisenziya itirildiyi halda oyunçunun çıxış məktubunu təqdim etməlidir.
6.4 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
Klub və ya komanda tərəfindən təqdim olunmuş futbolçuların saxta sənədləri
6.5 Mövsüm ərzində aşağıda göstərilmiş hallar sənədlərin saxtalaşdırılması kimi qəbul olunur:
a) Sifariş zamanı təqdim olunan saxta sənədlər:
• Doğum haqqında şəhadətnamə
• Şəxsiyyət vəsiqəsi
• Ümumvətəndaş pasportu
• Tibbi arayış
• Elektron formatda və ya kağız üzərində təqdim olunan fotoşəkil (3x4)
• Müqavilə
• Anket
• Sifariş vərəqəsi və s.
b) Bir futbolçunun digər futbolçuya məxsus olan lisenziya ilə
oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
c) Lisenziyasız futbolçunu oyundan öncə, oyun zamanı, fasilədə oyuna buraxılma cəhdi və ya iştirakı
d) Oyundan öncə AFFA tərəfindən tərtib olunmayan lisenziyanın hakimə təqdim olunması və s.
e) Cari mövsümdə peşəkar futbol oynamış futbolçunun Region Liqasında oynaması
6.6 Yuxarıda göstərilən hallar aşkarlanarsa, İntizam Komitəsi tərəfindən bu cəzalar tətbiq oluna bilər:
a) Futbolçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət)
b) Futbolçunun lisenziyasının ləğvi
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması
e) Komandanın liqadan uzaqlaşdırılması
7. İştirakçı komandanın öhdəlikləri
7.1 İştirakçı klub və ya komandalar bu əsasnamənin hər bir bəndinə riayət etməlidirlər.
7.2 İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
7.3 Klub onu təmsil edən hər hansı bir şəxsin (futbolçular, rəsmi şəxslər, azarkeşlər və s.) davranışlarına məsuliyyət daşıyır.
7.4 Ev sahibi komanda oyun zamanı stadionda təhlükəsizliyə
məsuliyyət daşıyır. Komanda oyuna 15 dəqiqə qalmış meydançanın ərazisini
polis əməkdaşları ilə təmin etməlidir.
(Polis olmadan baş hakim oyunu başlaya bilməz)
7.5 Ev sahibi komanda oyunu 6 topla təhciz etməlidir.
7.6 Təcili Tibbi Yardım maşını oyuna 15 dəqiqə qalmış meydançanın
ərazisində olmalıdır (Təcili Tibbi Yardım maşını olmadan baş hakim
oyunu başlaya bilməz)
7.7 Ev sahibi komanda bir gün öncə digər şəhərdən gələn qonaq
komanda tərəfindən müraciət olunduğu halda məşq üçün meydançanı təmin
etməlidir. Komandalar arasında qarşılıqlı razılaşma olmadığı halda qonaq
komanda məşq üçün meydançanı bir saatdan artıq müddətə tələb edə
bilməz.
7.8 Hər klub və ya komanda əlaqələndirici şəxs təyin etməlidir və
onu tələb olunan qaydada qeydiyyatdan keçirməlidir. Sifariş vərəqəsində
əlaqə telefonu, elektron poçtun ünvanı (e-mail) və,s. göstərilməlidir.
Oyun forması ilə bağlı qaydalar:
7.10 Forma seçimində üstünlük ev sahibi komandaya verilir.
7.11 Futbolçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə
formadan tam seçilməlidir. Futbol corablarının (getri) altında
qoruyucular (şitki) olmalıdır.
7.12 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol
maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən AFFA-nın
işçi qrupuna məlumat verməli və razılaşdırmalıdır.
8. Yarışın keçirilmə sistemi
8.1 Region Liqasında oyunlar hər qrupda 8 - 12 komanda olmaqla 3
qrupda təşkil olunur. Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə
keçirilir.
8.2 Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur. Hər 3 zonanın
qalibi final mərhələsinə vəsiqə qazanır. Final mərhəsi 3 komandanın
iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq.
8.3 Qaliblərin müəyyən olunması:
• Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə
görə isə xal verilmir
• Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı
göstəricilərə görə müəyyən olunur:
• Komandaların öz aralarında keçirdikləri oyunların xallarına əsasən
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış
qolların sayına əsasən
• Komandaların öz aralarında səfərdə vurulan qolların sayına əsasən
• Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən
• Komandaların qələbə saylarına əsasən
• Ən az qırmızı və sarı vərəqələrə görə toplanmış xalların fərqinə əsasən (sarı vərəqə
1 xal, qırmızı vərəqə 3 xal)
• Komandalar arasında qalibi müəyyənləşdirmək üçün oyunun təşkil olunması
8.4 Region Liqasının oyunları həftənin şənbə və bazar günləri
keçirilir. İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən
təyin oluna bilər.
8.5 AFFA-nın işçi qrupu hər ayın əvvəli liqanın aylıq təqvim
planını klub və ya komandanın əlaqələndirici şəxsinin elektron poçtuna
(e-mail) göndərəcək. Təqvimdə oyunların yerləri, tarixləri, keçirilmə
saatları göstəriləcək. Hər bir klub və ya komandanın ələqələndirici
şəxsi ay ərzində hər hansı turun ilk oyununun başlamasından ən azı 4 gün
öncə oyunun keçirilmə yeri və ya saat dəyişikliyi ilə bağlı müraciət
edə bilər. Müraciətlər yalnız yazılı şəkildə və səbəbi göstərilmək şərti
ilə qəbul olunacaq
8.6 Turun ilk oyununun başlamasından 4 gün öncə oyunun keçirilmə
yeri, tarixi və ya saat dəyişikliyi ilə bağlı müraciət AFFA-ya daxil
olmadığı halda aylıq təqvim planında göstərilən tarix, yer və saat
dəyişilməz olaraq qalacaq və oyuna 3 gün qalmış rəsmi məktub klub və ya
komandanın əlaqələndirici şəxsinin elektron poçtuna (e-mail)
göndəriləcək. Oyun günü və yeri dəyişilməz qaldığı təqdirdə saat
dəyişikliyi ilə bağlı müraciət oyuna ən gec 2 gün qalmış edilməlidir.
8.8 Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.
Oyunlar iki hissədən ibarətdir. Hər hissə 45 (qırx beş) dəqiqə,
hissələrarası fasilə isə 15 (on beş) dəqiqədir. Oyunlarda əvəzetmə
oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir.
Hər komanda 7 əvəzetmədən istifadə edə bilər. Meydan sahibi olan komanda
protokolu əvvəl doldurur. Oyunun protokoluna 18 (on səkkiz) futbolçunun
(11 əsas, 7 ehtiyat) adı və soyadı yazılır.
8.9 Komandalar oyunun başlamasına 60 dəqiqə qalmış oyun keçirilən
meydançaya gəlməlidirlər. Komandalar oyunun başlanmasına 45 dəqiqə
qalmış oyunun protokoluna nömrələri göstərilməklə futbolçuların adlarını
və soyadlarını yazmalı, futbolçuların lisenziyalarını baş hakimə təqdim
etməlidirlər. Təqvimə uyğun olaraq adı birinci yerdə qeyd olunan
komanda ev sahibi hesab edilir.
9. Meydança
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.
Klublar ev oyunlarını keçirəcəkləri meydança ilə bağlı təminat
məktubunu AFFA-ya təqdim etməlidirlər. AFFA meydançanı yoxlamağa ehtiyac
gördükdə meydançada inspeksiya aparmaq hüququna malikdir. AFFA icazə
verdikdən sonra komanda rəqiblərini həmin meydançada qəbul edə bilər.
Bir meydançadan maksimum 3 komandanın istifadə etmək hüququ var.
Meydança ilə müqaviləni təqdim edən ilk 3 komandanın meydançadan
istifadəsinə icazə veriləcəkdir. 4-cü komandanın sənədləri qəbul
olunmayacaqdır.
9.2 Fors-major hallarda komanda meydançanı dəyişmək üçün AFFA-ya müraciət edə bilər.
9.3 Meydançada standartlara uyğun iki qapı olmalıdır.
10. Oyunun təşkili
10.1 Oyun ev sahibi komanda tərəfindən təşkil olunur.
10.2 Təqvimə uyğun olaraq adı birinci yerdə olan komanda ev sahibi hesab edilir.
10.3 Komandalar oyunun başlamasından 60 dəqiqə öncə oyun keçirilən
meydançaya gəlməlidirlər. (Fors – major hallarına rast gəlinərsə,
komanda bu haqda təcili AFFA-nın işçi qrupuna məlumat verməli və
AFFA-nın işçi qrupu bu halları araşdırıb müvafiq qərar verməlidir.)
10.4 Yalnız 6 rəsmi şəxsin və 7 futbolçunun ehtiyat skamyalarında oturmalarına icazə verilir.
10.5 Ev sahibi komandanın 6 rəsmi şəxsindən biri mütləq həkim olmalıdır.
10.6 Texniki zonada siqaret çəkmək qadağandır.
10.7 Komandalar oyunun başlamasından 45 dəqiqə öncə protokola
nömrələri göstərilməklə futbolçuların adlarını və soyadlarını yazmalı və
futbolçuların lisenziyalarını baş hakimə təqdim etməlidirlər. Oyundan
əvvəl lisenziyalar hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu
başlamamalıdır.
11. Oyun qaydaları
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
12. Oyun zamanı futbolçuların əvəzlənməsi
12.1 Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər.
12.2 Meydançaya daxil olmağa hazırlaşan futbolçu ehtiyat hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat futbolçular isinmə hərəkətləri etmək
üçün texniki zonanı tərk edə bilər. Oyunun baş hakimi oyundan öncə
isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir.
İsinmə hərəkətlərini 7 futbolçu eyni zamanda edə bilər.
Qeyd: Stadionun vəziyyətindən asılı olaraq oyunun baş hakimi eyni
vaxtda isinmə hərəkətləri edəcək oyunçuların sayını müəyyən etmək
hüququna malikdir.
13. Oyunun protokolu
13.1 Oyundan öncə hər komanda oyunun protokolunu doldurmalıdır.
13.2 Protokolda futbolçunun adı, soyadı, doğum tarixi və
formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı
ehtiyat skamyada oturan rəsmi şəxslərin adları, soyadları və vəzifələri
yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri
tərəfindən imzalanmalıdır.
13.3 İlk 11-lik kimi protokolda göstərilən futbolçular oyuna
başlayır. Digər 7 futbolçu ehtiyat skamyasında əyləşir. Futbolçuların
futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun
gəlməlidir.
13.4 Komandalar oyundan ən azı 45 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
13.5 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün
şəxslərin lisenziyalarını yoxlayır. Yarışda iştirak edən komandanın hər
bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır.
Lisenziyada aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi
• Komandanın adı
• Şəxsin adı, soyadı, atasının adı
• Fotoşəkil
• Təvəllüdü
13.6 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim
olunmazsa, bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən
baxılacaqdır.
13.7 Yalnız ehtiyat futbolçu kimi göstərilən 7 nəfər oyun zamanı
meydançaya daxil ola bilər. Oyun zamanı əvəzlənmiş futbolçu meydançaya
bir daha qayıda bilməz.
14. Oyun protokolunda futbolçuların adlarının yerdəyişməsi
14.1 Hər iki komanda tərəfindən imzalanmış oyun protokolu hakimə
təqdim olunduqdan sonra futbolçuların adlarının protokolda dəyişilməsi
qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 11-likdə göstərilən hər hansı futbolçunun oyundan öncə fiziki
durumu ilə bağlı problemi aşkarlanarsa, o zaman 7 ehtiyat futbolçudan biri
ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə
ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
• Əgər oyun protokolunda göstərilən 7 ehtiyat futbolçudan hər hansı birinin
fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda
göstərilməyən, lakin lisenziyası olan digər bir futbolçu ilə əvəzlənə bilər.
15. Oyunlarda iştirakdan imtina
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə, AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə, turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm Liqaya buraxılmayacaq.
16. Oyunların təxirə salınması
Qonaq komanda və hakimlər səfərə çıxmazdan öncə oyunun təxirə salınması
16.1 Əgər ev sahibi komanda meydançanın oyuna yararsız vəziyyətdə
olduğunu müəyyən edərsə, hakimlər və qonaq komanda səfərə çıxmadan öncə
dərhal AFFA-nın işçi qrupunu məlumatlandırmalıdır.
Bu halda:
• AFFA meydançanın vəziyyətini yoxlamaq üçün öz nümayəndəsini göndərə bilər
• AFFA meydançanın vəziyyətini əks etdirən fotoşəkillərin elektron poçt (e-mail) vasitəsilə təqdim olunmasını tələb edə bilər
Qonaq komanda və hakimlər səfərə çıxdıqdan sonra oyunun təxirə salınması
16.2 Bu halda oyunun təxirə salınıb-salınmayacağı ilə bağlı hakimlər qərar verəcək.
16.3 Əgər baş hakim oyunun keçirilməsi üçün meydançanın yararsız
olması ilə bağlı qərar çıxararsa, bu halda 24 saat ərzində AFFA-nın işçi
qrupu komandalarla razılaşdırdıqdan sonra, oyunun yeni keçirilmə
tarixini, saatını və yerini təyin edir. Bu qərar son olaraq dəyişilməz
qalır.
16.4 Əgər oyun başlandıqdan sonra hər hansı bir səbəbə görə
dayandırılarsa, AFFA-nın işçi qrupu klub və ya komandalarla
razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər və oyun
dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam
etdiriləcəkdir.
16.5 Təxirə salınmış oyunun yenidən keçirilməsi üçün hər bir komandanın tələb olunan xərcləri öz üzərinə düşür.
16.6 Meydançanın yararsız vəziyyəti ilə bağlı ardıcıl olaraq 2
oyunu təxirə salan komanda 3-cü oyun üçün mütləq meydançanı təmin
etməlidir.
16.7 Aşağıda göstərilən hallarda klub və ya komanda oyunun təxirə salınması ilə bağlı müraciət edə bilər:
• Meydança yararsız vəziyyətdə olduğu halda
17. Hakimlik və İnspeksiya
17.1 Oyunları Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər
briqadası idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata
keçirilir. Hakimlər Komitəsi Region Liqasının oyunlarına 4 nəfərdən
ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi, 1
ehtiyat hakim)
17.2 Hakimlər briqadası oyundan 90 dəqiqə əvvəl oyunun keçiriləcəyi yerə gəlməlidir.
17.3 Hakimlər briqadası 60 dəqiqə öncə gəlib, meydançanın oyuna
hazırlıq vəziyyətini yoxlamalı, təhlükəsizlik əməkdaşları, Təcili Tibbi
Yardım nümayəndəsi, klub nümayəndələri və hakimlərlə birgə iclas təşkil
etməlidir.
17.4 Baş hakim oyunun keçirilməsinə cavabdeh olan şəxslərdən tələb
etməlidir ki, onlar meydança ilə bağlı olan nöqsanları oyunun
başlamasına kimi həll etsin.
17.5 Protokollar oyundan sonra 30 dəqiqə ərzində tərtib edilməli və 24 saat ərzində AFFA-ya təqdim olunmalıdır.
17.6 Baş hakim oyunun protokoluna adı daxil edilmiş futbolçuların
sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş futbolçuların və
iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş
hakimdə qala bilər.
17.7 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.
18. AFFA intizam qərarları
18.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır.
Futbolçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun
zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları
İntizam Komitəsi qəbul edir.
Sarı və qırmızı vərəqələr
18.2 Keçən mövsüm ərzində qırmızı vərəqə almış oyunçu cəzasını tam
çəkmədiyi halda, bu cəzanın qalan hissəsi (istisna hallardan başqa) cari
mövsümə tətbiq olunmur.
İstisna hallar;
• Ciddi dava-dalaşa görə verilən cəzalar,
• Oyun epizodundan kənarda baş verən xüsusi münaqişələr zamanı verilən cəzalar.
18.3 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür
(turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə, məsuliyyəti komanda
daşıyır.)
18.4 Oyunçu qırmızı vərəqə alıbsa və oyunçu haqqında İntizam
Komitəsində qərar çıxarılmayıbsa, həmin oyunçu növbəti oyunu buraxır.
18.5 Qırmızı vərəqə alan futbolçu İntizam Komitəsinin çıxaracağı
qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti
oyunu (oyunları) buraxacaqdır.
18.6 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq dörd sarı vərəqə alan futbolçu növbəti turu buraxmalıdır.
18.7 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
18.8 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki
məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan futbolçularının
cəzaları qüvvədə qalır.
18.9 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki
qələbə alan komandanın həmin oyunu buraxmalı olan futbolçuları cəza
çəkmiş hesab olunur.
18.10 Ciddi dava – dalaş, hakimə qarşı aqressiv davranış, xüsusi
münaqişələr zamanı istisna hal olaraq AFFA-nın işçi qrupu komandanı
liqadan uzaqlaşdırmaq hüququna malikdir.
19. Protestlər
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş
hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz
əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə,
oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın işçi qrupuna öz
izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi
tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-ya çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 11 metrlik cərimə zərbələrinin təyin olunması
• 11 metrlik cərimə zərbələrinin təyin olunmaması
• Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə
• Topun qapıdan keçib-keçməməsi barədə
19.3 İntizam Komitəsinin qərarı ilə razılaşmayan komanda 3 gündən gec olmayaraq apellyasiya verə bilər.
20. Mükafatlandırma
20.1 Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və
baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla,
AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunur.
20.2 Region Liqasında ilk 3 yeri tutan komandalar pul mükafatı
təqdim olunur. 1-ci yer 10.000 (on min) AZN, 2-ci yer 5000 AZN (beş
min), 3-cü yer 2000 AZN (iki min)
20.2 Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.
21. Mətbuat
21.1 Oyunun işıqlandırılması üçün (video və foto çəkilişin
aparılması) mətbuat nümayəndələrinə ev sahibi komanda tərəfindən müvafiq
şərait yaradılmalıdır.
22. Reklam lövhələri və aksiyaları
22.1 AFFA tərəfindən təqdim olunan reklam banerləri ev sahibi
tərəfindən meydançaya təqdim olunan sxem üzrə yerləşdirilməsi təmin
olunmalıdır.
22.2 Komanda hər hansısa reklam baneri yerləşdirmək istədiyi halda, AFFA ilə razılaşdırmalıdır.