
AFFA yanında Media Komitəsinin
qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal:
mövcud durum və perspektiv üfüqləri” layihəsində "Məktəblərdə Futzal”
yazısının II hissəsini təqdim edirik. (İlk yazı üçün link http://premyer.az/xeberler/6291-mekteblerde-futzal-layhe.html)
Ötən ayların birində oxuduğumuz bir xəbər marağımıza, həm də
sevincimizə səbəb oldu. Belə ki, rayon ümumtəhsil məktəbləri arasında
futzal idman növü üzrə rayon finalı keçirilib. Neftçala rayonu
A.Cəfərov adına Astanlı kənd tam orta məktəbində AFFA və Coca-Cola
şirkətinin birgə təşkil etdiyi məktəblərarası məktəbli kubokunun futzal
idman növü üzrə rayon finalı keçirilib. Rayon turunun final
mərhələsində Neftçala şəhər 4 saylı tam orta məktəbin komandası ilə
Astanlı kənd tam orta məktəbin komandası qarşılaşıb. Gərgin mübarizədən
sonra Astanlı kənd tam orta məktəbinin komandası 7:4 hesabı ilə qalib
gələrək növbəti-zona mərhələsinə vəsiqə qazanıb.
AFFA yanında Media Komitəsinin layihəsinin icrası zamanı bölgələrin,
ümumilikdə isə respublikanın bütün məktəblərində futzalın təbliği,
inkişafı yönündə təklifləri hazırlamaq qərarına gəldik. "Layihə
daxilində layihə” prinsipinə əsaslanaraq "Məktəblərdə Futzal” layihəsi
üzrə önümüzdə qoyulan məqsədin həyata keçirilməsi üçün nələrin vacib
olduğunu müəyyənləşdirdik:
VƏZİFƏLƏR:
1. Ümumtəhsil müəssisələrinin sinifdənkənar bədən tərbiyəsi və
sağlamlığın möhkəmləndirilməsi sisteminə futzalın (mini futbolun)
məqsədyönlü şəkildə tətbiqi yolu ilə, bu idman növünün təbliğ edilməsi
və populyarlaşdırılmasına nail olmaq.
2. Şagirdlər arasında futzalın populyarlaşdırılması üçün
stimullaşdırma sistemini yaratmaq və bunun üçün məktəbdaxili,
məktəblərarası, rayonlararası, şəhərlərarası və ümumrespublika
turnirləri təşkil etmək.
3. Ümumtəhsil müəssisələrini mini-futbol üzrə xüsusi elmi-metodik
ədəbiyyat, dərsliklər və videomateriallarla, həmçinin lazımi futzal
inventarları ilə təmin etmək.
LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MEXANİZMLƏRİ VƏ ƏSAS İSTİQAMƏTLƏR
- Məktəblərdə futzal seksiyalarının yaradılması, məktəb
daxilidə futzal turnirlərinin keçirilməsi, məktəblərdə təşkil edilən
yığma komandaların regional turnirlərdə və ölkədaxili yarışlarda
iştirakı məqsədilə, Azərbaycan Respublikasının Gənclər və İdman
nazirliyini, o cümlədən AFFA, Regional Futbol Federasiyaları və idman
idarələri və Azərbaycan Futzal Federasiyası tərəfindən məktəb
direktorları və bədən tərbiyyəsi müəllimləri ilə ilkin təlimatlandırma
işinin təşkil edilməsi;
- Turnirlərin məktəblilərin yaz tətili zamanı keçirilməsi daha
məqsədəuyğun olar. Regionlarda keçirilən turnirlərin təşkilini Regional
Futbol və idman qurumları, ümumrespublika turnirlərinin və regional
turnirlərinin final mərhələlərinin təşkilatçılığını isə AFFA, Azərbaycan
Respublikasının Gənclər və İdman nazirliyi və AFF öz üzərinə götürür.
- Turnirlərin təşkili və düzgün keçirilməsi məqsədilə,
yuxarıda adı çəkilən futbol və idman qurumları, məktəb müəllimlərini
xüsusi elmi-metodiki ədəbiyyatla, futzalı təbliğ edən plakatlarla,
videomateriallarla, həmçinin lazımi futzal inventarları ilə (idman
formaları və ayaqqabıları, mini futbol topları və s.) təmin edir.
- Azərbaycan Respublikasının Səhiyyə nazirliyinin regional
bölmələri də turnirlərin təşkili və xüsusi ilə keçirilməsi zamanı
yarışları öz mütəxəssisləri ilə təmin edib, şagirdlərin sağlamlığı və
fiziki hazırlığının ölçülməsi məqsədilə müvafiq tədbirlər planı həyata
keçirir.
MALİYYƏLƏŞDİRMƏ
Bu Layihənin icrası AFFA-nın və müvafiq dövlət qurumlarının
"Regionlarda idmanın inkişafı” üçün nəzərdə tutulmuş vəsaitin, o
cümlədən yerli icra hakimiyyətlərinin və iş adamlarının maliyyə dəstəyi
hesabına aparılır.
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"