
Premyer.az saytının daha öncə də xəbər verdiyi kimi, azərbaycanlı futbolçular İlham Allahverdiyev və Əlimirzə Daşzərini karyeralarını Türkiyədə davam
etdirəcəklər. Hər iki futbolçu bir müddət öncə Türkiyənin
Bal liqasında çıxış edən "Çəngəlköyspor”la 1 illik müqavilə imzalayıb.
Son mövsümü "Şəmkir"də keçirilən Əlimirzə Daşzərini Premyer.az saytına öz keçidi haqda danışıb:
- Əlimirzə, Türkiyə klubuna keçidin necə baş verdi?
- Türkiyə klubunu uşaqlıq dostum olan İlham Allahverdiyevin məsləhəti ilə seçdim və görürəm ki, elə düz seçim etmişəm.
- Razılaşmanın şərtləri haqda nə deyə bilərsən?
- Ən azından pul baxımından bizim bir çox Premyer Liqa klublarından daha yaxşı şərtlər təklif etdikləri üçün o kluba keçmişəm və bir illik müqaviləyə imza atmışam.
- Əsas heyətdə çıxış edəcəksən?
- Burdan ora getmişəmsə, demək ki məşqçilər mənə inanıb çağırıblar. Əsas heyətdə yerimi möhkəmlətməyə çalışacam.
- Ailən ölkə xaricində oynayacağına necə baxır?
- Məni futbola atam gətirib. Atamın məsləhəti ilə futbol oynamağa başlamışam və futbol həyatımda mənə ən çox dəstək olan atamdır. Mən onunla məsləhətləşib, xeyir duasını aldıqdan sonra Türkiyədə oynamaq qərarına gəlmişəm.
- Hal-hazırda Azərbaycandasan. Türkiyəyə nə zaman yollanacaqsan?
- Müqaviləni imzaladıqdan sonra məşqçimiz bizə xüsusi məşq proqramı verdi. Onun üzərində çalışdıqdan sonra Türkiyəyə yollanırıq. İyulun 20-si başlayacaq təlim-məşq toplanışında komandamza qoşulacayıq.