
"Tikinti
sahəsində nə qədər Əhməd Əliyev var, hamısını yığışdırıb göndərin yanıma,
təcili!" Yəqin ki, bu sözləri xatırladınız. 1963-cü ildə mərhum rejissor
Adil İsgəndərov tərəfindən çəkilmiş "Əhməd haradadır?" filmini çoxları,
özü də dəfələrlə izləyib. Filmdə tikinti sahəsində çalışan övladı Əhməd Əliyevi
axtarın Şirin dayı (Məmmədrza Şeyxzamanov) və Nərgiz xala (Nəcibə Məlikova)
qəribə vəziyyətlə üzləşirlər. Məlum olur ki, idarədə onlarla Əhməd Əliyev
işləyir. Yoldaş Zülümovun (Lütfəli Abdullayev) bu işdə onlara etdiyi
"kömək" isə məlumdur. Məhz onun yuxarıda işlətdiyi sitat sonradan
zərb-məsələ çevrilib. Futbol statistikası haqqında yazıya girişi bu tərzdə
verməyimizin səbəbi əbəs deyil. Futbolumuzun da xeyli "Əhməd Əliyev"lər
var. Təəssüf ki, yoldaş Zülümov kimi onlar tez-tez səhv salırnır.
Mövsüm
başa çatmaqla klublar, məşqçilər, futbolçular, bir sözlə futbol təsərrüfatı ilə
bağlılığı olan əksəriyyət dincəlmək üçün müəyyən vaxt qazanır. Amma bunu futbol
statistiklərimizə qismən aid etmək olar. Mövsümün gedişində hər turdan, hər
oyundan sonra statistik məlumatları yeniləmək məcburiyyətində qalan
statistiklərin işi çempionat bitdikdən sonra da davam edir. Keçirilən oyunlar,
vurulan qollar, qazanılan qələbələr... Hər bir futbolçunun, komandanın adına bu
məlumatları yeniləmək asan iş deyil. Həm də böyük diqqət tələb edir. Xırda
diqqətsizlik böyük səhvlərə gətirib çıxara bilər. Necə ki, bir neçə il əvvələ
kimi belə səhvlərin içində "itib-batmaq" olardı.
1992-ci
ildən keçirilən futbol çempionatımızın statistikasını aparan şəxslər
zaman-zaman ciddi problemlərlə üzləşiblər. Məsələn, 2003-cü ilə kimi I
Divizionda keçirilən oyünların protokollarının olmaması bu liqaların
statistikasında böyük boşluqların yaranmasına səbəb olub. Həmin boşluqları
doldurmaq təəssüf ki, artıq mümkün deyil. Premyer Liqa ilə bağlı statistik
boşluqlar da kifayət qədərdir. 2015/16-cə illər mövsümü başa çatdıqdan sonra
statistik Vüqar Xeyrullayev bu boşluqlarla bağlı geniş yazı hazırmış, yaranma
səbəblərini göstərmişdi. Onlardan biri də çempionatlar tarixində eyni adı və
soyadı daşıyan futbolçularla bağlı idi. Başqa sözlə, "Əhməd Əliyev"lərlə.
Artıq, 2016/17-ci illər mövsümü də yekunlaşdığından futbolçuların
statistikasında yeniləmələr aparmağın vaxtıdır. Vüqar Xeyrullayevin köməyi ilə
çempionatlar tarixində eyni ad və soyada malik futbolçularla bağlı faktları
araşdırmaq qərarına gəldik. Məlum oldu ki...
Ötən
ilə kimi 55 halda eyni ad və soyadı daşıyan futbolçu var idi. Rəqəm
dəyişməyəcəkdi. Amma bu mövsümün sonuncu turunda AZAL - "Zirə" matçında
meydan sahiblərinin heyətində Premyer Liqada ilk oyununa çıxan Fuad Bayramov
işləri "korladı". "İnter"in də Fuad Bayramov adlı futbolçusunun olduğunu
nəzərə alsaq, çempionatda 2 Fuad Bayramovun varlığını görərik. Adlar və
soyadlar eyni olsa da, təbii ki, bu futbolçuları qarışdırmaq olmaz. Necə ki,
indiyə kimi bir çox hallarda "qarışıqsalma" söhbəti futbolçuların
statistik göstəricilərinin hazırlanmasında əməlli-başlı problemlər yaratmışdı.
Faktlara
müraciət edək. Vikipediyada futbolumuz və futbolçularımız haqqında yanlış
məşumatlar kifayət qədərdir. Bu barədə daha əvvəl hazırladığımız "Futbolumuzun
özünəoxşar vikipediya səhifələri" yazısında geniş məlumat verdiyimizdən
mövzuya yenidən qayıtmağı lazım bilmirik. Lakin fakt göstərmək üçün həmin
yazıda gedən bəzi məlumatları yenidən yazmağa məcburuq. Məsələn, çempionatlar
tarixində ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur - 421 oyun. Amma
müxtəlif mənbələrdə, o cümlədən vikipediyada Premyer Liqa ilə bağlı hazırlanmış
səhifədə bu ad Azər Məmmədova məxsusdur. "Viki"yə görə, Azər 445 oyunda
meydana çıxıb. Əslində isə bu rəqəm 388-dir. Azərin oyun sayının şişirdilməsi
"Əhməd Əliyev" məsələsi ilə bağlıdır. Belə ki, indiyə qədər Premyer Liqada
Azər Məmmədov adlı 3 futbolçu çıxış edib. Görünür, bəziləri diqqətsizlik edərək
1996/97-ci illər mövsümündə "Şəmkir"də cəmi 8 oyunda meydana çıxan Azər
Məmmədov və "Turan Tovuz"un futbolçusu, bir neçə gün əvvəl "Kəpəz”ə keçmiş
Azər Məmmədovun statistik göstəricilərini oyun sayına görə 2-ci yerdə
qərarlaşan Azər Məmmədova "bağışlayaraq" onu birinci ediblər. Azərlərin
səhv salınması ilə bağlı maraqlı daha bir fakt. Bir neçə il əvvəl bununla bağlı
araşdırma aparanlar gülməli vəziyyətlə üzləşiblər. Məlum olub ki, bir futbolçu
eyni turda, eyni vaxtda 2 komandada oynayıb. Əlbəttə, bu heç bir halda mümkün
deyil. Məsələ burasındadır ki, 1996/97-ci illər mövsümündə "Şəmkir"də də,
"Kəpəz"də də Azər Məmmədov adlı futbolçu çıxış edib. Turların birində bu
futbolçular öz komandalarının heyətlərində ayrı-ayrı şəhərlərdə, özü də eyni
vaxtda oyuna çıxıblar. Lakin ad və soyadlarının eyni olması bəzilərini çaşdırıb
və şəmkirlinin oyun sayı gəncəlinin oyun sayının üzərinə gəlinib.
Buna bənzər
hadisə bir neçə il əvvəl yığmamızın və "Qarabağ"ın kapitanı Rəşad
Sadıqovun başına gəlib. İFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası)
Rəşad Sadıqovun yığmada 100 oyun keçirməsi barədə verdiyi xəbərdən sonra məlum
olmuşdu ki, məlumat yanlışdır. Rədaş Sadıqov o vaxt yığmada 100-dən az oyun
keçiribmiş. Əcnəbilər Rəşad Sadıqovu yığmanın digər üzvü Rəşad Sadiqovla səhv
salmışdılar. O vaxt Vüqar Xeyrullayevin sayəsində bu problem yoluna qoyulmuşdu.
Futbolumuzun
"Əhməd Əliyev”ləri bu cür hallardan sığortalanıblarmı? Təbii ki, əgər
"sığortaçı" rolunu işini dərindən bilənlər oynasa, bəli. Təəssüf ki,
"saxta sığortaçılar" həyatın hər sahəsində olduğu kimi futbol
statistikasında da var.
Ad-soyadı
eyni olan futbolçuların statistik göstəricilərində yaranan problemlər barədə
qısa da olsa məlumat verməyə çalışdıq. Eyni problem sonradan ad və ya soyadını
dəyişən futbolçuların statistik göstəricilərinin hesablanmasında da yaşanır. Bu
haqda növbəti yazımızda geniş bəhs edəcəyik. İndi isə eyni ad-soyada malik futbolçularla
bağlı mövzunu yekunlaşdıraq. 25 illik çempionatlar tarixində 125 futbolçunun
ad-soyadı ən azı 2 halda təkrarlanıb. Fərqləndirmə olmasa, onları 56 futbolçu
kimi qəbul edə bilərik. İndiyədək Ruslan Hüseynov və Ruslan Məmmədov adlı 4
futbolçu müxtəlif vaxtlarda çempionat oyunlarında çıxış edib. 9 eyni ad-soyada
3, 45-nə isə 2 halda rast gəlinir. Təbii ki, çempionatların bir-birini əvəz
etdikcə adaşların da sayı artacaq. Həm də bəzi "Əhməd Əliyev”lərin hələ də
kareyralarını davam etdirdiklərini nəzərə almaq lazımdır. Azacıq diqqət yetər
ki, kiminsə haqqını başqasının adına yazılmasın.
İlqar
TAĞIYEV
"Het-trik
news” qəzeti