
Azərbaycanın
keçmiş iqtisadi inkişaf naziri, 2005-ci ildə həbs olunan və 8 il sonra
əfvlə azadlığa çıxan Fərhad Əliyev Sumqayıt Kimya Sənaye Parkının
rezidenti olan "Alco Lubricant Company” şirkətinin sahibidi. Həbsdən
buraxılandan sonra Azərbaycanı tərk edən və Belarus da daxil olmaqla,
bir sıra xarici ölkələrdə biznes layihələri ilə məşğul olan keçmiş
nazirin ölkəyə döndüyü, bəzi investisiya layihələri həyata keçirməyə
başladığı haqda çoxdan söz-söhbətlər yayılmışdı.
Premyer.az qaynar.info-ya istinadən xəbər verir ki, F.Əliyevin Azərbaycandakı biznes
layihələrindən biri Sumqayıt Kimya Sənaye Parkının ərazisində, 2,5 ha
torpaq sahəsində tikilən sürtgü yağları istehsal edən zavodun
tikintisidi. Həmin zavodu keçmiş nazirin qurduğu "Alco Lubricant
Company” MMC inşa edir. Zavodun investisiya dəyəri 10 milyon manatdır və
orada ildə 30 min ton sürtkü yağı istehsal etməsi nəzərdə tutulur.
Şirkət
2016-cı il mayın 5-də yaradılıb, bundan 45 gün sonra Sumqayıt Kimya
Sənaye Parkının rezidenti statusu verilib və investisiya təşviqi sənədi
ilə təmin edilib. Bu sənədə görə, şirkət əmlak və torpaq vergisindən
tam, mənfəət vergisindən əlli faiz azad olunub. Bundan əlavə şirkət
xaricdən gətirəcəyi avadanlıq və istehsal təyinatlı texnologiyalara görə
gömrük vergisindən də tam azad olunub. Zavodun bu ilin ikinci
yarısında fəaliyyətə başlaması planlaşdırılır.
Şirkətə investisiya təşviq sənədini iqtisadiyyat nazirinin müavini
Niyazi Səfərov təqdim edib. "Alco Lubricant Company" Sumqayıt Kimya
Sənaye Parkının 9-cu rezidenti olub. Şirkətin qurduğu zavod alman
texnologiyaları əsasında sürtgü yağları istehsal edəcək. "Alco
Lubricant” sürtgü yağları üzrə alman brendidi.
Belə görünür ki, Fərhad Əliyev əfv olunandan sonra vaxtilə yığdığı
kapitalın da reabilitasiyası üçün siyasi razılıq alıb. Məlumdu ki,
Əliyev qardaşları hələ 90-cı illərin əvvəllərindən Moldova bizneslə
məşğul olublar, daha sonra Azərbaycanda öz bizneslərini inkişaf
etdiriblər. Fərhad Əliyevin nazir təyin olunması Əliyev qardaşlarının
biznes imperiyasının daha da böyüməsinə şərait yaradıb. Lakin Fərhad
Əliyev həbs olunandan sonra onların akivlərinin bir çoxu əllərindən
alınmışdı.
Bununla belə, şübhə yox idi ki, biznes işlərində və çirkli pulların leqallaşdırılmasında
kifayət qədər məharət sahibi olan Əliyev qardaşları hansısa offşor
zonalarda kapitallarının bir qismini gizlədə biliblər. Və Fərhad Əliyev
və qardaşı, "Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyev həbsdən
buraxılandan sonra həmin kapitalı xarici ölkələrə yatırmağa
başlamışdılar.
İndi
isə Əliyev qardaşlarına şərait yaradılıb və təminat verilib ki,
kapitallarını Azərbaycanda da leqallaşdırsınlar, investisiya
yatırsınlar. Bu xəbər sosial şəbəkədə yayılandan sonra yeni iddialar
ortaya çıxıb. Söz-söhbətə inansaq, sabiq nazir yeni imtiyazların
qarşılığında bəzi idman növlərinə sponsorluq edəcək. Onun SOCAR-la
danışaraq, yeni futbol yaratmaq ehtimalı da yüksək qiymətləndirilir.
Belə ki, F.Əliyevin bu sahəyə marağı hamıya bəllidi.
Qardaşların
əslən Cəlilabaddan olmasını nəzərə alsaq, güman edə bilərik ki, "Ümid"
yenidən ümidlənəcək. Axı bu cənub rayonunu vaxtilə ölkəmizin futbol
səhnəsində məhz sözügedən komanda təmsil edib. Bir zamanlar güclülər
dəstəsində mübarizə aparan "Ümid" fəaliyyətini dayandırandan sonra
Cəlilabadın futbol həyatı demək olar ölüb. "Xəzər Lənkəran" və
"MKT-Araz"ın bir ara ev oyunlarını burda keçirməsi də canlanmaya gətirib
çıxarmayıb. İndi isə mümkündü. Rusiyada yaşayan tanınmış milyarder
Fərhad Əhmədov doğulduğu Göyçay rayonunda "AzNar" adlı komanda
yaradırsa, adaşı niyə bu işi doğma Cəlilabadda görməsin?