
Martın 30-da Azərbaycan kubokunda yarımfinal mərhələsinə start
veriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən
sonra ilk oyununu səfərdə keçirəcək "Qəbələ” Bakıda "İnter”lə
qarşılaşacaq. Ölkə kubokunda 12-ci mövsümdür mübarizə aparan
"qırmızı-qaralar” üçün "İnter Arena”dakı matç 51-ci olacaq. Bunadək 24
görüşdə qələbə qazanan komanda səfər matçına yubiley uğuru üçün
çıxacaq. 25-ci qələbənin astanasında olan "Qəbələ” kubokda 17 heç-heçə
edib və 9 dəfə uduzub. Rəqib qapılarına 79 dəfə yol tapan
futbolçular 80-ci topu "İnter”in qapısından keçirə bilər. Əvvəlki 50
görüşdə rəqiblər 42 qola sevinib.
Bu, "Qəbələ”nin tarixində 5-ci
yarımfinal dueli olacaq. İndiyədək 4 dəfə finalın bir addımlığında olan
"qırmızı-qaralar” bir dəfə həlledici görüşə vəsiqə qazanıb. 2013/14
mövsümündə komanda "Xəzər Lənkəran”ı yarımfinalda dayandırıb – 3:0,
1:1. Klubun tarixində ilk dəfə 1/2 finala çıxması isə 2007/08 mövsümünə
təsadüf edib. Həmin vaxt da rəqib Lənkəran təmsilçisi olsa da, mərhələni
cənublular keçib – 1:3, 1:1. Bir il sonra isə "Qəbələ” indiki rəqibi
"İnter”lə finalın bir addımlığında qarşılaşıb. Onda hər komanda öz
meydanında qələbə qazanıb və finala bakılılar yüksəlib – 0:5, 2:0. Ötən
il isə Roman Qriqorçukun yetirmələri yarımfinalda "Neftçi” səddini keçə
bilməyib – 1:1, 1:1, pen. 3:4.
Bu mərhələdə 2 qələbə qazanıb,
eyni sayda uduzub, 4 dəfə heç-heçə edən komanda məğlubiyyətsizlik
seriyası da diqqət çəkir. Belə ki, penaltilər seriyası nəzərə alınmasa,
yarımfinaldakı son 5 matçda "Qəbələ” uduzmayıb. Son üç görüşdə isə 1:1
hesabı qeydə alınıb.
Ümumilikdə isə "qırmızı-qaralar” 9 oyundur
kubokda uduzmur. Son yenilgi 2015-ci il martın 4-də qeydə alınıb.
2014/15 mövsümünün 1/4 finalında "Simurq”a 0:3 hesabı ilə məğlub olandan
sonra "Qəbələ” 5 qələbə qazanıb, 4 heç-heçə edib.
Səfərdə
qazanılacaq qələbə daha iki yubileylə əlamətdar ola bilər. Bu, klub
tarixində rəqib meydanlarında ümumilikdə 80-ci, kubokda 10-cu qələbə
kimi tarixə düşəcək. Belə ki, indiyədək səfərdəki 217 oyunda 79 dəfə
qalib gələn komanda kubok yarışındakı 22 matçda 9 dəfə sevinib.
Xatırladaq ki, "Qəbələ” 1/8 finalda "Zaqatala”nı (2:2, pen. 4:1), 1/4 finalda AZAL-ı (2:1, 1:0) mübarizədən kənarlaşdırıb.
gabalafc.az