
Premyer.az 2016-cı ilin ən yaxşı futbolçusu Rəşad Sadıqovun "Report"a müsahibəsini təqdim edir:
"Qismət olsun, Kəlbəcərə bayrağımızı mən asım"
- Artıq 34 yaşınız var. İnsan həyatı enişli-yoxuşlu olur. Rəşad Sadıqovun həyatında eniş daha çox olub, yoxsa yoxuş?
-
Təbii ki, hamısı paralel olub. Enişdən danışırıqsa, ora düşmək üçün
mütləq yoxuşda olmalısan. Yoxuşdan danışırıqsa, qalxmaq üçün enişdə
olmalısan. Yəni, həm enişli, həm də yoxuşlu dövrümüz olub. Bu, təkcə
idmanda yox, həyatda da müşahidə olunur. Həyatımız bir gün pis, bir gün
yaxşı, qəmli, sevincli olur. Bu da normaldır. Həyatın qanunu belədir.
Futbol karyeramda belə hallar çox olub.
-
Şəxsi həyatınızdan danışaq. Əslən hazırda işğal altında olan
Kəlbəcərdənsiniz. O ağrılı-acılı illəri, müharibə dövrünü necə
keçirmisiniz?
-
Özüm Bakıda doğulmuşam. Ailəmiz, babamgil 1960-cı illərdən Bakıya
köçüb. Amma əslimiz, qohum-əqrabamız Kəlbəcərdən olub. Yayda gedib orada
istirahət edirdik. Həmin vaxt uşaq da olsam, xatirələrim qalıb. O
dövrlər bizim üçün çox ağır idi. Hər gün zənglər gəlirdi, kimsə ölürdü,
hansısa rayon işğal olunurdu. Bu günə qədər yadımdadır: zəng olundu ki,
Xocalı hadisələri baş verdi, Kəlbəcər getdi. O vaxt çox şeyi dərk
etməsəm də, uşaq olsam da, indi başa düşürəm ki, onlar həyatımın ən ağır
günləri idi. Yaxınlarını itirirsən, torpaqlarını itirirsən. Həmin anlar
mənim də, Azərbaycanımızın da ən ağır günləri idi. Kəlbəcər gedəndə 10
yaşım vardı. İşğal altındakı rayonlarımızı itirərkən, 10 - 11 yaşımda
olmuşam.
- Həmin vaxtı qohumlarınız rayondan köçməyə başlayırdı yəqin...
- Hə. Bir müddət çoxlu insan evimizdə yaşadı. Çünki həmin vaxt Bakıda yaşayan kəlbəcərlilər az idi.
- Hansı kənd idi?
- Biz Kəlbəcərin özündən idik.
- Deyirlər, oraların camaatı yaxşı dolanıb, həm də rayonun özü istirahət üçün yaxşı məkan olub...
-
Mən oralara gedəndə uşaq idim. Çəmənlikdə qaçdığım, dağa getməyim,
toyuq-cücə ilə oynadığım yadımdadır. Belə dövrlər idi. Kəlbəcərlilərin
xüsusiyyəti haqda onu deyə bilərəm ki, çox qonaqpərvər, mehriban,
zəhmətkeş olurlar. Bunlar əsas xüsusiyyətləridir. Həmişə Allaha dua
edirəm ki, qismət olsun, Kəlbəcərə bayrağımızı mən asım. Belə deyək də,
həyatı dərk etdikdən sonra bu, ürəyimdəki ən böyük arzudur. Onda uşaq
idim. Xatirələrim çox azdır.
-
Müharibə vaxtı Bakıya məcburi köçkünlər gəldi. Ümumiyyətlə, onların
normal həyat səviyyəsinə çatdırılmasında Sizin nə dərəcədə rolunuz oldu?
-
Rolum çox zəif olub. Uşaq idim. Ailəmizdə də çətin günlər müharibədən
sonra başladı. Babamın kəlbəcərlilərə çox böyük köməyi dəyib. Deməzdim
bizə sığındılar. Kimlərəsə qismən də olsa, əl tutduq.
- Babanız nə işləyirdi o vaxt?
-
Sabunçu rayonunda polis işçisi idi. Artıq dünyasını dəyişib. Çox
qonaqpərvər, dostcanlı idi. O günlər yadımdadır. Atam və anam da onun
etdiklərini mənə danışırdı. Evimizdə çox adam yaşayırdı. O zaman babamın
imkanı yaxşı idi və gücü çatanı edirdi. Amma daha sonra ailəmiz üçün
çətin dövrlər başladı. Babam pensiyaya çıxdı, daha sonra dünyasını
dəyişdi. O dönəmdə iş tapmaq çətin idi. Bu səbəbdən, ailəmiz çox
çətinlik çəkirdi. Mənim də ayağım yer tutduqdan sonra dövlətimiz məcburi
köçkünlər üçün şərait yaratmışdı. Bundan sonra mənim köməyimə ehtiyacı
olan elə də adam yox idi.
"Bu gün basketbol oynamaram"
- Karyeranızda yalnız öz oyun keyfiyyətinizin rolu oldu, yoxsa qismət amili də var?
-
Düşünürəm ki, mənim Azərbaycan səviyyəsində uğurlu oynamağım sırf
qismətlə, Allahın mənə verdiyi ruzı-bərəkətlə bağlıdır. Çünki həqiqətən
də böyük potensialım yox idi və öz yaşıdlarım arasında da o qədər
seçilmirdim. Bir şeyi nəzərə alın ki, 16 yaşımda milliyə düşməmişdim.
İndi həmin milli U-17-dir. Amma o vaxtlar U-16 və U-18 yığmaları mövcud
idi. Bu dərəcədə komanda yoldaşlarımdan geri qalırdım. Ancaq birdən-birə
18 yaşımda əsas milliyə düşdüm. Bu, Allahın mənə verdiyi nemət idi. Ona
görə də Allahıma çox şükür edirəm. Ondan sonra olanlar göz qabağındadır
və hər biriniz nələrin baş verdiyini görmüsünüz.
-
Qismət mövzusu mətbuatda çox müzakirə olunur. Çünki bu, mücərrəd
söhbətdir. Məsələn, elə "Turan Tovuz"da çıxış etdiyiniz vaxt həmişə
qolunu çırmalayıb oynayırdınız. Sizcə, bu "qismət" söhbəti ilə öz oyun
keyfiyyətinizi aşağı salmırsınız?
-
O oyun keyfiyyətini də bizə Allah verir. Nə səbəbdən verir, niyə verir,
bizim üçün imtahandırmı, nemətdirmi, bunu Allah bilir. Amma mən o
fikirdəyəm ki, nədəsə "mən" deməyə haqqımız yoxdur. Mən heç vaxt "mən"
demirəm.
- Nə vaxtdan başa düşdünüz ki, bunu Sizə Allah verib?
- Elə gənc yaşlarımdan. Onu başa düşdükdən sonra Allah mənə daha çox verdi.
- O zaman niyə futbolçu karyeranız enişli-yoxuşlu oldu?
-
Eniş dövrlərinin öz səbəbləri olub. Nə deyim? Deyim: "Günah məndə idi
və ya kimdəsə olub"? Bu, düzgün olmaz. Səhv etdiyim, haqsızlıqlarla
üzləşdiyim, hətta lap xırdalığı ilə desəm, işimə ciddi yanaşmadığım
vaxtlar da olub. Düşünürəm ki, mənə necə karyera seçəcəyimi desəydilər,
yenə bunu seçərdim. Çünki bütün futbol ictimaiyyəti qarşısında alnım
açıqdır. Bəli, səhvlərim olub. Amma istər azarkeşlər, istərsə də komanda
yoldaşlarım və ya digərləri qarşısında utancverici hərəkətim olmayıb.
Kiminsə haqqına girməmişəm və ya kimisə təhqir etməmişəm. Nə vaxtsa pul,
şan-şöhrət qarşısında əyilməmişəm. Həmişə çalışmışam karyeramda və
həyatımda mənəviyyata önəm verim. Karyeramı gözümün qarşısına gətirdikdə
utandırıcı nəsə görmürəm. Bəli, böyükhesablı məğlubiyyətlərimiz olub
ki, buna görə azarkeşlərimiz qarşısında utanmışam. Amma həmin gündə,
həmin oyunda bundan artığına gücümüz çatmayıb. Sadəcə, səviyyəmiz bu
qədər olub. Mən futbolçuyam və təkcə karyeramla iş bitmir. Sən insansan
və futbolçu karyeranla yanaşı, şəxsi həyatın da var. İkisində də
nöqsanlar buraxmamaq üçün hərdən karyeranda bəzi enişlər olur. Bilirsən
ki, bu, karyerana zərbə olacaq. Amma şəxsiyyətin imkan vermədiyi üçün bu
addımları atmırsan, kiminsə qarşısında əyilmirsən. Mən həmişə
şəxsiyyəti karyeramdan üstün tutmuşam. Buna görə də çox problemlə
üzləşmişəm. Ancaq yenə də peşman deyiləm. Sabah da eyni vəziyyət olsa,
belə addım ataram. Demirəm səhvlərim olmayıb. Amma kiməsə qarşı böyük
səhvim olmayıb. İstərdim ki, dünyamı dəyişənə qədər böyük səhvlərlə
yadda qalmayım, kiminsə haqqına girməyim.
-
Səhvlərinizin olduğunu dediniz. Basketbolla məşğul olduğunuz zaman o
məsələ ətrafında cərəyan edən proseslər səhvlərinizdən biri deyildi?
-
Səhv hesab etmirəm. Amma bu gün o situasiya ilə qarşılaşsam, basketbol
oynamaram. Yəni, 23-24 yaşım vardı. O gün üçün bu, mənə elə də problem
kimi gəlmirdi. Dostlar deyir gedək basketbol oynayaq, mən də boş idim,
oynayırdım. Amma bu gün belə bir situasiya ilə üzləşsəm, oynamaram.
Düşünərəm ki, lazım deyil. Həm də o səbəbə görə ki, basketbola da zərbə
vura bilərəm. Amma futbolsuz qaldığım vaxt milli komandanın, "Neftçi"nin
kapitanı idim, amma bu gün olsa, oynamaram. Hər yaşın öz düşüncələri
var. 23 yaşında atdığın atdımı 35 yaşında atmazsan. Məsələn, 23 yaşında
dediyim sözü bu yaşda demərəm. Əminəm ki, 23 yaşımda verdiyim müsahibəyə
baxsam, deyərəm ki, "Rəşad, burada bu sözü belə desəydin, daha yaxşı
olardı". Bu, illərlə gələn bir şeydir. Cavanlığın öz düşüncələri var.
Amma illərlə müdriklik, fərqlilik gəlir. Yenə deyirəm, bu gün olsa,
basketbol oynamazdım.
"Onda belə çıxır ki, vətən xainiyəm?!"
-
Sizi nə vadar etmişdi? Əsas proseslər 2006-cı ildə Ukraynaya 0:6
hesablı məğlubiyyətdən sonra başladı. O zamanki baş məşqçi Şahin Diniyev
belə bir açıqlama verdi ki, niyə bizim bir dənə də futbolçumuz görüşdə
sarı vərəqə almadı?
-
O oyunun üstündən çox keçib. Bu dəqiqə durub həmin anı detalları ilə
danışmaq düzgün deyil. Çünki bütün məsələlər müzakirə olunub və məsələ
bağlanıb.
- Amma hər kəs həqiqəti bilməlidir...
-
Mən yetərincə açıqlama vermişəm. Gənc nəsil bəlkə də həmin anı bilmir.
Bilməyənlərə də bilənlər danışacaq. Heç nə baş verməmişdi. Çıxıb
oynamışdıq. Ukrayna həmin il Avropa çempionatının 1/4 final mərhələsinə
qədər çıxmışdı. Çox güclü komanda idi. Səfərdə 0:6 uduzduq. Zəif
oynamışdıq. O dövr üçün birinci dəfə deyildi ki, belə hesabla məğlub
olurduq. Sadəcə, uduzmuşduq. Nəsə baş verməli deyildi.
- Amma sizə qarşı, futbolçulara qarşı münasibət dəyişdi...
-
Bunu mənə qarşı münasibəti dəyişən insandan soruşsaydınız, daha yaxşı
olardı. Pis oynayıb, 0:6 hesabı ilə məğlub olmuşuq. Mən yığmanı tərk
etməmişəm ki?! Məni tərk ediblər. Başda mən olmaqla, bütün komanda ilə
zəif oynamışıq. Rəqib yaxşı formada idi. Bizdə isə mövsüm yeni
başlamışdı. Bu məğlubiyyətlər normaldır. Çünki rəqiblər arasında fərq
çox böyükdür. Fikirləşin, 11 nəfər İngiltərə Premyer Liqasında oynayana
qarşı Azərbaycan çempionatında çıxış edən 11 oyunçu mübarizə aparır. Bu
gün biz San Marinonu səfərdə 1:0 udub tənqid olunuruqsa, onlara da eyni
münasibət göstərilir. Onlar da gözləyir ki, niyə Azərbaycanı 1:0
udursunuz, 5-6 topluq fərqlə yox? Ustalıq səviyyəsi var. Sabah yenə də
ola bilər. "Fiorentina"ya klub səviyyəsində 1:5 uduzduq. Hələ nə qədər
də imkanları oldu, 5 dənə də vura bilərdilər. Meydanda ustalıq və say
fərqi vardı. İndi necə deyək ki, niyə bu hesabla uduzdunuz? Futboldu da,
rəqib səni meydanda üstələyir. Ölkə çempionatında kimisə 5:0, 6:0
uduruq. O deməkdir ki, kimsə qovulmalıdır, ya kimsə var gücü ilə
oynamır? Bu, tipik ustalıq fərqidir. Olur ki, mübarizə aparırsan, rəqibə
əl-qol açmağa imkan vermirsən və qol epizodlarından istifadə edə
bilmir. Amma normal nəticə alınır. Üstəlik elə oyunlar da olur ki, rəqib
nə epizod yaradırsa, qol olur.
-
Sadəcə, o dövrlər bu gün də çox müzakirə olunur. İstər Ukraynaya 0:6,
istərsə də Polşaya 0:8 hesablı məğlubiyyətlərdə futbolçuların qəsdən
oynamadıqları səbəb göstərilir...
-
Ona görə dedim ki, mənim alnım azarkeşlər və millətim qarşısında
tər-təmizdir. Mənə ləkə yaxan insanların da hamısı axirət günündə cavab
verəcək. Hamı bilir ki, mən Allaha necə inanam insanam. Əgər mən istər
milli, istər klub səviyyəsində bir saniyə, bir dəqiqə var gücümlə
oynamamışamsa, Allah məni necə istəyirsə, cəzalandırsın. Mən nə deyim?
Bunu bir Rəşad olaraq deyirəm: Kimdəsə şübhə qalıbsa, qoy Allah bilsin
ki, mən nə vaxtsa meydançada var gücümlə oynamamışam. Bəli, zəif
oynamışam, formada olmamışam, oyuna ciddi hazırlaşmamışam, bunlar başqa
söhbətlərdir. Belə şeylər ulduz futbolçuların - Messinin, Ronaldunun da
həyatında olur. Hər kəs həyatında səhvə yol verir. Amma sənin həyatında
2-3 böyükhesablı məğlubiyyət olursa, onu nə iləsə bağlamaq düzgün deyil.
Biz Berti Foqtsun dönəmində səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzandan
sonra da söhbətlər başlamışdı. 3 oyun idi uduzurduq. Dördüncü oyun
Türkiyəni udduq, qolu da mən vurdum. Heç kim demədi ki, biz bu cür
söhbətlər etmişik, haqqınıza girmişik, üzr istəyirik. Bunu heç kim
demir. Özünüz görürsünüz ki, komandada necə ab-hava var, hər kəs
sevinir. Niyə biz bunun daimi olmasını istəməyək? Bizim 10 həyatımız,
mənim 15 karyeram yoxdur. Cəmi bir həyat və bir karyeram var. Mən bunu
nəyə xərcləyim? Niyə qəsdən oynamamalıyam? Məqsəd nədir? Nə əldə etmək
istəyirəm? Onda belə çıxır ki, vətən xainiyəm?! O vaxt da demişdim.
Demişdim ki, siz belə düşünürsünüzsə, deməli, mən vətən xainiyəm. Məni
məhkəməyə verin, məni həbs edin. Kimsə çıxıb milli səviyyəsində qəsdən
var gücü ilə oynamırsa, o adam vətən xainidir. Bunu sübut etmək, cinayət
işi açmaq, həmin adamı futboldan silmək lazımdır. İndi nə var ki,
istənilən şəxsə "oğru", "cinayətkar" deməyə. Dildir, nə qədər istəsən
danış. Amma axirətdə hamı bir-bir hesab verəcək.
"Biz bu həyatı şərəfsiz olmaq üçün yaşamadıq"
- Milli çox keşməkeşli, ağır günlər keçirib. Qələbələr də olub, məğlubiyyətlər də...
-
Bu mövzuya mənim emosional yanaşmağımı başa düşməlisiniz. Çünki bu,
karyeramda ən ağır dövr idi. Təsəvvür elə ki, sənə deyirlər ki, böyük
cinayət işlətmisən. Amma sənin heç bundan xəbərin yoxdur. Deyirlər,
insanları, ətrafındakılar buna inandırmağa çalışırlar. İnandırırlar,
amma sənin bu mövzudan ümumiyyətlə xəbərin yoxdur. Bu hisslə necə
yaşayarsan? Səni uzaqlaşdırırlar, futbol oynamağa qoymurlar. Sən bu
hisslə necə yaşayarsan? 50 il də keçsə, onu yaddan çıxarmaram. Heç kimə
qarşı kin saxlamıram. Amma yüz faiz əminəm ki, qarşı tərəfin səhvi olub.
Mənim səhvim o qarşılaşmanı zəif oynamağımdır. "Qarabağ"ın heyətində
AZAL-a 2:6 hesabı ilə uduzmuşam. Qəsdən eləmişəm, yoxsa Qurban
Qurbanovun torbasını tikmişəm? Qolun 3-ü mənim səhvimdən vurulub.
Oyundur, hə, zəif oynamışam, yaxşı hazırlaşmamışam. Amma o demək deyil
ki, sən nəyəsə görə, kimisə ləkələyəsən. "Qəbələ" "Neftçi"ni 8:0
udmuşdu. "Qəsdən uduzdular" deyirlər. Amma mən orada olmaya-olmaya
deyirdim ki, onlar qəsdən uduzmayıb. Futboldur, sadəcə, həmin gün elə
alındı. Çünki özüm bu işləri yaşamışam. Braziliya Almaniyaya 1:7 hesabı
ilə uduzur. Onda qəsdən uduzurdular? Elə şey olar? Sübut varsa, həmin
adamı Azərbaycan futbolundan kəsib atmaq lazımdır. Əks halda, belə
söhbətləri yığışdırmaq lazımdır. Danışmağa nə var ki?! Bilmirəm nə
məsələ idi, amma axirətdə hər kəs cavab verəcək. Bir daha deyirəm: And
olsun Allaha, mənim millətim və azarkeşlərim qarşısında alnım açıqdır.
Şərəfimə and içirəm ki, bu, belədir. Axirətdə hər şey bilinəcək.
- O məğlubiyyətlərdən sonra əsas nəzərlərin Sizin üzərinizə yönəlməsinə kapitan və aparıcı oyunçu olmağınız səbəb olmuşdu...
-
Kimlər üçünsə ola bilər ki, həyatda mənəviyyat önəmli deyil. Amma mən
bunlara ömür boyu önəm vermişəm. Bunlar üçün yaşamışam. Elə bil hərəkət
etmirəm ki, sabah komanda yoldaşımın üzünə baxanda utanım. Millətimə
qarşı bu cür hərəkət edəcəyəm? Məni yandıran o olub. Amma olan olub,
keçən keçib, illər ötüb. Yaddan çıxarmışam, üstündən keçmişəm. Çünki
səhv məndə yox, qarşı tərəfdə olub. Kimdə olub, necə olub, kim kimə
təzyiq göstərib, dəqiq bilmirəm. Yüz variant ola bilər. On cür versiya
deyən adam olub. Nə bilim, biri deyir: "Paltardəyişmə otağında olub".
Paltardəyişmə otağında olan 18 nəfərdən biri gəlsin, mənə desin,
vəssalam, futbolla qurtarıram, həyatla qurtarıram. Biz bu həyatı
şərəfsiz olmaq üçün yaşamadıq.
- Konkret Sizə qarşı ittiham irəli sürən yoxdur...
- Amma o, mənim karyeramın ən yaralı yeridir.
- Razısınızmı ki, bu gün Azərbaycan futbolçuları arasında lider Sizsiniz?
-
Yox, 3-4 lider futbolçu var. Yaşıma, oyun praktikama görə, ola bilər,
kimdənsə təcrübəm çoxdur. Amma o vaxtlar mənim 22 yaşım vardı.
-
Milli komanda hazırda yüksəlişdədir. 4 oyuna 7 toplasanız da, axırıncı
oyunda Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyət komandaya necə təsir
etdi?
-
Problem budur. Futboldur, ola bilər ki, kiməsə böyük hesabla uduzaq.
Amma bu gün yığdığımız xal yaxşıdır. Yəni, burada 1:0 da, 5:0 da udsan,
xal durumu dəyişmir - yenə 3 xal veriləcək. Bizə iki oyunda 1:0 udmaq
lazımdır, nəinki 0:1 hesabı ilə uduzmaq. Almaniya çox ciddi rəqibdir. Bu
xallar da bizə çox böyük kömək edəcək. Evdəki oyunda rəqib tələsəcək.
Məsələn, "Fiorentina"ya 1:5 uduzduq, oturaq ağlayaq? Artıq o kitab
bağlandı və qarşıdakı oyunlara baxmaq lazımdır. Bu gün bizdən çox bunu
istəyən yoxdur. Bu gün bizim komandadan, məndən çox bunu istəyən yoxdur.
Aydın məsələdir ki, nəyə görə istəyirəm. Dayanmaq yox, davam etmək
lazımdır. Qarşıda bizim oyunlarımız var. Onlara baxmaq lazımdır.
- Bu istək Sizi 4 oyunu Bakıda keçiriləcək 2020-ci il Avropa çempionatınadək yığmada çıxış etməyə sövq etmir?
-
Hazırda sırf 2018-ci il dünya çempionatının seçmə tsikli barədə
düşünürəm. AVRO-2020-də 37-38 yaş olacaq. Kim istəməz ki, evdəki Avropa
çempionatında oynasın?