
2020-ci
ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4
oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması
haqqında
Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Premyer.az Sərəncamı diqqətinizə çatdırır:
Azərbaycanın
artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il
ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən
dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol
xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya
çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər
arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı
ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
2014-cü il sentyabrın 19-da Avropa
Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə
futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu)
Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar
hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan
Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə
görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində
əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları
tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Bu oyunların Bakıda təşkili futbolun
daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət
siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da
artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait
yaradacaqdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində
layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2020-ci ilin iyun ayında futbol
üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı
şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi
yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin sədr müavini
Rövnəq Abdullayev - Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4
oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı
əməliyyat işlərinin rəhbəri
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Əli Əsədov - Azərbaycan Respublikası
Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası
Prezidenti Administrasiyası rəhbərinin müavini
Fatma Abdullazadə - Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
üzvü
Azad Rəhimov - Azərbaycan
Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə
Komitəsinin üzvü
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Cahangir Əsgərov - "Azərbaycan Hava
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsinin üzvü
Etibar Pirverdiyev - "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya
Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
İlham Mədətov -XXIX və XXX Yay
Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat
komitəsinin katibi)
Elxan Məmmədov - Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4
oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə
əlaqələndirici.
2. 2020-ci ildə futbol üzrə Avropa
çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün
təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12
təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin
aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə
olunsun.
3. Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun
Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb
Təşkilat Komitəsinə təqdim etsin.
4. Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun
Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2016-cı il.