
Miskin
yubilyar
Mingəçevir
iqtisadi cəhətdən Azərbaycanın dördüncü şəhəri sayılır. Bu şəhər həm də futbol
məkanı kimi tanınıb. Hazırkı durumda bu ifadəni "tanınırdı" kimi ifadə
etmək daha çox yerinə düşər. Çünki indi Mingəçevirdə futbolu özündə əks etdirən
demək olar ki, nəsə qalmayıb. Bu haqda bir qədər sonra. Bu yazımızda sizə
Mingəçevir futbolunun tarixindən və uğurlarından söz açacağıq. Bu da təsadüfi
deyil. Çünki 2016-cı il bu şəhərin futbolu üçün əlamətdar ildir. Bu il
Mingəçevir futbolunun 50 yaşı tamam olur. Yəni, yubileyidir.
Mingəçevirdə
futbolun rəsmən yaranma tarixi 1966-cı ildən hesablanmağa başlayıb. Həmin vaxt
Mİngəçevir təzəcə qurulduğundan futbol da yeni-yeni təkamül tapırdı. Şəhərin ilk peşəkar futbol klubları
"Avtomobilçi", "Toxucu" sayılır.
Mingəçevir
Azərbaycan futboluna bir çox tanınmış simalar bəxş edib. Ramiz Məmmədov, Mehman
Alışanov, Mehman Baxışov, Arif (Aron) Zərbailov, Əli Məmmədov, Elbrus
İsmayılov, Əkrəm Baxşəliyev, Ədahim Niftəliyev, Elşad Kərimov, Zaur Qarayev,
Ruslan Əmircanov və digərləri.
Mingəçevir futbolu ilə bağlı daha bir maraqlı fakt - SSRİ-nin tanınmış
qapçılarından olmuş Yuri Romenski 1969-70-ci illərdə Mingəçevirin "Toxucu"
komandasının şərəfini qoruyub. Sonradan məşhurlaşan qapıçı SSRİ yığmasına qədər
yüksələ bilib. Ümumiyyətlə, SSRİ dövründə Mingəçevirin müxtəlif adlı
komandalarının onlarla futbolçusu sonradan respublikanın əsas komandası sayılan
"Neftçi"yə keçməklə daha da məşhurlaşıblar. Yəni, Mingəçevir komandaları
bir növ "Neftçi"nin "depo"su sayılıb.
Ötən
əsrin 90-cı illərində Azərbaycanın gənclərdən ibarət milli komadalarında da
mingəçevirli uşaqların sayı az olmayıb. Azərbaycan Kubokunun tarixində vurulan
ilk qolun da altında mingəçevirli imzası var. Belə ki, ölkə kuboku tarixində
ilk qolu Mingəçevir futbol məktəbinin yetirməsi Mehman Baxışov vurub.
Müstəqillik dövründə Mingəçevir daha çox "Kür-Nur" klubu ilə tanınıb. Bu
haqda az sonra.
Haradasan,
ay "Avtomobilçi”?
Sovet
dövründə Mingəçeviri təmsil edən komandalar SSRİ birinciliyinin aşağı
dəstələrində və respublika miyqaslı yarışlarda daim iştirak ediblər. Bu mənada
"Avtomobilçi"ni xatırlamaq yerinə düşər. Komanda 1980-ci ildən 1987-ci ilə
kimi SSRİ birinciliyinin 2-ci dəstəsinin 9-cu zonasında çıxış edib. Doğrudur,
hansısa nailiyyət qazanmayıb, çox vaxt çempionatı sonuncular sırasında başa
vurub. Amma dövrünün ən çətin komandalarından biri olub. Statistikaya nəzər
salsaq, komanda ən yaxşı halda 2 dəfə - 1980 və 1986-cı illərdə 8-ci yeri
tutub. 1981 və 1987-ci illərdə isə sonuncu olub. Məhz 1987-ci ildəki uğursuzluğa
görə 2-ci dəstə ilə vidalaşıb. "Avtomobilçi"də məşhur futbolçulardan başqa
tanınmış məşqçilər də işləyib. Məsələn, əfsanəvi Anatoli Banişevskinin adını
çəkə bilərik. "Banya" "Avtomobilçi"nin ilk ilində komandada olmasa
da, sonradan Mingəçevir təmsilçisi ona tapşırılıb. Buna kimi isə komandanı
Nadir Qasımov çalışdırıb. Əfsanəvi futbolçu bu gün də Mingəçevirdə ehtiramla
xatırlanır. Hətta bəzi azarkeşlər yarızarafat-yarıciddi onu mingəçevirli hesab
edirlər.
"Avtomobilçi"nin
2-ci dəstədə çıxış etdiyi vaxtlarda Azərbaycanın ilk derbisi reallaşıb. Bu
barədə bir müddət əvvəl qəzetimizdə "Azərbaycan futbolunun ilk derbisi"
başlıqlı araşdırma yazı da getmiş və futbol ictimaiyyəti arasında geniş
rezonans doğurmuşdu. Söhbət "Avtomobilçi" və Gəncənin "Kəpəz" komandaları
arasında keçirilən oyunlardan gedir. Bu iki komandanın, əsas da Mingəçevirdə
keçirilən matçlarında yaşananlar bu gün də stajlı futbol azarkeşlərinin
xatirindədir. Qarşıdurma, ajiotaj, təəssüf doğurucu məqam olsa da, dava-dalaş
və s. həmin derbidə var idi. Mingəçevirli azarkeşlərin çılğınlığını daha
qabarıq sezmək olardı. Ümumiyyətlə, Mingəçevir klublarının ev oyunlarında hər
zaman böyük azarkeş kütləsi olurdu. Yusif Məmmədzadə adına 12 minlik stadiona
nəzərdə tutulandan çox azarkeş toplaşırdı. Gəncə klubları ilə oyunlar isə bir
qayda olaraq anşlaq şəraitində keçirdi. "Kəpəz"lə oyunlardan əvvəl və
sonra mütləq gərginliq, qarşıdurma olmalı idi. Vay o gündən ki,
"Avtomobilçi" məğlub olardı...
Qurumuş
"Kür”, sönmüş "Nur”
Müstəqillik
qazandıqdan sonra şəhər çempionatda "Kür-Nur"la təmsil olunub.
"Kür-Nur" o vaxtlar Azərbaycanın ən güclü komandalarından biri hesab
edilirdi. Təsadüfi deyil ki, Mingəçevir təmsilçisi 2 dəfə 1992 və 1994/95-ci
illər mövsümündə Azərbaycan Kubokunun finalına çıxıb. Lakin hər 2 halda məğlub
olub. Birinci dəfə Bakının "İnşaatçı" komandasına (1:2), ikinci dəfə isə
"Neftçi"yə (0:1). Düzdür, komanda çempionatda da uğur qazana bilməyib, heç
vaxt medalçılar sırasına düşməyib. Amma mövcud olduğu dönəmdə adından söz
etdirməyi bacarıb. Xüsusilə də 1995-96-cı illərdə komanda iddialı olması ilə
diqqət çəkib. Yeri gəlmişkən, 1995-ci ildə ölkə kubokunun finalına qədər
irəliləyən "Kür-Nur"a təzyiqlər var idi. Ən çox da Samir Ələkbərova görə.
Həmin vaxt Samir "Kür-Nur"un aparıcı futbolçusu idi və komandanın finala
çıxmasında böyük pay sahibi olmuşdu. Lakin onun AFFA rəhbərliyi ilə ciddi
problemləri var idi. Məhz bu səbəbdən də federasiya futbolçuya və kluba təzyiq
edərək finalda oynamasına icazə vermədi. Bu isə "Kür-Nur"un gücünü
azaltmaqla bərabər, digər futbolçulara psixoloji cəhətdən də mənfi təsir etdi.
Yekunda "Neftçi" minimal hesablı qələbə qazanaraq kuboka sahib çıxdı.
1995-96-cı
illər mövsümündə də "Kür-Nur" güclü heyət yığa bildi. Rəhbərlik bir sıra
təcrübəli futbolçularla yanaşı "Turan"dan Musa və Qurban Qurbanov
qardaşlarını transfer etdi. Nəticədə komanda "altılığ"a vəsiqə qazandı.
Lakin orada daha güclü rəqiblərinə ciddi müqavimət göstərə bilməyərək, mövsümü
6-cı pillədə başa vurdu. 1997-ci ildə isə komanda maddi sıxıntı səbəbindən fəaliyyətini
dayandırdı.
Yetim
uşağa bənzəyən "Energetik”...
2003-cü
ildə Mingəçevir böyük futbola "Energetik"lə qayıtdı. Həmin vaxt yaxşı
heyət yığan komandanın başında futbolçu karyerasını yenicə başa vurmuş Zaur
Qarayev dayanmışdı. Klub I Divizionda mübarizəyə başladı. Rəqiblər də yetərincə
güclü və iddialı idi: "Gənclərbirliyi", "Göyəzən", "Karat"...
Düzdür, mövsümün sonunda "Energetik" elitaya vəsiqə verən ilk iki yerdən
birini tuta bilmədi. Bu yerlər "Gənclərbirliyi" ilə "Göyəzən"ə qismət
oldu. Lakin mərhum Ramiz Mİrzəyevin yenicə prezident seçildiyi o vaxtı AFFA
futbolda kütləviliyi artırmaq üçün 3-cü və 4-cü pilləni tutmuş "Karat"la
"Energetik"i də elitaya buraxdı. "Karat" bu şansdan istifadə etsə də,
təəssüf ki, "Energetik" rəhbərliyi gözlənilmədən geri çəkilərək yüksək
liqada oynamaqdan imtina etdi. Səbəb kimi də maliyyə göstərildi. O gündən bu
günə Mingəçevir futbolu böhrandan çıxa bilmir.
"Energetik"in
hazırkı çıxışı isə Mingəçevir futbolu adına ləkədən başqa bir şey deyil. Çətin
ki, əsl mingəçevirli azarkeş 0:10 hesablı məğlubiyyəti həzm edə bilsin. Komanda
"Azərişıq Enerji" şirkətinin himayəsindədir. Amma necə deyərlər, Allah
kəssin belə himayəni. Futbolçulara sanki dilənçi payı verilir. Zavodda fəhlə
kimi qeydiyyata alıb ayda "5-10” manat maaş ödənilir. Bu vəziyyətdə təbii ki,
hansısa inkişafdan, ümumiyyətlə, futboldan danışmaq olmaz. Futbolçuların çoxunun məşq etməyə forması,
butsusu belə yoxdur. Üzücü məqamlardan
biri də budur ki, Mingəçevir şəhər rəhbərliyi də komandaya biganədir. Elə bil,
heç şəhərdə bu adda komanda yoxdur.
"Müalicəyə”
ehtiyacı olan "xəstə”
Mingəçevir
futbolunun acı durumu şəhərin baş arenasının simasında da aşkar şəkildə görmək
olar. 12 min tamaşaçı tutumu olan Yaşar Məmmədzadə adına stadionun vəziyyəti
ürək ağrıdır. Stadion 1953-cü ildə inşa olunub. İstifadəyə verildiyi vaxtdan bu
günə kimi 2 dəfə kosmetik təmir edilib. Hələ 2003-cü ildə "AzərTAC"ın
yaydığı məlumatda bildirilirdi ki, stadion 50 illik yubileyi münasibətilə
əsaslı təmir edilir. 2009-cu ildə agentlik stadionun yenidən qurulması ilə
bağlı daha bir xəbər yaydı. Xəbərdə qeyd olunurdu ki, Prezident İlham Əliyev
Mingəçevirə səfəri çərçivəsində Yaşar Məmmədzadə adına şəhər stadionunda
aparılan yenidənqurma işləri ilə də tanış olub. Məlumatda 1953-cü ildə tikilən
stadion müasir tələblərə cavab vermədiyi də xüsusi olaraq vurğulanırdı.
Maraqlıdır ki, 2003-cü ildə əsaslı təmir olunan arena 2009-cü ildə tələblərə
niyə cavab verməsin? Dərd burasındadır ki, heç, 2009-cu ildəki təmir də əslində
əsaslı aparılmayıbmış. Çünki arena indi də müasir tələblərə cavab vermir,
dağınıq vəziyyətdədir. Bir vaxtlar minlərlə azarkeşə qucaq açan tribunalar həm
boş qalıb, həm də dağılıb gedir. Oturacaqlar sındırılıb. Sektorlar nəmişlikdən
göyərib, suvaqlar tökülüb. VİP-loja və soyunub-geyinmə otaqları da müasir
standardlara cavab vermir. Stadion rəhbərliyi yalnz yay aylarında qazonu normal
vəziyyətdə saxlamağa çalışır. Onu da qeyd edək ki, stadionun 11 hektara yaxın
ərazisində xeyli məcburi köçkün məskunlaşıb.
Bəs, iki dəfə əsaslı təmir edilən arena bu durumda niyə olsun? Bax, bu
suala cavab tapmaq olmur. Hələ ötən il
stadion rəhbərliyi mətbuata açıqlamasında bildirmişdi ki, stadionun təmiri
nəzərdə tutulub və plana da salınıb. İşlərə də 2016-cı ildə start verilməsi
gözlənilirdi. Lakin 2016-cı il yarıya çatsa da, hələ də Mingəçevir stadionunda
hansısa iş görülməyib.
Bax
belə. Mingəçevir futbolu, onun tarixi, uğurları, yetişdirdiyi futbolçular,
Azərbacan futboluna verdiyi töfhələr haqqında çox yazmaq olar. Bu dəfə mövzunu
bir qədər ümumiləşdirərək Mingəçevir futbolu haqqında bir qədər qısa məlumatla
kifayətləndik. Təəssüf ki, böyük adət-ənənəsi olan Mingəçevir futbolunun
yubileyini bu cür qeyd etdiyinin şahidi oluruq - autsayder komanda, dilənçi
gününə salınan futbolçular və dağlıb gedən stadion... 50 yaşın mübarək, miskin
yubilyar!
Anar XANLAROV
"Het-trik
news” qəzeti