Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib – 7:2. Pəhləvanımız 1/4 finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib – 5:2. Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi 7:4 hesabıyla üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Həlledici görüş çox çəkməyib. Rəqibini əks-fənddə yaxalayan Murad "tuş"la qalib gələrək Avropa çempionu olub.
Çempion öz çıxışını belə şərh edib:
"Çəkim rəqiblərlə müqayisədə az olsa da, özümə çox inanırdım. Digər güləşçilər 100 kq-dan bu çəkiyə salmışdılarsa, mənim cəmi 92 kq çəkim vardı. Bu vəziyyətdə rəqiblərlə güləşmək çox çətin idi. Bütün bunlara baxmayaraq, hədəfim çempionluq idi. Şükürlər olsun Allaha, buna da nail oldum. Bundan sonra 97 kq-da çıxış edəcəyəm. Öz üzərimdə işləyəcəyəm. Çəkimi artırıb, tam olaraq 97 kq-a uyğunlaşmaq istəyirəm".