Bu gün Premyer Liqanın XXI turunun açılış matçında "Kəpəz" lider "Qarabağ"ı qəbul edir.
Premyer.az saytının Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, oyuna maraq çox böyükdür. Liderin Gəncəyə gəlişi, Nizami yurdunda əsil bayram əhval ruhiyyəsi yaradıb.
Oyundan öncə, əlamətdar hadisə baş verib. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində yaralanmış və oyuncaqları yanmış körpə qızcığazın görüntüləri hər kəsi kədərləndirmişdi. Bu şəxlərdən biri də "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov olmuşdu. O zaman, Qurbanov uşağa bir dolu maşın oyuncaq alıb göndərmişdi.
Hadisənin üzərindən il yarım keçməsinə baxmayaraq, balaca Aylin, ona qarşı edilən bu xeyirxah addımı unutmamışdır. Bu dəfə, Aylin, bacısı Məryəm və atası ilə birlikdə, Qurban Qurbanova, "Kəpəz"in rənglərindən ibarət gül dəstəsi bağışlayıblar. Qurbanov uşaqlarla stadionun kənarında səmimi görüşmüş və xatirə fotoları çəkdirmişdir.
Rauf İskəndərov / Premyer.az / Gəncə
Fotolar: Heybət Məmmədov