
Bu gün Misli Premyer Liqasında qış fasiləsi başa çatır. Mövsümün ikinci yarısı XIX turun oyunları ilə başlayacaq. “Qəbələ” turun ilk matçında “Kəpəz”in qonağı olacaq.
Gəncədə baş tutacaq görüş komandaların 23-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 22 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.
Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 6 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Komandamız top fərqində də öndədir – 29-17. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.
Səfərdə 4 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 4 məğlubiyyət alıb. Rəqib meydanında 14 qola sevinən futbolçularımız 11 top buraxıb.
Qeyd edək ki, yanvarın 24-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” - “Qəbələ” matçı saat 14:00-da başlayacaq.