
"Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı.
Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat
imkanlarıdır”.
Bunu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal
Zirvə görüşündə çıxışı zamanı deyib.
Prezident bildirib ki, bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq:
"Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə
Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının
coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki
bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır.
Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq.
Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur
layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər
ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün.
Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi
yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər.
Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər.
Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir,
Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi
yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki,
tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.