
Mart ayının 7-dən 12-dək Yaponiyanın
Kioto şəhərində BMT-nin 14-cü Cinayətkarlığın qarşısının alınması və
cinayət ədliyyəsi üzrə Konqresi (qısa olaraq Cinayətkarlıq üzrə
Konqresi) keçiriləcək.
Dünyanın əksər BMT üzv ölkələrindən olan
ədliyyə və hüquq mühafizə orqanları, əlaqədar mərkəzi icra orqanları,
məşvərətçi statusuna malik beynəlxalq təşkilatlar, yerli qeyri-hökumət
təşkilatları və fərdi ekspertlərin iştirak etdiyi bu Konqresdə vətəndaş
cəmiyyəti nümayəndəsi olaraq "Hüquqi Təhlil və Araşdırmalar” İctimai
Birliyinin sədri Ramil İskəndərli də iştirak edəcək. O, bu Konqresə
pandemiya ilə əlaqədar onlayn formatda qoşulacaq.
Ramil İskəndərli bu Konqressdə Mərkəzi
ofisi Vyanada yerləşən "Cinayətlərin Qarşısının Alınması və Cinayət
Ədliyyəsi üzrə QHT-larının Alyansı” beynəlxalq təşkilatını təmsil edən
müstəqil mütəxəssislər sırasında olacaq.
"Cinayətlərin Qarşısının Alınması və
Cinayət Ədliyyəsi üzrə QHT-ları Alyansı” beynəlxalq təşkilatı 1972-ci
ildə Birləşmiş Millətlər Təşkilatı ilə məşvərətçi statusuna malik olan
və cinayətlərin qarşısının alınması və cinayət mühakiməsinin inkişafına
çalışan beynəlxalq QHT-lərin koalisiyası olaraq yaradılmışdır. Alyans
sonradan BMT orqanları ilə məşvərətçi statusuna malik olmayan, lakin
cinayət və ədalət mühakiməsində maraqlı olan seçilmiş milli QHT-lərin
daxil olması üçün üzvlük imkanlarını genişləndirmişdir. "Hüquqi Təhlil
və Araşdırmalar” İctimai Birliyi keçən ildən etibarən bu təşkilatla sıx
əlaqələr qurmuşdur.
Alyansın missiyası cinayətlərin
qarşısının alınması və cinayət ədliyyəsi sahəsində qlobal ictimai
nəzarət funksiyasını yerinə yetirməklə araşdırma, tədris, təbliğat tipli
fəaliyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının
nümayəndələrini koalisiyada bir araya gətirməkdir. Alyans bu gün
Nyu-Yorkda beynəlxalq ofisi olmaqla, mərkəzi ofisi Vyanada olan, canlı
görüşlər, onlayn, qarışıq iclaslar, veb sayt və daha çox sayda əlaqə
yolu ilə Alyans üzvlərini birləşdirməyə çalışmaqda davam edir.
Sözügedən Konqress zamanı yüksək
səviyyəli plenar sessiya və müxtəlif mövzularda ayrıca sessiyaların
təşkili nəzərdə tutulub. Tədbirdə 2030 Davamlı İnkişaf Məqsədlərinə
çatmaq üçün cinayətkarlıqla mübarizə və qanunun aliliyi ilə bağlı
səylərin gücləndirilməsinə dair Kioto Bəyannaməsinin qəbulu gözlənilir.
Kioto Bəyannaməsinin layihə mətnində digər məsələlərlə yanaşı üzv
ölkələrin ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarışmamaq
prinsipnə hörmət edilməsinin vacibliyi də qeyd olunur.
Foto: Rauf İskəndərov