
Beynəlxalq qrossmeyster Levon Aronyan Ermənistanı tərk etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, şahmatçı bununla bağlı paylaşım edib.
O bildirib ki, ölkə rəhbərliyi verilən vədlərə əməl etmədiyindən belə
addım atıb: "Ötən il hamımız üçün ağır oldu: epidemiya, müharibə, mənim
üçün şəxsi faciə və dövlətin erməni şahmatına biganəliyi. Hazırkı
hakimiyyətin vədlərinə əməl etməsini bir ildən artıq gözlədim və başa
düşdüm ki, çətin qərar qəbul edib ölkəni tərk etməliyəm. Aydın məsələdir
ki, mənim idman karyeram baxımından dəyişikliklərsiz hər gözləmə ili
boş vaxt itkisidir. Ailəm, xüsusilə də anam şahmatçı olmağım üçün çox
qurbanlar verib. Mən bunu qiymətləndirirəm və öz şanslarımdan maksimum
yararlanmalıyam. Səmimi qəlblə fəxr edirəm ki, Ermənistan şahmatının
nailiyyətlərinə öz töhfəmi vermişəm: üç olimpiya medalı, dünya və Avropa
çempionatının qızılı, iki dünya kuboku və bir sıra şəxsi və komanda
qələbələri”.
Levon digər ölkələrdən təkliflərin olduğunu da gizlətməyib: "Mənə
dedilər ki, ekspertlər Levon Aronyanın artıq potensialı olmadığını hesab
edir. İllər ərzində mənə müxtəlif ölkələrdən, o cümlədən amerikalı
şahmat mesenatı Reks Sinkfilddən təkliflər gəlib. Həmişə imtinamı onunla
əsaslandırırdım ki, maddi dəyərlər şahmatçıya Ermənistanda olan
hörmətlə müqayisə oluna bilməz. Əminəm ki, vaxt gələcək Ermənistanda
şahmatın statusu qayıdacaq. Şahmat məktəblərinin bağlanması əvəzinə ona
hörmət görəcəyik. Amma inandırım ki, vətənimə bağlıyam və gələcəkdə də
ölkəm üçün mümkün olan və olmayan hər şeyi edəcəyəm”.