
Bu mövsüm MBA-da "All Star” həftəsinin ləğvi gözlənilsə də, liqa
rəhbərliyi fikrindən daşınıb. Təşkilatçılıq isə İndianapolis şəhərindən
alınaraq Atlantaya verilib. Artıq "Ulduzlar matçı”nın start 5-liyi məlum
olub.
MBA "All Star” matçının start heyətini açıqlayıb. Martın 7-də Qərb
ulduzlarının heyətində "Leykers”dən Lebron Ceyms, "Qolden Steyt”dən
Stefen Körri, "Dallas”dan Luka Donçiç, "Denver”dən Nikola Yokiç,
"Klippers”dən Kavay Leonard meydana çıxacaq. Şərq ulduzlarının heyətində
isə "Bruklin”dən Kevin Dürantla Kayri İrvinq, "Miluoki”dən Yannis
Adetokumbo, "Vaşinqton”dan Bredli Bil və "Filadelfiya”dan Coel Embiid
mübarizə aparacaq. Siyahıya nəzər salarkən, gözlənilməz seçimlərin
şahidi olmadığımızı söyləyə bilərik. Amma istənilən halda bəzi
basketbolçuların ilk 5-likdə yer almadığını qabartmaq mümkündür. Bu
mənada "Leykers”in ulduzu Entoni Devisin adını çəkmək olar. Hazırda zədə
problemindən əziyyət çəksə də, Devisin "All Star” matçına qədər meydana
çıxacağı gözlənilirdi. Sadəcə, onun bu problemindən əziyyət çəkməsi
siyahıdan kənarda qalmasına səbəb oldu. Yeri gəlmişkən, Bredli Billə
Nikola Yokiçin də karyeralarında ilk dəfə "All Star” matçının ilk
5-liyinə düşdüyünə də xatırladaq. Ümumilikdə isə bu oyunçular arasında
"Ulduzlar matçı”na ən çox Lebron Ceymsin dəvət olunduğunu vurğulayaq.
"Leykers”in ulduzu 17 dəfə bu şounun iştirakçısı olub.