
Namiq Ələsgərov son 8 mövsümdə "Neftçi”nin heyətində "Qarabağ”la oyunda
birdən artıq qol vuran ilk futbolçu olub. 2012/13 mövsümündən sonra
paytaxt təmsilçisinin heç bir üzvü derbidə dubla imza atmamışdı.
Yarımmüdafiəçi Premyer Liqanın XV turunun səfər oyununda vurduğu iki
topla 2:1 hesablı qələbədə pay sahibi olub.
"Neftçi”nin "Qarabağ”a 2
qol vuran sonuncu oyunçusu Nikolas Kanales idi. O, 2012/13 mövsümünün
sonunda fərqlənib. Çilili forvardın dubl müəllifi olduğu 2013-cü ilin
mayın 4-dəki görüşdə də bakılılar 2:1 hesablı səfər qələbəsi qazanıb.
Sonrakı 25 çempionat görüşündə paytaxt təmsilçisi belə hadisəyə
sevinməyib.
Ələsgərovun vurduğu hər iki top onun üçün yubileylə
əlamətdar olub. Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında öncə 25-ci
qolunu vurub, ardınca 26-cı dəfə fərqlənib. 6 dəfə başqa klublarda
fərqlənən futbolçu "Neftçi”də 20-yə çatıb.
Namiq "Neftçi”nin tarixinə
Premyer Liqada 20 və daha çox qol vuran 21-ci futbolçu kimi düşüb. Ona
qədər "20”ni 20 oyunçu "fəth etmişdi”. Ələsgərov eyni sayda qol vuran
Leonid Kalfaya çatıb. O, bu siyahıda hərəyə 19 qola imza atan Kamal
Quliyevlə Ruslan Qurbanovu arxada qoyub.
Namiq son 15 mövsümdə
"Neftçi”də bir mövsümdə 10 və daha çox qol vuran ilk yerli futbolçu
olub. 2005/06 mövsümündə qol sayı iki rəqəmlə ifadə olunan Nadir
Nəbiyevdən sonra buna heç bir yerli oyunçu imza atmayıb.