
Şuşa şəhərində Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) - Azərbaycan
opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı,
Azərbaycan peşəkar vokal sənətinin banisi, professor, SSRİ xalq
artistinin evinin ilkin bərpa layihəsi hazırlanıb.
Bunu Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.
Onun sözlərinə görə, müğənninin Şuşadakı evi 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.
O, bildirib ki, müğənniyə ehtiram əlaməti olaraq Abidələri Müdafiə
Təşkilatı İctimai birliyinin üzvü Tural Zeynalov tərəfindən evinin
onlayn bərpası hazırlanıb.
Faiq İsmayılov əlavə edib ki, Şuşa şəhərində olan 850-dən çox tarix və
mədəniyyət abidələrinin layihə smeta sənədləri hazırlanıb, abidələrə
dəymiş zərərlər AMT üzvləri tərəfindən hesablanıb dövlət qurumlarına
təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və
Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq
İsmayılov Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə
bağlı şəhərdə səfərdə olub.