
Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin birinci və cavab oyunlarının təqvimi müəyyənləşib.
Premyer.az xəbər verir ki, iki günü
əhatə edəcək mərhələyə fevralın 1-də "Sumqayıt” – "Səbail” oyunu ilə
start veriləcək. "Kapital Bank Arena”da keçiriləcək matç saat 16:00-da
başlayacaq. Həmin gün keçiriləcək "Qarabağ” – "Qəbələ” görüşünün start
fiti isə saat 18:00-da veriləcək.
Fevralın 2-də isə "Keşlə” doğma meydanda "Kəpəz”i qəbul edəcək.
Qarşılaşma saat 16:00-da "ASK Arena”da keçiriləcək. Günün digər matçı
isə "Bakcell Arena”da saat 18:00-da "Neftçi” və "Zirə” klubları arasında
baş tutacaq.
Ölkə kubokunun cavab oyunları isə fevralın 6-7-də keçiriləcək. Ayın
6-da keçiriləcək birinci oyunda "Qəbələ” doğma meydanda "Qarabağ”ı qəbul
edəcək. Qəbələ şəhər stadionda baş tutacaq görüşün start fiti saat
15:00-da veriləcək. Bu günün ikinci oyununda isə "Səbail” "ASCO Arena”da
"Sumqayıt”ı sınağa çəkəcək. Bu qarşılaşma isə saat 18:00-da başlayacaq.
Fevralın 7-də baş tutacaq görüşdə isə "Kəpəz” Gəncə şəhər stadionunda
saat 14:30-da "Keşlə” ilə üz-üzə gələcək. Azərbaycan kubokunun
dörddəbir final mərhələsinə isə "Zirə”–"Neftçi” oyunu ilə yekun
vurulacaq. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək
görüşə saat 17:30-da start veriləcək.
Qeyd edək ki, ölkə kubokunun dörddəbir finalının bütün görüşləri "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.