
Yanvarın
25-də futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi
çərçivəsində "Sabah” doğma meydanda "Kəpəz”i qəbul edib.
"Bank Respublika Arena”da keçirilən qarşılaşmaya meydan
sahibləri fəal başlayıblar. Görüşdə hesabı birinci hissəyə əlavə
edilmiş dəqiqələrdə Bakı təmsilçinin müdafiəçisi Filip İvanoviç açıb.
Matçın 68-ci dəqiqəsində isə Gəncə klubu hesabı bərabərləşdirməyə nail
olub. Samir Qurbanov "Kəpəz”in birinci qolunu vurub. Görüşün 84-cü
dəqiqəsində isə Gəncə təmsilçisi hesabda önə keçib. Əli Səmədov vurduğu
qolla komandasına qələbə qazandırıb.
Ölkə kubokunun 1/8 final mərhələsinin digər oyunlarında
"Səbail” öz meydanında "Zaqatala”nı (3:2), "Qəbələ” səfərdə "Turan
Tovuz”u (2:0), "Zirə” isə "Qaradağ Lökbatan”ı (4:0) məğlub edib.
Azərbaycan kubokunun 1/4 final mərhələsində isə "Sumqayıt” –
"Səbail”, "Qarabağ” – "Qəbələ”, "Neftçi” – "Zirə” və "Keşlə” - "Kəpəz”
klubları üz-üzə gələcəklər. Dörddəbir final mərhələsinin birinci
matçları fevralın 1-2-də, cavab görüşləri isə ayın 6-7-də keçiriləcək.