
Yəqin çoxlarınız təyyarə ilə səfər etmisiniz və göyərtədə olarkən enmə
və qalxma zamanı bələdçinin sizə illüminatorun (pəncərə) pərdəsini açıq
saxlamağı tələb etdiyini yəqin unutmamısınız.
Bunun səbəbi haqda heç düşünmünüz?
Bu sualı AZAL-ın planlaşdırma və monitorinq üzrə sabiq mühəndisi Elmar Məcidova ünvanladıq.
O, Bizim.Media-ya açıqlamasında bunun təhlükəsizlik baxımından edildiyini vurğuladı.
"İllüminatorun pərdələrinin açıq olması təyyarədə baş verə biləcək hər
hansı bir təhlükəyə qarşıdır, çünki qısa zaman kəsiyində təhlükəsizlik
tədbirlərinin görülməsində böyük rol oynayır. Adətən qəza baş verəcək
anda təyyarə bələdçilərinin nə az, nə çox 90 saniyə vaxtları olur. O da
vaxtını təyyarədə olan sərnişinləri çıxarmağa həsr edir".
"Təbii ki, bu vaxt ortalama bir zamandır, çünki təyyarə tiplərinə və
sərnişin sayına görə fərqlənir. Bunun üçün də uçuşdan və enişdən qabaq
təyyarə bələdçiləri və digər məsul şəxslər qəza və xilas etmə
tədbirlərini yüksək səviyyədə təşkil etməyə çalışırlar” deyə o, qeyd
edib.
Elmar Məcidov illüminatorun pərdələrinin açıq olmasının digər səbəblərini də açıqladı:
"Sərnişinlər təyyarədə əyləşən zaman pəncərədən çölə baxırlar. Bu da
uçuş zamanı baş verə biləcək hər hansı bir qəzanı vaxtında görüb
təyyarədəki məsul şəxslərə məlumat verməyə, lazımı tədbirləri görməyə
imkan yaradır".
"Eyni zamanda pəncərə açıq olanda bələdçilər qəza zamanı
təyyarədən kənardakı vəziyyəti görə və bu haqda gəmi kapitanına operativ
məlumat ötürə bilir".
"Və ən nəhayət, işıqlandırma zamanı elektrik enerjisində problem
yaranarsa, pərdənin açıq olması vacibdir, çünki illüminatordan göyərtəyə
işıq düşməlidir. Bu da vacib məsələlərdən biridir”.