
Bu ilin yayında Tokioda keçiriləcək Olimpiya Oyunlarını ləğv etmək
mümkün olmayacaq, lakin yarışların xarici azarkeşlər olmadan keçirilməsi
variantı mümkündür.
Premyer.az xəbər verir ki, bu haqda məlumatı
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Riçard Pound Kyodo
agentliyinə verdiyi müsahibəsində deyib.
"Olimpiadanı ləğv etmək niyyətində deyilik", - deyə BOK-un qocaman üzvü
tədbirin xarici izləyicilərsiz keçirilməsi ideyasını dəstəkləyib və onu
seçim variantlarından biri kimi qiymətləndirib.
O, qeyd edib ki, lazım gələrsə, martın 25-də Fukusimada start verməli olan Olimpiya atəşi estafeti ləğv edilə bilər.
Paundun sözlərinə görə, Oyunların keçirilməsi və ya təsdiqlənməməsi
barədə yekun qərar gözlənildiyi kimi mart ayında deyil, daha sonra qəbul
edilə bilər.
BOK və Tokioda Oyunların Təşkilat Komitəsi ötən il martın
sonlarında koronavirusla əlaqədar olaraq Yay Olimpiadasını 2021-ci
ilədək təxirə salmaq qərarına gəlib.
Olimpiada 2021-ci il 23 iyul – 8 avqust tarixlərində keçirilməlidir.