» » » 20 YANVAR - AZƏRBAYCAN TARİXİNİN QANLI VƏ ŞANLI SALNAMƏSİ!

20 YANVAR - AZƏRBAYCAN TARİXİNİN QANLI VƏ ŞANLI SALNAMƏSİ!

20 YANVAR - AZƏRBAYCAN TARİXİNİN QANLI VƏ ŞANLI SALNAMƏSİ!Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 31 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

Sovet İttifaqı rəhbərliyinin ölkədə yaşayan digər millətlərə qarşı yürütdüyü ədalətsiz siyasət, iqtisadiyyatda uzun müddət ərzində davam edən durğunluğun tədricən böhranla əvəz olunması, əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün hökümət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar vətəndaşların haqlı narazılığına səbəb olmaqla yanaşı Azərbaycan xalqının illər boyunca öz daxilində yaşatdığı müstəqillik arzusunun gercəkləşməsinə zəmin yaratdı. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi və Dağlıq Qarabağda qanunsuz fəaliyyətin baş qaldırması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyətin bir qədər də gərginləşməsinə gətirib çıxardı.


Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.


Yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş, 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Sonrakı günlər də daxil olmaqla 147 nəfər həlak olmuş, qeydə alınan 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.


Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.
 
FOTO: RAUF İSKƏNDƏROV
99     
Reklam

Reklam