
Əziz
izləyicilərimiz. Premyer.az saytı bu gündən etibarən, "Onları Tanıyaq"
rubrikasında, İkinci Qarabağ müharibəsinin Şəhidlərini tanıtmağa
başlayır. Qeyd edək ki, bəhs edəcəyimiz Şəhidlər haqqında məlumatları,
Premyer.az saytının redaktoru Rauf İskəndərov, Şəhidlərin ailələrindən
və yaxınlarından birbaşa əldə edib və əldə etdiyi informasiya əsasında,
Şəhidlərə Vikipediyada səhifələr açıb. İlk tanıdacağımız Şəhid isə -
Məhəmmədəli Həsənzadədir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
ŞƏHİDLƏRİMİZİ TANIYAQ!
Məhəmmədəli
Həsənzadə (Məhəmmədəli Hörmət oğlu Həsənzadə; 1 may 1999 - 6 noyabr
2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ
müharibəsinin şəhidi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən
sonra, "Vətən uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə"
medalı ilə təltif edilib.
Həyatı
Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu
ildə may 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun
Qilican kəndindəndir.
2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban
Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə
daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib.
2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan
Turizm və Menecment Universitetinin "Biznesin İdarə Edilməsi”
fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq,
Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin
Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidməti
Sentyabr 27-də başlayan İkinci Qarabağ
müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş
yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam,
Hadrut, Füzuli və Xocavən uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr
ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına
döyüşərək, şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn
edilib.
Təltifləri
15.12.2020 — "Vətən uğrunda" medalı (ölümündən sonra)
25.11.2020 — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
Hazırladı: Rauf İskəndərov