
Vətən müharibəsində yaralanmış Seyidəkbər Xalıqov da yüksək texnologiyalı protezlə təmin edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya
verilən məlumata görə, qazinin anası işlə təmin edilib, özü, qardaşı və
atası kiçik biznes sahələrini yaratmaları üçün özünüməşğulluq
proqramına cəlb olunublar.
Nazirliyin
əməkdaşları Vətən müharibəsində yaralanmış Seyidəkbər Vaqif oğlu
Xalıqov (Bakının Sabunçu rayonu) və ailəsi ilə görüşüblər.
Qazinin
özü, valideynləri və biri azyaşlı olan iki qardaşından ibarət olan
ailənin istəyi nəzərə alınmaqla, Seyidəkbərin anası ödənişli ictimai
işlə təmin edilib. Atası çilingərlik, qazi özü və qardaşı isə şirniyyat
istehsalı üzrə kiçik biznes sahələrini yaratmaları üçün özünüməşgulluq
proqramına cəlb olunublar. Yaxın günlərdə proqramın dəstəyi olaraq
onlara bütün lazımi avadanlıqlar veriləcək. Beləliklə, ailənin məşğulluq məsələsi həll olunub.
Müharibədə ağır yaralanaraq bir ayağı amputasiya olunmuş qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi də qərara alınıb.
Bununla
bağlı olaraq, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza
və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və
Reabilitasiya Mərkəzində Seyidəkbərin ilkin müayinəsi aparılıb. Ölçülər
götürülüb, müvafiq təlimatlar verilib. Protezləşməyə hazırlıq
prosesindən sonra qazi yüksək texnologiyalı protezlə təmin ediləcək.
Qaziyə əlillik təyin olunmaqla ona sığorta ödənişi, hər ay təqaüd və sosial müavinət də ödəniləcək.