
Yanvarın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yenidən Cıdır düzünə gəliblər.
APA-nın
xəbərinə görə, Prezident İlham Əliyev deyib: "Bu gün yanvarın 15-də
səhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola
düşürük. Getməmişdən əvvəl də istədik gələk bu müqəddəs, tarixi yerə,
bir daha bu gözəlliyi seyr edək, Şuşaya "Çox sağ ol”, "Gələn
görüşlərədək” deyək. Biz qayıtmışıq öz doğma torpağımıza, Şuşanı azad
etmişik. Bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq.
Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs
məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada
olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq
Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi
hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa
əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə
bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən
gözəl şəhərlərindən birinə çevriləcək.
Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı
idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki
Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim
müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində
birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası
təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci
ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni,
Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib
olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti,
memarlığı bizim böyük sərvətimizdir.
Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə
görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya
qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti,
havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya
dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi
yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz
xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq
ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki,
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
X X X
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq olublar.
Prezident İlham Əliyev: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!