» » » Tərlan Novxanı: "Bu sahədə olmağım, Allahdan mənə lütf olunmuş bir istedaddır"

Tərlan Novxanı: "Bu sahədə olmağım, Allahdan mənə lütf olunmuş bir istedaddır"

 

Tərlan Novxanı: "Bu sahədə olmağım, Allahdan mənə lütf olunmuş bir istedaddır"Premyer.az saytının "Onları Tanıyaq” rubrikasının növbəti qonağı, tanınmış meyxanaçı, müğənni, aktyor və bəstəkar – Tərlan Novxanıdır.

- İlk öncə rubrikamızda sizi salamlayırıq. İlk sualımız isə belədir. Meyxana ustadı olmağınızla yanaşı, bir neçə peşə sahibisiniz. Müğənnilik, aktyorluq, bəstəkarlıq və digər peşələrə də yiyələnmisiniz. 3 ali təhsilinizin olmasının bunda bir rolu olub mu?

- Mən də ilk öncə sizi və saytınızın oxucularını salamlayıram. Sualınıza gəlincə isə, əlbətdə ki, ali təhsilli olmağım mənə sənətimdə daha təcrübəli olmağı, savadlı və səviyyəli iş görməyimə böyük vasitədir. Yalnız onu da qeyd edim ki, bu sahədə olmağım, Allahdan mənə lütf olunmuş bir istedaddır.

- Meyxanaya maraq sizdə nə zaman və haradan yaranıb?

- Meyxanaya maraq uşaqlıq illərimdən yaranıb. Gənc yaşlarımdan şeirə, qəzələ bağlı biri olmuşam. 14 yaşımdan meyxana deyirəm. 17-18 yaşımdan isə bu sənətləprofessional şəkildə məşğul oluram.

- Ailənizdə meyxanaçı olub mu?

- Xeyir, olmayıb. Demək olar ki, mən bir ilkə imza atmışam. (Red: gülür)

- Hansı mövzularda meyxanalara üstünlük verirsiniz?

- Daha çox sevgi, Vətən və vətənpərvərlik mövzularına üstünlük verirəm.

- Ustadlarınız kim olub?

- Bir ustadım var, o da Oqtay Kamil.

- Azərbaycanla yanaşı, Özbəkistanda da çox populyarsınız. Nəyə görə məhz Ösbəkistanda?

- Özbəkistanda populyarlaşmağıma əsas səbəbkar – mənim ən sevilən "Bimar” mahnım olub. Bu mahnımı bəyənən Özbəkistanın əməkdar artisti Uluqbek Rəhmətullayev, onu ifa edib. Daha sonra birgə əməkdaşlığa başlayaraq, duet oxumuşuq və böyük uğurla keçən konsert proqramımız olub. Bununla da iş bitməyib. Özbəkistanın daha bir populyar müğənnisi, "Şöhrət” ordenli Manzura xanım ilə, musiqisi və sözləri mənə aid olan "Xəyanət etmərəm” adlı mahnımı duet olaraq ifa etmişik.

- Aktyorluq fəaliyyətiniz haqqında bir az məlumat verərdiniz. Hansı filmlərdə və ya seriallarda çəkilmisiniz?

- Düşünürəm ki, hər bir sənətkar, az da olsa, aktyor da olmalıdır. Bu bir bacarıqdır. Ən azından öz kliplərində bu bacarıqdan istifadə edə bilməlisən. Filmlərə gəlincə, Azərbaycanın televiziya kanallarında yayımlanan "Çətin həyat " və "Aldanmış hisslərdə” adlı teleseriallarda rol almışam.

- İdmanla aranız necədir?

- Əladır. İdman həyatımın bir hissəsidir.

- Məşğul olduğunuz və ya azarkeşlik etdiyiniz idman növləri var mı?

- Cüdo, boks, otüstü hokkeylə məşğul olmuşam. Ən sevdiyim idman növləri isə cüdo və futboldur.

- Günümüzün əsas problemlərindən biri olan Koronavirus sizdən də yan keçməyib. Bu məlumat doğrudur mu?

- Allaha çox şükürlər olsun ki, hələ ki bu virus məndən yan keçir. Amma xəstələnməyim doğrudur. Sinir sistemi ilə əlaqədar problemim olub və müalicələr almışam.

- Koronavirus yaradıcılıq fəaliyyətinizə və həyatınıza nə kimi təsir göstərib?

- İşlərimizin dayanması, bir çoxlarında olduğu kimi, məndə də maddi və mənəvi sıxıntılar yaratdı. Buna baxmayaraq, yenə də şükürlər olsun ki, sağ-salamatıq. Əsas canımız sağlam olsun.

- Bildiyimizə görə bu yaxınlarda Türkiyədə olmusunuz. Səfəriniz yaradıcılığınızla əlaqədar idi?

- Türkiyəyə, klip çəkilişləri ilə əlaqədar getmişdik və deyə bilərəm ki, səfərimiz uğurlu keçdi.

- Və sonda, gələcək planlarınız haqqında saytımızın oxucularına və öz pərəstişkarlarınıza məlumat verərdiniz.

- Allahın izni ilə yaxın zamanda yeni kliplər, yeni konsert proqramlarımız nəzərdə tutulub. Hətda bir filmdə rol alma təklifi də almışam. Bir sözlə, "Terlan Novxani Official " adlı YouTube kanalımı izləsəniz, bütün yeniliklərdən ilk öncə siz xəbər tutacaqsınız. Pərəstişkarlarımı çoxlu sürprizlər gözləyir!

 

Premyer.az

178     
Reklam

Reklam