
İstehsal, yaxud
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt
İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan
beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300
ABŞ dolları ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün
gömrük ödənişləri qanunvericiliyə uyğun olaraq ödəniləcək.
APA-nın məlumatına görə, bu, Dövlət Gömrük Komitəsinin Kollegiyasının "Ümumdünya
Poçt İttifaqının Aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan
beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük
rəsmiləşdirilməsi Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Bu tələb 8 yanvar 2021-ci ildən qüvvəyə minib.
Yanvarın 8-nə
qədər qüvvədə olan Qaydalara əsasən, istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulmayan, Ümumdünya Poçt İttifaqının
aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt
göndərişləri ilə göndərilən malların gömrük dəyəri 300 ABŞ dolları
ekvivalenti məbləğindən artıq olduqda, həmin mallar üçün gömrük
ödənişləri qanunvericiliyə uyğun olaraq ödənilməli idi.
Dövlət Gömrük
Komitəsi Kollegiyasının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14
oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş
"Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün
nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli
və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər
Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarına uyğun
olaraq belə bir qərar qəbul etdiyi qeyd olunub. Nazirlər Kabinetinin
qərarına əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət
vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük
ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının
ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük
ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.