
Artıq 5 aydır ki, ölkəmizi və dünyanı öz cənginə alan və bütün sahələrə öz
təsirini göstərən COVİD-19 koronavirusu, təbii ki, futboldan da yan keçməyib.
Pandemiyanın dünya futboluna vurduğu zərbəni araşdırmaq üçün, ekspertə -
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərliyə
müraciət etdik. Uşaq yaşlarında "Neftçi” komandasının aşağı yaş qrupunda çıxış
etmiş və flaqmanın ən çılğın və sadiq azarkeşlərindən olan Ramil İskəndərlinin
mövzu ilə əlaqədar bölüşdüyü fikirləri, oxucularımızın diqqətinə çatdırırıq:
"Böyük idman və onunla bağlı olan hər bir şey – kütləvi tədbirlər, oyunlar,
televiziya yayımları, məcrlər, klubların büdcələri – korovirusun ən çox təsir etdiyi sahələrdir. Təbii ən böyük qurbanlar isə azarkeşlərdir.
Artıq bir neçə aydır ki, canlı futbola həsrət qalan azarkeşlər. Hələlik isə
azarkeşlər Matç TV kanalı ilə oyunların təkrarlarına və Belarus çempionatının
oyunlarına baxa bilirlər.
Koronavirus idmanla bağlı telekanalların reytinqinə də mənfi təsir göstərmişdir. Misal üçün, İspaniya
çempionatının "Eybar” və "Qranada” arasında oyununun təkrarına baxmaq inanmıram
ki, kiməsə maraqlı gəlsin. Ümumiyyətlə digər təkrar oyunlara da baxmaq çox da
maraq kəsb etmir.
TV-lərdə bəzi reklam qiymətləri də məcburən
koronavirusa görə aşağı düşmüşdür. Reklamların keyfiyyəti də əvvəlki kimi
deyil. Məhşurların çəkildiyi reklamlar isə adətən evdən çəkilir və çəkiliş adi
telefonla aparılır.
Koronavirusdan ən çox ziyan çəkənlər bukmeker
kontorlarıdır. Belə ki, Avropada əksər futbol çempionatlarının dayandırılması,
canlı oyunların keçirilməməsi, mərc şirkətlərinə ağır zərbə vurmuşdur.
Futbolçuların sağlamlıqları da təhlükə altında
olmuşdur. "Valensiya”nın 10, "Sampdoriya”nın 6, "Yuventus”un isə 6 futbolçusu
kononavirus xəstəliyinə tutulmuşdur.
Koronavirus klubların büdcələrinə də ağır zərbə vurub.
Belə ki Böyük Beşlık ölkələrinin milli çempionatlarında (İspaniya, İtaliya,
Almaniya, Fransa, İngiltərə) çıxış edən klubların büdcələrinə ümumilikdə
karantin dövrü ərzində 4 milyard avroya yaxın ziyan dəyib.
Azərbaycan klublarının büdcəsinə gəldikdə isə,
bu sahədə şəffaflıq və hesabatlılıq arzuolunan səviyyədə olmadığına görə,
təəssüf ki, hətta təxmini rəqəm belə deyə bilmərik.
Son olaraq onu qeyd etmək lazımdır ki, idmandan
danışarkən, koronavirus ən çox uşaqlara təsir etmişdir. Uşaqlar məsafə
aralığının saxlanması qaydasının tətbiqinə görə, nəinki uşaq idman
məktəblərində, həmçinin adi məhəllə həyətlərində belə futbol və digər oyunlar
oynamaqdan məhrumdurlar. Umid edək ki, bu hal tezliklə başa çatacaq və uşaqlar
topa qovuşacaqlar.
Hələliksə hamımızın evdə qalması daha
məqsədəuyğundur…”
Ramil İskəndərli
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri
Hazırladı: Rauf İskəndərov / Premyer.az