
Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer
Liqasının baş tutan 20 turunun ən məhsuldar oyunlarında 6 qol vurulub.
Buna 2 dəfə təsadüf olunub. Ötən il oktyabrın 27-də keçirilən "Sumqayıt”
– "Neftçi” (2:4) və bu il fevralın 15-də baş tutan "Zirə” – "Qarabağ”
(0:6) matçları daha məhsuldar keçib.
Azərbaycan çempionatları tarixinin ən məhsuldar qarşılaşmasında isə
bundan 10 top çox - 16 qol vurulub. 1992-ci ildən təşkil olunan yarışın
mütləq rekordu 1996/97 mövsümündə qeydə alınıb. Həmin çempionatda baş
tutan Qərb derbisində "Kəpəz” "Şəmkir”i 14:2 hesabı ilə məğlub edib.
Üç qarşılaşmada isə 12 qol qeydə alınıb. Bu oyunlardan ikisi də
"Kəpəz”in qalib gəldiyi matçlardır. Gəncəlilər səfərdə Neftçala
"Pambıqçı”sını 10:2, evdə Qusar "Şahdağ”ını 11:1 hesabı ilə məğlubiyyətə
uğradıb.
12 və daha çox qolun vurulduğu qarşılaşmalardan biri heç-heçə başa
çatıb. 6:6 hesabı ilə nəticələnən "Viləş” – "Turan” oyunu ölkə
çempionatlarının ən məhsuldar bərabərliyidir.
Azərbaycan çempionatlarının ən məhsuldar oyunları
1996/97 mövsümü
23.11.1996. "Kəpəz” – "Şəmkir” – 14:2
1995/96 mövsümü
03.03.1996. "Pambiqçı” N – "Kəpəz” – 2:10
1998/99 mövsümü
19.09.1998. "Kəpəz” – "Şahdağ” Qs – 11:1
1998/99 mövsümü
25.04.1999. "Viləş” – "Turan” – 6:6