
Noyabrın
11-i ölkənin idman medaisında özünəməxsus yeri olan "Het-trik news" qəzetinin 5 yaşı tamam oldu.
Noyabrın 17-i isə Azərbaycan mətbuatında xüsusi çəkisi olan "525-ci qəzet" 25 illik yubileyini qeyd edəcək.
İki yubiley arasında bu iki qəzetlə bağlılığı olan həmkarımızla görüşdük.
Söhbət «Het-trik new»un təsisçisi və baş redaktoru İlqar Tağıyevdən gedir.
Hansıki,
24 il əvvəl jurnalistikada ilk addımlarını "525-ci qəzet"də atıb, bu gün də həmin qəzetin əməkdaşıdır.
İ.Tağıyevlə bir çox mətləblərdən danışdıq
– jurnalistikaya gəlişindən,
yarımçıq qalmış futbolçu karyerasından,
«Het-trik news»un yaranmasından, təmsil olunduğu AFFA yanında Media Komitəsindən,
futbolçu olmağı arzulayan övladlarından…
"Özümə maddi cəhətdən daha yaxşı həyat qura bilərdim"
- Əvvəlcə istəyirəm çox qısa davam edən futbolçu karyeran
barədə danışaq. Bu gün mən jurnalist İlqarla yox, futbolçu İlqar Tağıyevlə
həmsöhbət ola bilərdim.

- Hamı kimi mən də futbola məhlədə başlamışam. Məndən yaşca
böyük olanlar məşqlərə
gedirdilər. Yusif adlı bir oğlan da mənim oyunuma bələd idi. O təklif etdi ki,
gedək futbola yazıl. Təbii ki, valideynlərim razı olmadı. Onlar təhsil almağımı
istəyirdilər. Bakıda 159 nömrəli məktəbdə oxuyurdum. Düşünürdülər ki, futbola
getsəm, təhsilimi yarımçıq qoyacam. İlk dəfə 1989-cu ildə valideynlərimdən
xəbərsiz futbol məşğələlərinə yazılmışam. Həmin dövrdə "Avrora" (indiki Qara Qarayev –red.) metrosunun yaxınlığında bir
stadion var idi. Maraqlıdır ki, ilk məşqdən sonra məşqçimiz, rəhmətlik
Hüseyn İsmayılov dedi ki, sabah doğum haqqında şəhadətnaməni gətirərsən.
Futbolla məşğul olduğum müddətdə üç dəfə ayrı-ayrı vaxtlarda ilk məşqdən sonra
doğum haqqında şəhadətnaməmi istəyiblər. Beləcə, "Trudovıye Rezervı-2" kimi tanınan Ehtiyat Əmək
Qüvvələri Cəmiyyətinin nəzdində futbolun sirrlərini öyrənməyə başlamışam. İlk
komanda yoldaşlarımdan biri də vaxtilə millinin şərəfini qorumuş Fərrux
İsmayılov olub. Fərruxla futbola eyni vaxtda gəlmişdik və bu günə kimi də
dostluğumuz davam edir. O vaxt uşaqlar arasında Bakı birinciliyi keçirilirdi.
1977-ci il təvəllüdlülərin komandasında idim. Amma elə olurdu ki, bir gündə iki
yaş qrupunda
oynayırdım. Çünki məni başqa adla 1978-ci ildə doğulanların komandasına da dəvət edirdilər.
Düzdür, o vaxt "lipa”nın nə olduğunu bilmirdim və sonradan keçmişə boylananda
görürəm ki, həqiqətən "lipa” kimi oynamışam.
Bir mövsüm oynadıqdan sonra 1990-cı il 20 yanvar hadisələri yaşandı və
futbol da bir çox şey kimi ikinci plana keçdi. Ölkədə fövqəladə vəziyyət elan
olunmuşdu və məşqə gedib-gəlməyimizdə problemlər yarandı. Mən də çoxu kimi
futboldan kənar düşdüm. 1992-ci ilin əvvəllərində yenidən Hüseyn müəllimin
yanına getdim. Həmin vaxt mənim yaş qrupumda oynayan komanda yox idi. Yalnız
aşağı yaş qrupları yarışırdı. Məni indi "İnter Arena" kimi tanınan "Termist" stadionuna, Valeri Hacıyevin yanına göndərdi. "Sabah
doğum haqqında şəhadətnaməni gətir” sözünü ikinci dəfə Valeri Hacıyevdən eşitdim.
1993-cü ilin yazına kimi əsası U-16 yığma üzvlərindən ibarət olan komandada
oynadım. Üzləşdiyim haqsızlıqlara görə
futbolu atmaq qərarına gəldim.
- Yəni, sənə
Valeri Hacıyev mane oldu?
- Hə. Sadəcə,
haqq dünyasına qovuşub deyə nələrsə demək istəmirəm. 1993-cü il həyatımda dönüş
nöqtəsi olub. Hər yay Tovuza istirahətə gedirdim. Həmyaşıdlarım mənim yaxşı futbol oynadığımı
bilirdi. Onlar dedilər ki, "Turan-2”ə seleksiya xarakterli məşqlər keçirilir.
Oradan-buradan tapdığım idman geyimləri ilə məşqlərə qatıldım. Bir ayın
tamamında baş məşqçi Xanoğlan Abbasova yaxınlaşdım ki, bəs, dərslərim başlayır, Bakıya qayıtmalıyam.
Üçüncü dəfə orada mənə deyildi ki, sabah sənədlərini gətir. Düşünün, artıq
peşəkar bir komanda məni öz heyətində görmək istəyirdi. Həmin vaxt "Turan-2” I
Divizionda oynayırdı. Qismət elə gətirdi ki,
bir ilimi Tovuzda keçirməli oldum. Mövsümün sonunda "Turan”ın əsas komandası
çempion oldu. Prespektivli gənc kimi məni əsas heyətə cəlb etmək istəyirdilər. Amma 1994-cü ildə Bakı Dövlət
Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika
fakültəsinə qəbul oldum və Tovuzda qala bilmədim. Yenidən Hüseyn müəllimin yanına qayıtdım. O
vaxt qəbul imtahanları sentyabrda keçirilmişdi və mövsüm başlamışdı. Yəni, mən
I Divizionda oynaya bilməzdim. Hüseyn müəllim yeni komanda formalaşdırdığını
dedi və mənim də bu komandada oynamağımı istədi. Həmin komanda Bakını təmsil
edən "Naxçıvan” komandası idi. Bu gün futbolumuzda ad qoyan Samir Əliyev, Samir
Musayev, Fərrux İsmayılov, Müşviq Qənbərov,
Zaur Ramazanov, futzalda Rizvan Fərzəliyev məhz Hüseyn müəllimin
yetirmələridir. Böyük bir məktəb idi. Mən o uşaqların içərisində yaşca ən
böyüyü və ən təcrübəlisi idim. 1995-ci ilin 1 noyabrında "Bakı fəhləsi” ilə
keçirdiyimiz oyunda, çox yaxşı formada olduğum zamanda ayağım üç yerdən
sındı.Altmış səkkiz günlük "gips həyatı”ından sonra bərpa prossesi keçməli
idim. Həmin vaxt paralel olaraq mən "525-ci qəzet"də işləyirdim, həm də
oxuyurdum. Beləcə, futbolçu karyeramı bitirdim. Əgər belə şanssızlıqla
üzləşməsəydim, yəqin ki, Azərbaycan səviyyəsində normal futbolçulardan biri olardım. Özümə maddi cəhətdən daha yaxşı həyat qura bilərdim. Peşmanammı? Yox. Bu gün baxıram ki, jurnalistika mənə daha
çox şey verib. Ən azından savad baxımında. Savadlı fəhləni savadsız futbolçudan
üstün tuturam.
- Bu gün
Fərrux İsmayılov, Zaur Ramazanov və digərlərinə baxırsan, onlara peşəkar
futbolçu kimi yanaşır, hörmət qoyurlar. İlqar Tağıyev isə fəxri adı belə
olmayan sıravi jurnalistdir. Yəni, bu gün mən futbolçu İlqar Tağıyevlə də
həmsöhbət ola bilərdim.
- Lap milli
səviyyəsinə yüksəlsəydim, legioner həyatı yaşasaydım belə, mənim üçün
jurnalistikanın çəkisi daha ağırdır. Səbəblərini bəlkə də yaxşı izah edə
bilmirəm, amma belə rahatdır. İxtisasım jurnalist olmasa da, "525-ci qəzet"də böyük jurnalistika məktəbi keçmişəm.
- Bu gün
reallığa baxsaq, bir tərəfdə 300-400 manat məvacib alan, məcbur olub başqa
işlər də görən İlqar Tağıyev, digər tərəfdə isə yaxşı qazanc əldə edə biləcək
futbolçu İlqar Tağıyev. Ən pis halda məşqçi kimi çalışa bilərdin.
- Arada futbola qayıtmağa cəhd göstərdim, Premyer Liqa klublarından biri ilə
razılaşmışdım da. Amma seçim qarşısında qaldım. Ya
qəzetdə işimi davam etdirməliyəm, ya da futbol oynamalıyam. Mən də qəzeti
seçdim. «525»dəki işimdən razı idim və gələcəyim üçün daha böyük prespetiv görürdüm. Maliyyə
tərəfini götürsək, bu gün daha yaxşı şəraitdə yaşaya bilərdim. Amma hər şey
bununla ölçülmür. Bu günümə şükür edirəm.
Məşqçi olsaydım, bu gün işsiz qala bilərdim. Amma jurnalist kimi heç vaxt işsiz
qalmaram. Həm də, jurnalist kimi bu gün sözüm daha keçərlidir.
«Qəzetin çapını
dayandırmağı özümə sığışdırmıram»
- Necə oldu
bəs jurnalistikaya gəldin?
- Uşaqlıqdan
jurnalistikaya, qəzetə böyük marağım var idi. Hələ uşaq ikən məktəbdə divar qəzeti hazırlayırdım. Adı «Bilik» idi. O vaxt
ağlıma də gəlməzdi ki, nə vaxtsa qəzetdə işləyəcəm, yazılarda imzam
olacaq. 10-cu sinifi bitirəndə xərclərimi qarşılamaq üçün
valideynlərimə müraciət elədim ki, bir iş olsaydı çalışardım. "525-ci qəzet»"in baş redaktoru Rəşad Məcidlə valideynlərim tanış
idi və bu tanışlığın nəticəsi kimi işə başladım. Əslində, istəyim o idi ki,
qəzet satılan köşklərin birində işə düzəlim. Çünki gündəlik xərclərimin çoxu
məhz qəzet almağa sərf olunurdu. Köşkdə işləməklə bu xərci azaltmış olacaqdım.
Həm işləyəcəkdim, həm də qəzetləri havayı oxuyacaqdım. Qismət elə gətirdi ki, Rəşad Məcid
məni o vaxta kimi heç vaxt oxucusu olmadığım "525-ci
qəzet"in redaksiyasına göndərdi. İlk dəfə 1993-cü il 17 iyul tarixində qəzetdə imzam gedib. Gülməli olsa da, krossvordun altında. Bir həftə sonra bu günlərdə 50 illiyini qeyd
edən metroplitenin maşinistindən müsahibə götürmüşdüm. Bu gün o müsahibəni
oxuyanda utanıram. Təbii, ilk təcrübələr idi. Zamanla Yusif Rzayevin köməkliyi
ilə qəzetçilikdə təcrübə toplamağa başladım. Daha çox idman mövzusunda
yazırdım. Sonra qəzetin yayımı mənə tapşırıldı. Tədricən idman sahəsindən uzaqlaşdım, yalnız yayıma nəzarət etdim.
- Qəzetdə
ilk imzan çıxanda hansı hisslər keçirdin?
- Səmimi
deyim ki, özümü "adam” hesab elədim. 17 yaşlı birinin imzası qəzetdə gedirdi...
- Bu günlərdə 5
yaşını qeyd edən "Het-trik news” qəzetinin yaranmasından danışaq. İdeya haradan
yarandı?
- İdeya çoxdan var idi. Sadəcə, qəzeti maliyyələşdirmək imkanım yox idi. 2012-ci ildə belə fürsət əlimə düşdü və yararlandım. Maraqlı
bir şey də deyim ki, indiyə kimi 100-ə yaxın qəzetin yayımını təşkil etmişəm. "Het-trik news” çap olunan gün
dəhşətli dərəcədə xəstələnmişdim. Öz qəzetimin ilk yayımını başqası edib. Mətbəədə çap maşını xarab olmuşdu. Qəzetin ilk sayının çıxmama ehtimalı var idi. Allaha yalvarırdım ki, çap maşını düzəlməsin, qəzet nəşr olunmasın. Özümü zibilə saldığımı düşünürdüm. … Ertəsi gün uşaqları məşqə aparanda köşkə yaxınlaşdım və qəzetin satışda olduğunu gördüm. Bax, onda özümə söz verdim ki, bu işi gücüm çatan qədər sona kimi davam etdirəcəm.
- İdman
jurnalistikasının durumu göz qabağındadır. Qəzet satışı isə çox aşağı
səviyyədədir. Belə durumda "Het-trik news” özünü necə maliyələşdirir?
- Qəzet
fəaliyyətə başladığı 3-4 ay ərzində yalnız öz gücümə çap olunub.
Jurnalistikadan kənar işlərim var idi və gəlirimlə qəzeti çap etdirirdim.
Sonradan bəzi klublarla reklam müqaviləsi imzalandı. Tam olmasa da, reklamların sayəsində xərclərin bir hissəsini qarşılamaq mümkün oldu. Qəzet satışından
da müəyyən pul gəlirdi. Amma bu gün həmin gəlir xırda bir xərci belə qarşılamır. Sırf buna görə qəzetin son bir neçə sayını heç də bütün yayım firmalarına verməmişəm. Çünki şərtləri ağırdır, sərf eləmir. Yalnız
müəyyən abunəçilərimizə göndərmişik. Qəzetin səhifələrinin sayı da, dövrülüyü
də aşağı düşüb. Mən də oxucuya bu formada qəzeti təqdim etməyə utanıram. Qəzetin
çapını dayandırmağı da özümə sığışdırmıram. Gizlətməyəcəm, "Het-trik news” bəlkə də yeganə qəzetdir ki, heç vaxt özünün ofisi olmayıb. Yarandığı
gündən "525-ci qəzet"in redaksiyasına sığınıb. Bunu gizlətmirəm. Bu dəstəyə
görə də Rəşad Məcidə təşəkkür edirəm. Heç bir həmkarım məndən inciməsin, amma
"Het-trik news”un yazıları bəlkə də ən çox oxunan yazılardır. Çünki idman
mediasındakı demək olar ki, bütün saytlar mənə inanıb, tribuna ayırır. Qəzetdə
gedən yazılar saytlar vasitəsilə də minlərlə oxuyucuya çatdırılır. İsveçdə yaşayan Valeh Qafarovla müsahibəmi təkcə Azərbaycanda 50 mindən insan oxumuşdu.
Hətta həmin yazı rus və isveç dillərinə də tərcümə olunmuşdu.
«Uzağı, İlqar
Media Komitəsindən gedəcək»
- Yazılarını oxuyuram, sosial şəbəkədəki paylaşımlarına
baxıram. Açıq deyim ki, mənim tanıdığım İlqar Tağıyev çox məqamda öz sözünü
demir, mövqeyini ortaya qoymur. Bu keçmişdə futbolçu olan, yaxşı münasibətlər
quran İlqar Tağıyevin kiminsə xətrinə dəyməmək siyasətidir? Yəni, son vaxtlar
bir jurnalist kimi sənin tənqidi yazılarına rast gəlmirəm.
- Ümumiyyətlə,
xarakter olaraq heç vaxt qalmaqala meylli olmamışam.
- Bunun qalmaqalla
bir əlaqəsi yoxdur. Mövqeyini ortaya qoymursan..
- Elə vaxt
olub ki, kifayət qədər sərt mövqe sərgiləmişəm. Əvvəlcədən deyim ki, Media
Komitəsində təmsil olunmağımın mənim jurnalist fəaliyyətimə heç bir təsiri
yoxdur. Neçə-neçə yazımı misal gətirə bilərəm ki, bu müddət ərzində AFFA-nı
kifayət qədər tənqid etmişəm, bundan da çəkinməmişəm. Bəli, razıyam ki, MK-da
olmağım vaxt azlığı səbəbindən yaradıcılığımı məhdudlaşdırıb. MK-da olmasam
"Het-trik news” və İlqar Tağıyev bir şey itirməz. Kənardan yazılar yazmaqla
oradan gələn gəliri əvəz edə bilərəm. Açıq deyirəm ki, mənə layihə yazılarını
yazıb, əvəzində qonorar almağım müqabilində bir neçə saytdan təklif gəlib. Amma
MK-nın İdarə Heyətində təmsil olunduğum üçün buna razı olmamışam. Bir tərəfdən
də haqlısan ki, son 4-5 aydır yazılarımda passivlik hiss olunur. Bunun da
səbəbi müəyyən problemlər odlu.
- Media
Komitəsi ilə bağlı problemlər idi?
- Yox,
başqa səbəblər var idi.
- Açıq
danışaq ki, MK-da sənin problemin yaranmışdı. Bunu gizlətmək lazım deyil.
- Problemlər
var idi, amma bunun yaradıcılığıma aidiyyəti yox idi. Həvəsdən düşmüşdüm, az-az
yazırdım. İndi yenidən başlamışam.
- AFFA
yanında Media Komitəsi və sən də bu komitənin İdarə Heyətində təmsil olunanlardan
birisən. İlk təəssürat o olur ki, İlqar Tağıyev də AFFA-nın adamlarındandı. Bu ittiahmların olacağını bilə-bilə Media
Komitəsinə namizədliyini irəli sürdün. Təxminən iki illik bir dövrdə belə
hallarla rastlaşdın?
- MK-ə üz
seçilməyim ani oldu. Açıq deyirəm ki, orada olduğum müddətdə həmişə saytlara
köməklik etməyə çalışmışam. Saytların layihələrinin seçilməsi üçün əlimdən
gələni etmişəm. Bir neçə sayt olub ki, onların layihəni zəif işlədiyinin şahidi
olub, köməklik kimi mövzuları da təklif etmişəm. Xüsusən də çox yaxşı bildiyim
uşaq futbolu barədə. MK-nin İdarə Heyətində təmsil olunanların sayt və qəzetləri
layihə almaqda problem yaşamır. Bunu gizlətməyin yeri yoxdur. Mən alıramsa,
niyə başqası almasın?
- Media
Komitəsindən küskünlüyünün, soyuqluğun olduğu da ortaya çıxmışdı. Bu da milli
komandanın Norveç səfəri ərəfəsində yaşandı. Söhbət həmin vaxt AFFA-nın Mətbuat
və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu və MK-nın
İdarə Heyətinin sədri Mahir Rüstəmli ilə aranda yaranan narazılıqdan gedir.
Konkret olaraq deyildi ki, İlqar Tağıyev səfər davası edir.
- Bunu
indiyə kimi açıqlamamışam. Sadəcə, sosial şəbəkədə yazmışdım ki, MK-dakı
səlahiyyətlərim böyük qismindən imtina edirəm. Söhbətin əvvəlində də sənə tam
səmimi olacağımı demişdim. Ona görə də cavablandırıram. Səbəb də bu idi ki,
Norveç səfərinə gedəcək jurnalistlər arasında mənim də adım var idi. Sonra siyahıdan adımın çıxarılmasında iki nəfər səbəbkar kimi göstərildi. Mikayıl
Nərimanoğlu və Mahir Rüstəmli. Hansıki Mahir Rüstəmli ilə uzun illərdir
bir-birimizi tanıyırıq və çox yaxşı münasibətlərimiz var idi.
Səlahiyyətlərimdən də imtina etməyimin səbəbi o idi ki, mən MK-da təmsil
olunduğum halda öz hüquqlarımı qoruya bilmirəmsə, başqasının hüququnu necə
qoruyacam? Hamı bilir ki, MK-dakı işlərin
yarıdan çoxunun yükünü mən çəkirdim . Bu qədər əziyyətimin müqabilində adımın
siyahıdan çıxarılmağı çox pis təsir etdi. Üstəlik, deyildi ki, İlqar səfər
davası edir. Mənim belə bir davam olmayıb. Hətta arada elə bir söhbət də
çıxardılar ki, İlqar Tağıyev layihələrin seçilməsi işində saytlara kömək edir
və hər saytda buna görə 100 manat alır. Bu söhbətdə başqa iki nəfərin də adı hallanmışdı. Düzü, ilk vaxtlar bunu özümə dərd edirdim. Sonradan boşladım. Onsuz da həyatda hamı haqqında nəsə danışılır.
- Sənə elə gəlmir
ki, bu söz-söhbərlər MK daxilində yaranır?
Elçin Cəlilov istefa verdi və dedi ki, öhdəliklər yerinə yetirilmir. Bu
gün saytlar da MK-nə sanki "Layihələr Komitəsi” kimi yanaşır. Konkret gəlir
mənbəyi. Bütün bunlar MK-də sizin işinizin aşağı səviyyədə olması deyil?
- Media
Komitəsi bu gün gücünün onda biri səviyyəsində çalışır. Əvvəlki iclasları səbrsizliklə gözləyirdim
ki, maraqlı müzakirələrimiz olacaq və s. MK-nın heç bir iclasından qalmamışam,
hamısında iştirak etmişəm. Amma bu gün məndə bu həvəs yoxdur. Bütün bunlara
baxmayaraq, saytların yaşaması, rəqabətin yaranması, idman mediasının inkişafı üçün MK ayaqda qalmalıdır, işinə
davam etməlidir.
- Belə
çıxır ki, AFFA Media Komitəsini ikinci plana atıb, ya bu Komitədə təmsil
olunanlarla bağlıdır?
- Bu suala
cavab vermək çətindir. Hərdən düşünürəm ki, AFFA Media Komitəsini yaradıbsa,
deməli, lazımlı komitədir. Amma tam dəstək də görmürük. Media Komitəsin
səlahiyyətləri dar çərçivədədir. Bundan başqa, idman mediasının bir neçə yerə
parçalanması da, MK-nin işinə mane olan amillərdəndir. İdman mediasında birlik
yoxdur. Nə qədər ki, bu birlik yoxdur, inkişafdan da danışmaq olmaz. Açıq
etiraf edək ki, Media Komitəsi yarandıqdan sonra idman mediasında canlanma
müşahidə olunub. Araşdırma yazılarının sayı artıb, "yolaverdi” yazılar azalıb.
- Yəni, sanki orta məktəbdir. Müəllim ev tapşırığı verir, onun müqabilində
qiymətləndirir. Mən Media Komitəsinin işini danmıram, kölgə salmaq istəmirəm.
Açıq soruşum ki, bu dediklərindən sonra MK İdarə Heyətində təmsil olunan
həmkarlarının sənə qarşı bir "cəbhə” almasından çəkinmirsən?
- Yox, mən
heç nədən çəkinmirəm. Uzağı, İlqar Media Komitəsindən gedəcək. Bunu da özümə faciə eləmirəm. Media Komitəsində olmasam da,
layihə qalibi olmağım problem deyil. Çünki indiyə kimi layihələri ən yüksək səviyyədə
təqdim etmişəm. Əgər MK-dan aldığım maaşı, layihə pulunu deyirsənsə, orada təmsil olunmasam, başqa
saytlarla əməkdaşlıq edərək itirdiyim pulu kompensasiya edərəm.
- Bəs, belə
düşünürsənsə MK-da niyə qalmısan?
- Çünki
məni ora seçiblər, orada təmsil olunmağımı istəyiblər.
- Nə olsun,
Elçin Cəlilovu da, Ruslan Mikayıllını da seçmişdilər.
- Elçinin
yerinə mən cavab verə bilmərəm. Onu özündən soruşarsan. MK-də bir çox saytlara layihə seçimində, layihələrin icrasında,
istərsə də mənəvi baxıman köməklik göstərmişəm. Bunu heç kim inkar edə, dana
bilməz.
- Elçin
Cəlilov istefa verdi, buna MK heç bir reaksiya vermədi. Sanki elə belə olmalı
imiş. Bu gün sən də AFFA-nın verdiyi vədləri yerinə yetirməməsindən danışırsan.
MK sədr və İdarə Heyəti səviyyəsində niyə buna reaksiya vermir, etirazını
bildirmir?
- Komitədaxili
söhbətləri danışmağım etikadan kənardır. Vəd yox, gözləntilər çox idi. Bunun da
qarşılığını görməyəndə insan həvəsdən düşür. Bu, o demək deyil ki, AFFA MK-nə diqqət ayırmır. Əgər müəyyən məbləğ
ayrılırsa, jurnalistlərin səfərə aparılması məsələsi təşkil olunursa, demək ki,
az da olsa diqqət
var.
-Bu gün öz sözünü deyənlərdən birisən. İlqar Tağıyevi ağsaqqal idman
jurnalisti hesab etmək olar?
- Üzdə
tükün ağarması ağsaqqal olmaq deyil. Bu gün Məzahir
Sülymanzadəyə də ağsaqqal desinlər, İlqar Tağıyevə də. Bu, gülməli görünər. Təcrübəli
deyə bilərlər, amma ağsaqqal yox. Hələ öyrənəcəyim çox şey var. Qəzetin hər
nömrəsini nəşr etdirəndə nəsə öyrənirəm.
"Övladlarıma demişəm ki, mənə arxayın olub,
futbol oynamasınlar”
-Bu gün
hər iki övladın futbolla məşğuldur, hətta onlardan biri milli komandaya da
dəvət alıb. Əslində bayaq dediklərinlə bu durum bir-birinə sanki ziddir. Bir
valideyn olaraq onların dərsə davamiyyətinə nə qədər önəm verdiyini bilirəm.
Digər tərəfdən isə futbol varsa, dərs ikinci plana düşür. Öz həyatını
övladlarına yaşatmırsan ki?
- Mən
futbolla məşğul olarkən dərslərimi metroda öyrənirdim. Çünki oxumağa həvəs var
idi. Amma indiki uşaqlarda bunu görə bilmirik.
Günümün yarıdan çoxu uşaqlarımla bağlıdır
- onları məşqə, məktəbə aparıb-gətirmək vaxtımın çoxunu alır. Ancaq bir
valideyn kimi bu, borcumdur. Əsas borcum isə övladlarımın savadlı böyütməkdir. Çox
çalışıram, təəssüf ki, məndə dərsə olan həvəs uşaqlarımda yoxdur, onlarda
futbola olan həvəs isə məndə yox idi. Əgər bir işartı görməsəydim,
onların futbolla məşğul olmasına imkan verməzdim. Artıq on dörd yaşları tamam
olub (İlqarın övladları Məhəmməd və Əli əkizdir - İ.B ). İndidən deyə bilmərəm ki, övladlarım futbolçu
olacaq. Dediyim kimi, işartı var və o işartını işığa çevirmək istəyirəm. Deyək
ki, futbolçu olmadılar, necə olacaq? Mən də futbolçu olmadım, amma ali məktəb
oxudum, təhsil aldım. Çox adam deyir ki, futbolçu oldunsa, dərs arxa plana
keçir. Dərs niyə ikinci planda olmalıdır axı? 11-ci sinifi Tovuzun Bozalqanlı kənd məktəbində oxumuşam. Bir dərs 15 dəqiqə davam edirdi.
Baxın, mən BDU-nə qəbul olundum. Çünki şam işığında dərs oxuyurdum. Ona görə də
uşaqları düzgün yönləndirib, onlara təhsilin nə qədər önəmli olmağını izah
etmək lazımdır. Savadlı futbolçu olmaları lap yaxşı. Məsələn, bir neçə il
bundan əvvəl bir xəbər oxumuşdum ki, "Neftçi”nin aşağı yaş qrupundan bir nəfər
altı yüzdən çox bal toplayaraq ali məktəbə qəbul olmuşdu. Bu uşaqların ondan
nəyi əsikikdir? Futbolçu olmasan, fəhlə olsan belə savadlı ol ki, sabah
kiminləsə üz-üzə oturanda ağzından "horra” tökülməsin. Ona görə də övladlarımın
birinci növbədə savadlı olmalarını
istəyirəm. Futbol mənim üçün ikinci plandadır.
- Məhəmməd
və Əli hazırda "Keşlə”nin aşağı yaş qrupunda oynayırlar. Bir müddət də icarə
əsasında "Qarabağ”da top qovdular. Həmin vaxt Ağdam klubundan onlara təklif də
gəlmişdi. Hal-hazırda "Keşlə” və "Qarabağ” arasında həm imic, həm də səviyyə
fərqi müşahidə olunur. İnkişafdan danışırıqsa, niyə bu keçidə razılıq vermədin?
- Birincisi,
bu, xarakterimdən irəli gəlir. 24 ildir "525-ci qəzet”də işləyirəm. Dəfələrlə
televiziya da daxil olmaqla, bir çox yerdən təkliflər olub. Amma getməmişəm.
Bəlkə də özümə daha yaxşı karyera qura bilərdim. Yaxud yaxşı maşın almaq
imkanım olduğu halda 8 ildir eyni maşını sürürəm və s. Sadiqliq mənim
xarakterimdədir. Üstəlik, uşaqlarımın gündə bir klub dəyişməyinin tərəfdarı
deyiləm. Bu, onların psixologiyasına mənfi mənada təsir edəcək amillərdən
biridir. Digər tərəfdən gediş-gəliş
məsələsi mənim üçün daha rahatdır. Hətta deyərdim ki, "İnter Arena” mənim üçün
o qədər doğmadır ki, sanki öz evimdəyəm. O cümlədən övladlarım. Bəli,
"Qarabağ”la "Keşlə” arasında böyük uçurum var. Amma əsas komanda səviyyəsində.
Akademiyada bu uçurumu görmürəm. Hər ikisində çatışmazlıqlar çoxdur. O ki qaldı
icarə əsasında "Qarabağ”da oynamalarına. Bu məsələyə də aydınlıq gətirim. Ötən
il "İnter” final mərhələsinə düşməmişdi. "Qarabağ”ın məşqçiləri Xəyal Həsənov
və Elnur Əliyev komandalarında zədəli futbolçuların olması və övladlarımın da
oyun praktikası qazanması baxımından onları dəvət etdilər. Sağ olsun, uşaqlar
da üzümüzü ağ elədi.
- Bu gün
övladlarının əsas heyətdə oynamasını, milliyə dəvət almasını atalarının futbol
ictimaiyyətinin içərisində olması ilə əlaqələndirmirlər ki?
- Nə
vaxta kimi? Uşaq futbolunda müəyyən bir yerə qədər bəlkə də elə uşaqlar var ki,
atalarının hesabına irəli gedirlər. Bəs, sonra?
- Sonra
da yenə atalarının hesabına milli komanda səviyyəsinə qədər gəlib çıxacaqlar...
- Mənə
elə karyera lazım deyil. İki fakt çəkim. Əgər atalarının hesabına irəli
gedirlərsə, Əli Tağıyev milliyə çağrılanda Məhəmməd Tağıyev də onun yanında
olardı. Digər tərəfdən, ötən il Ramil Həbibovun vaxtında Məhəmməd Tağıyevin adı milliyə baxışa göndəriləcək
futbolçular sırasında var idi. Məhz mənim təkidimlə onun adı siyahıdan
çıxarıldı. Çünki Məhəmməd zədədən yeni qayıtmışdı və fiziki durumu ondan daha
yaxşı olan futbolçular var idi. Əgər İlqar Tağıyevə görə övladını meydana
buraxırlar deyirlərsə, oğlum Məhəmməd Tağıyev çempionatın son 3 oyununu
ard-arda ehtiyatda keçirdi.
İstəsəydim, onu adını əsas heyətə saldıra bilməzdim? Övladlarıma demişəm ki, mənə arxayın olub,
futbol oynamasınlar.
- İlqar,
bir az əvvəl sadiqlikdən, ənənələrdən danışdın. Belə çıxır ki, idman mediası
İlqar Tağıyevi AFFA yanında Media
Komitəsində hələ çox görəcək?
- Onu
indidən deyə bilmərəm. Heç bilmirəm növbəti seçkilərdə namizədliyimi verəcəm,
ya yox. Çünki başqa yerlərdən də təkliflər gəlir, bəlkə dəyərləndirdim. Bir şey
dəqiqdir ki, bu ənənə "525-ci qəzet” və
idman mediası ilə davam edəcək.
Söhbətləşdi İlkin BABA