Vüqar Məmməd
Məsələn, mərkəz müdafiəçisi mövqeyində çıxış edən "Keşlə"nin futbolçusu Rəşad Həsənov potensiallı futbolçudu. Ehtimal edək ki, əvvəlki toplanışlara cəlb olunan Rəşad Vüqar Məmmədin etimadını doğrultmayıb. Onun əvəzinə milliyə dəvət alan "Sabah"lı Fərrux Fərzəliyev doğru seçim idi. Amma Məmməd 2 oyunda Fərruxa cəmi 4-5 dəqiqə oynamaq imkanı verdi. Bu məqamda "Məmməd və komandası" yazısındakı gülməli, eyni zamanda, təəssüf hissi doğuran faktı yada salaq. Bannikov turnirində Ukrayna ilə oyunda hesab 2:4 olarkən və matçın son dəqiqəsi gedərkən Vüqar Məmməd meydana "Zirə"nin futbolçusu Vüsal Əliyevi buraxdı. Cəmi 14-15 saniyə sonra matç başa çatdı.
Tanıdığım və bu barədə danışdığım məşqçilərin heç biri belə əvəzetmənin nə məqsəd daşıdığını açıqlaya bilmədi. Güman edək ki, baş məşqçi "vaxtı itirib". Bəs o halda Belarusla ikinci oyunun başa çatmasına 4-5 dəqiqə qalmış və hesab 0:2 olarkən mərkəz müdafiəçisini oyuna qoşmağın nə adı vardı?
Məğlubiyyət hesabını qorumaq? Xeyr! Hürdürboylu futbolçunun hesabına rəqibin cərimə meydançasına ötürülən topları götürməklə nəsə etməyə çalışmaq? Fərrux meydanda olduğu müddətdə bir dəfə də mövqeyini tərk etmədi və hücuma qoşulmadı. Deməli, məşqçinin "fəlsəfə"si belədi.
Qeyri-adi "het-trik"
Oyunların protokoluna nəzər salsaq, toplanışa çağırılan azı 2 futbolçu ümumiyyətlə, meydana çıxmadı. Biri zədəli hücumçu Mirmöhsün Caniyev, digəri qapıçı Elgün Bayramov. Bu, həmin Elgündü ki, Vüqar Məmməd onu iyun və avqust toplanışlarına dəvət etmiş və hər ikisində səfərə aparmamaqla futbolçunu bir növ "sındırmışdı". 3-cü toplanışa da çağırılan Elgün meydanı buraxılmadı və məşqçi özünəməxsus "het-trik" etdi. Eyni zamanda, bu, Elgünə daha bir mənəvi zərbə oldu. Halbuki Məmməd çərçivəni Elgünə heç olmasa 1 hissəlik etibar edə bilərdi. Hazır deyildisə, toplanışa niyə çağırılmışdı? Elgünün əvəzinə Məmmədin milliyə gəlişinə kimi bu yaş qrupunun əsas qapıçısı olmuş "Sabah"lı Kamran Şabıyevi dəvət etmək olardı. Elgün hazır idisə, niyə oyuna buraxılmadı? Cavabsız suallardı, deyilmi?
Daha bir üzücü məqam legionerlərlə bağlıdı. Hər yaş qrupu millidə görməyə adət etdiyimiz milliləşdirilmişlər U-17 yığmamızda da var. Əvvəlki toplanışlara çağırılan rus balası Nikita Pesoçnı bu dəfə yox idi. Əvəzində Rusiyanın "Yunost" komandasından öz azərbaycanlımız Rasim Həsənov var idi. Amma oyunu göstərdi ki, artıq çəkisi olan Rasim milliyə layiq deyil. Baş məşqçi Rasimi milliyə çağırmamışdan əvvəl onun vəziyyəti barədə məlumat toplamalı idi. Fikrimcə, Rasim Həsənovun və ya hansısa 2004-cü il təvəllüdlü futbolçuların yerinə "Keşlə"nin hücumçusu Vaqif Həsənovu yoxlamaq daha yaxşı olardı. Hansı ki əvvəlki toplanışlara dəvət alıb və Elgün kimi səfərlərə aparılmayıb.
Bütün bunlar bir yana, son 1 aydakı 6 oyun göstərdi ki, Vüqar Məmməd hələ də heyəti komplektləşdirə bilməyib. Bir futbolçunu müxtəlif mövqelərdə sınamaqla, düşərgəyə yeni-yeni futbolçular cəlb etməklə vəziyyətdən çıxış yolu axtarır. U-17 yığmasının oktyabrda mərhələ öncəsi son toplanışının və yoxlama oyunları gözlənilir. Baş məşqçi bu dəfə heyətə 15 yaşlı futbolçu çağırsa, hətta, oyun başa çatandan sonra əvəzetmə etsə belə, təəccüblənmərəm. Bəlkə də etmədi. Çünki...
Baş katib Elxan Məmmədovun adamı kimi tanınan Vüqar Məmməd ona göstərilən etimadı heçə endirib. Belarusla oyunu canlı izləyən E.Məmmədov artıq vəziyyətdən halidir. Son biabırçılıqlardan sonra Məşqçilər Komitəsi Vüqar Məmməd və aşağı yaş millilərin koordinatoru Miloş Velebitlə görüş keçirib və hesabat tələb edib. Görüşdə nələrin müzakirə olunduğundan xəbərsizəm. Dəqiq bildiyim budur ki, Məşqçilər Komitəsi Velebit və Məmmədi tərifləmək üçün çağırmayıb.
Yazının sərlövhəsindəki "1:7"dəki "buraxılan sonuncu qola" gəldikdə... Belə baş məşqçisi olan komanda həmişə oyun başlamamış hesabda 1 top geri olur.
İlqar TAĞIYEV
"525-ci qəzet"