» » Şura hökümətinin süqutu və ya uğura aparan yol AFFA-dan keçmir

Şura hökümətinin süqutu və ya uğura aparan yol AFFA-dan keçmir

Şura hökümətinin süqutu və ya uğura aparan yol AFFA-dan keçmirÇox nadir hallarda üzü gülən azarkeşlərimizin nəhayət bu mövsüm eyni əməllicə açıldı. Zarafat deyil, birdən-birə iki klubumuzun Avroliqanın qrup mərhələsində oynamasını bir neçə il əvvəl heç xəyalımızdan da keçirə bilməzdik. İndi azarkeşlərimiz ən azı ilin sonuna qədər doyunca Avroliqa həyəcanı yaşaya biləcəklər.
 
"Qarabağ” və "Qəbələ”nin Avroliqanın qrup mərhələsinə düşməsi bu klublar üçün hərtərəfli uduş sayılır. Ölkə futbolu adına uğur olması, Avropada tanınmaqla yanaşı, həm də nəhayət ki, bu klubların pul qazanması baxımından çox önəmlidir. Axı, nə vaxta qədər bütün büdcə klub prezidentinin pulu hesabına formalaşmalıdır? "Qarabağ” və "Qəbələ” qrupa düşməklə sponsorlarının da üzünü güldürüb. Hər iki klub təxminən 3,2 – 3,3 milyon avro qazanc əldə edib. Qrup mərhələsində hər qələbənin 360, heç-heçənin isə120 min avro olduğunu da nəzərə alsaq, bu klubların büdcəsinə bir qədər də əlavə gəlir gətirəcəyini ehtimal etmək olar.  
 
Maraqlıdır ki, bu gün Azərbaycan futbolunda özündən söz etdirən hər iki klub AFFA-nın Müşahidə Şurası layihəsinə qarşı çıxanlardır. Hələ şura söhbəti ortaya atılanda "Qarabağ”ın başqanı Tahir Gözəl onların klubunda Müşahidə Şurasının yaradılmasına heç bir ehtiyac olmadığını demişdi. AFFA-nın baş katibi Elxan Məmmədov sonradan bütün klublarda Müşahidə Şurasının olacağını desə də, "Qarabağ” AFFA-nın yoluyla getmədi, elə "Qəbələ”də. Uzun illərdir Avropa səviyyəli klub qurmaq üçün mükəmməl infrastruktur, böyük akademiya yaradan Tale Heydərov Elxan Məmmədovun ideyalarının arxasınca getmək istəmədi. Niyə getsinki? Adam az qala 10 ildi AFFA-nı idarə eləyir, hansı bir layihəni sona çatdıra bilib ki, "Qarabağ” və "Qəbələ” kimi klublar onun ağlına görə yola çıxsın?
 
İndi Tahir Gözəlin "Qarabağ”ına və Tale Heydərovun "Qəbələ”sinə baxın, bir də AFFA-nın Müşahidə Şurasının fəaliyyət göstərdiyi "Neftçi”yə. Biri əsər yazır, biri kino çəkir, sonra da "Neftçi”nin uğursuzluqlarına kənardan günahkar axtarırlar. Əslində, bu, belə də olmalıydı. Elxan Məmmədov hətta kağız üzərində perspektivli görünən layihələri belə uğursuzluğa düçar eləməklə ad çıxarıb. Niyə? Çünki bu adamlar əvvəlcə qərar verirlər, sonra isə o qərarı necə icra etməli olduqlarını düşünməyə başlayırlar. Başqa cürə desək, bu adamların demək olar ki, hazırladıqları layihələrin heç birində  iş mexanizmi dəqiq olmur.
 
Azərbaycan futbolundakı son hadisələr də onu göstərir ki, uğura aparan yol AFFA-dan keçmir. Bu şura layihəsi də effekt verməyəcək. Çünki bu oyunu ortaya atanlar, onun nəticələri haqqında ciddi düşünməyiblər. Ona görə də, Elxan Məmmədov və ətrafı öz layihələri ilə deyil, Tahir Gözəl və Tale Heydərovun işi hesabına yuxarılara "bizdə də futbol var” mesajını göndərə bilirlər. Maraqlıdır, bu adamlar da olmasaydı, AFFA yuxarılara necə hesabat verəcəkdi?
 
Emin ABBASOV
279