» » "14 nömrə" - İlqar Tağıyev Premyer.az üçün yazır

"14 nömrə" - İlqar Tağıyev Premyer.az üçün yazır

"14 nömrə" - İlqar Tağıyev Premyer.az üçün yazırÖtən əsrin 90-cı illərinə kimi komandaların start heyətində meydana çıxan futbolçular 1-dən 11-ə kimi nömrələrdən istifadə edirdilər. Nömrələr futbolçulara oynadıqları mövqeyinə görə verildiyindən kiminsə mövsüm ərzində eyni nömrədən istifadə etməsi mümkün deyildi - bu gün meydana misal üçün «9 nömrə» ilə çıxan və yarımmüdafiədə oynayan futbolçu növbəti oyunda yenə də misal üçün «3 nömrə»li futbolka ilə müdafiədə çıxış edə və ya 12-dən 15-ə kimi nömrə ilə oyuna sonradan qoşula bilərdi. Həmin vaxtlar «10 nömrə»li futbolçular qeyri-rəsmi olaraq komandaların lideri hesab olunurdular. Zərb-məsələ bənzər belə bir deyim də var idi - «10 nömrə»ni göstər, deyim necə komandan var».

SSRİ birinciliyində çıxış etdiyi vaxtlar «Neftçi»nin heyətində xeyli istedadlı «10 nömrə»lər olub. Onlardan oyununu gördüyüm ən tanınmışı Maşallah Əhmədov idi. Dünya futbolunda isə… Pele, Maradona, Ziko, Lotar Matteus, Mişel Platini, Ferents Puşkaş, Hari Liniker… Kim bilir, onların dövründə 1-dən 99-a kimi nömrələrdən istifadə edilsəydi, yenə də «10 nömrə»ni seçərdilər? Zəmanə dəyişdikcə, zövqlər də dəyişir. Bu gün heç də əksər tanınmış komandaların liderləri «10 nömrə» deyillər. Həftəarası avrokuboklarda çıxış edən 3 komandamız pley-offa vəsiqə qazanmaq üçün mübarizə apardı. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində «Qarabağ» «Seltik»i qəbul edirdi. Oyunun nəticəsi və komandamızın Avropanın «1 nömrə»li klub turnirində mübarizəni dayandırdığı hamımıza məlumdur. Təəssüf! «Seltik»lə Bakıdakı oyunda «Qarabağ» əla futbol sərgilədi. Amma 1-ci hissədə. 2-ci yarıda isə parakəndə oyun göstərən komandamız bəlkə meydanın ot örtüyünün pis olmasından, bəlkə yorğunluqdan, bəlkə də… başqa hansısa səbəbdən lazım olan qolu vura bilmədi. Həmin oyunda komandamızın ən yaxşısı fikrimcə, «2 nömrə»miz idi. Qara Qarayev oyunboyu yüksək ustalıq nümayiş etdirdi, 1-2 epizodu çıxmaq şərtilə mövqe səhvinə yol vermədi, əksər təkbətək mübarizələrdə cüssəli rəqiblərinə məğlUb olmadı. Qara mübariz futbolla yadda qaldı. Amma meydanda lider o deyildi. «Qarabağ»ı meydana əsl lider çıxarmışdı - Rəşad Sadıqov. «14 nömrə»li Rəşad Sadıqov. Rəşadın ən sevimli nömrəsi 7 olub. Peşəkar futbol gələndə «7 nömrə» olub. Ta ki «Neftçi»ə gedənə kimi. Mahmud Qurbanovun «Neftçi»yə transferindən sonra hörmət əlaməti olaraq «7»ni Qurbanova «qurban» verib. Özü isə «14»ü götürüb. Elə o vaxtdan da oynadığı bütün komandalarda, o cümlədən yığmada «14 nömrə»ni «özəlləşdirib». «Qarabağ» Çempionlar Liqasında pley-offa çıxa bilməsə də, Avroliqada qrup mərhələsinə yüksəlmək imkanı var və bunun üçün «Yanq Boyz» səddini aşmalıdı. Bu turnirdə daha bir komandamız - «Qəbələ» də pley-offdadır. Düzdür, əyalət komandasının rəqibi çox güclüdür. «Panatinaikos» Avropanın top-komandalaranıdan olmasa da, xeyli qorxulu rəqibdir. Üstəlik, «Qəbələ» yunanlarla oyuna böyük ehtimalla lidersiz və kapitansız çıxacaq. Yəni, Cavid Hüseynovsuz. Başqa sözlə, «14 nömrə»siz. «Apollon»la hər iki oyunda Cavid «Qəbələ»nin lideri olduğunu həm oyunu, həm də etdiyi hərəkətlərlə sübut etdi. Doğrudur, səfərdə keçirilən ilk matçın son dəqiqələrində penaltidən vurduğu qoldan sonra etdiyi hərəkətə görə onu çox qınadılar. Cavid həqiqətən peşəkar futbolçuya yaraşmayan hərəkət etmişdi və müsahibələrində bunu özü də etiraf etdi. Amma… Cavid şəhid balasıdı. Atası Abbasov Hüseyn Şakir oğlu Qarabağ uğrunda döyüşlərdə iştirak edib, 896 saylı Cəbrayıl alayının batalyon komandiri olub. 1993-cü il dekabrın 23-də Ağdamın Güllücə kəndində torpağımız, bayrağımız uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin vaxt Cavidin 5 yaşı var idi. İndi özünüz qərar verin - bayrağımız üğründa canından keçən birinin balası bayrağımızı təhqir edən hansısa yunan (bəlkə də erməni) dılğırına necə cavab verməliydi? O ki qaldı «14 nömrə»ni seçməyinə, bunun sadə izahı var - 14 Cəbrayılın avtomobil seriyasıdı.

Sabah Premyer Liqada mövsümə start verilir. PFL-in rəsmi saytında komandaların iştirak ərizələrinə nəzər saldıqda maraqlı məqamla qarşılaşdım. Belə ki, avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparacağı gözlənilən komandalardan «Xəzər Lənkəran» və «İnter»in də liderləri «14 nömrə»lərdi. Lənkəran klubunun «14 nömrə»si Rahid Əmirquliyevi hamımız yaxşı tanıyırıq. Əslən Qusardan olan Rahid 2006-cı ildən bu yana «Xəzər Lənkəran»ın şərəfini qoruyur və yığmanın üzvü olmaqla yanaşı cənub komandasının lideri və kapitanıdır. Onu «lənkəranlı Rahid» kimi qələmə vermək olar. «İnter»in yeni qurulan heyətində isə indidən bu vəzifənin Zurab Xizanişvilinin üzərinə düşəcəyini deyə bilərəm. Avroliqada istər «Laçi», istər «Hafnafyordur», istərsə də «Atletik» ilə oyunda ortaya qoyduğu futbol, oyunu «oxumaq» qabiliyyəti şəxsən məni valeh etdi. Zarafat deyil, Zurab bizim futbolçuların yuxuda gördüyü İngiltərə Premyer Liqasında - «Blekbern Rovers»də çıxış edib. İngiltərədən başqa Şotlandiya, Türkiyə çempionatlarında da oynayıb. Yəni, sıradan legioner deyil. Hətta deyərdim ki, indiyə kimi Azərbaycan çempionatında oynamış legioner stopperlər arasında ən ağıllısıdı. Digər komandalara nəzər saldıqda «Neftçi»də «14 nömrə» Məhəmməd Qurbanov, «Rəvan»da bir vaxtlar yığmanın şərəfinini qorumuş Elvin Əliyevdi. Özlərinə görə pis futbolçu deyillər. «Kəpəz» və «Sumqayıt»da «14 nömrə» yoxdur. AZAL və «Zirə»nin isə iştirak ərizəsindən xəbərsizəm. Qısası, «10 nömrə»lərə boş verin. Uğur qazanmaq istəyən komandaya «14 nömrə» lazımdı. Rəşad, Cavid, Rahid, Zurab kimi. Futbolumuza da həmçinin.

İlqar Tağıyev / ”Het-trik news” qəzetinin baş redaktoru - Premyer.az üçün

P.S. Dünya futbolunun ən məşhur "14 nömrə”si Yohan Kroyfdu. 2007-ci ildə əfsanəvi futbolçunun 60 illik yubileyi ərəfəsində bir vaxtlar peşəkar futbola başladığı "Ayaks”ın rəhbərliyi onun şərəfinə "14 nömrə”ni əbədiləşdirmək haqqında qərar verib. O vaxtdan "Ayaks”da "14 nömrə” yoxdur. Bəlkə də bu səbəbdən əvvalki "Ayaks”dan əsər-əlamət qalmayıb. Bunu sadəcə informasiya xatirinə yazdım.

722     
Reklam

Reklam