» » Bir ovuc iydəylə başlayan dostluq

Bir ovuc iydəylə başlayan dostluq

Bir ovuc iydəylə başlayan dostluqTəsadüfən xəbər tutdum. Bu gün Fərruxun ad günüymüş. 37 yaşı tamam olur. Təbrik eləməmişdən əvvəl...
1989-cu il il idi. Məhəllə uşaqlarına özbaşına qoşulub futbol məşğələlərinə yazılmağa getmişdim. Stadion metronun «Avrora» (indiki Qara Qarayev) stansiyasının yaxınlığında idi. İlk məşqdəcə rəhmətlik Hüseyn İsmayılov oyunumu bəyəndi. Beləcə məşqlərə başladım. İndiyə kimi yadımdadı, ilk günlər mənim üçün çətin idi. Çünki heç kimi tanımırdım, özümü yad kimi hiss edirdim. Amma bu hal çox çəkmədi. 1-2 məşqdən sonra bir neçə uşaqla, o cümlədən Fərrruxla dostluq etməyə başladım. O da mənim kimi komandaya yeni gəlmişdi. Çətin dövr idi. Evdən ancaq yolpulu verirdilər. Fərruxgildə də vəziyyət yaxşı deyildi. Ermənistandan qaçqın düşmüşdülər. Bəlkə də Fərruxun yadında qalmaz, amma bir qabdan su içdiyimiz, məşqdən çıxıb evə gedəndə «Avrora»nın yanında 10 qəpiyə aldığımız «ponçik»i, stadiondun yanında iydə ağacından yığdığımız iydələri, oyunlardan sonra evdən gətirdiyimiz çörəyi dədə malı kimi yarı böldüyümüz yadımdadı. Çox şey yadımdadı...
İllər sonra bu oğlanla yollarımız bir daha kəsişdi. 1994-cü ilin payızında «Naxçıvan»da bir yerdə oynadıq. 2 ildən sonra Fərrux futbolu seçdi, mənsə… ağır zədədən sonra oxuduğunuzu necə yazmağı öyrənmək üçün jurnalistikanı. Futbolda yollarımız ayrılsa da, həyatda bu günə kimi bir yerdəyik. «Naxçıvan»da qazandığım dostlardan biri Fərruxdu. Demirəm, ən yaxşısıdı. Çünki, adlarını sadalamaq ismədiyim «Naxçıvan»lıların hamısı mənə əzizdi. Amma onlardan ən «qədimi»di. 
Təbrik edirəm, Fərrux! Şablon sözlərdən istifadə etmək istəmirəm. Sadəcə, səninlə bağlı bir arzumu yazmaq istəyirəm - həmişə ilqarlı olasan, İlqarla qalasan! Bayaq da dedim, ad günün olduğundan gec xəbər tutdum. Yoxsa sənə 1 «ponçik», 1 ovuc da iydə hədiyyə edərdim. Yarı bölərdin?

İlqar Tağıyev
704     
Reklam

Reklam