Premyer.Az > İdman / Manşet > Tarixdə ilk dəfə: Qış Olimpiadasında bütün idmançılar bir binada qalacaqlar!

Tarixdə ilk dəfə: Qış Olimpiadasında bütün idmançılar bir binada qalacaqlar!

Tarixdə ilk dəfə: Qış Olimpiadasında bütün idmançılar bir binada qalacaqlar!Gələn ilin yanvarında İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında 70 ölkədən 1880 idmançı mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, yeniyetmə idmançıların qalmaları üçün yeni inşa edilən "Vorteks” adlı bina "Lozanna 2020”də Olimpiya kəndi funksiyasını daşıyacaq.
Yeniyetmələrin Olimpiya Oyunlarının tarixində ilk dəfə olaraq bütün idmançılar eyni binada qalacaqlar. Yeddi yüz on iki otaqdan ibarət dairəvi binanın şəhərin mərkəzində yerləşməsi atletlərin arenalara vaxtında çatmalarına imkan verəcək. Olimpiadadan sonra kompleks Lozanna Universitetinin sərəncamına veriləcək. Bu da mindən çox tələbənin yaşayış problemini həll edəcək.
"Lozanna 2020” Təşkilat Komitəsinin sədri xanım Virciniya Feyvre deyib: "Vorteks” olimpiadanın keçirildiyi günlərdə yeniyetmə atletlər üçün sevimli məkan olacaq. Yeniyetmələrin Olimpiya Oyunları idman yarışlarından əlavə həm də atletlərin bir-biri ilə dostluq etmələri və ünsiyyət yaratmaları baxımından çox faydalıdır. Olimpiya ailəsi üzvlərinin yarışların sevincini bir dam altında bölüşmək hissindən gözəl nə ola bilər?”.
Xatırladaq ki, Yeniyetmələrin Olimpiya Oyunları ilk dəfə 2010-cu ildə Sinqapurda keçirilib. İndiyədək üç yay və iki qış olimpiadası təşkil olunub. Qış olimpiadalarına 2012-ci ildə İnsburk (Avstriya), 2016-cı ildə Lillihamer (Norveç) şəhərləri ev sahibliyi edib.
Lozannanın Yeniyetmələrin III Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsi barədə qərar 2015-ci il iyulun 31-də Beynəlxalq Olimpiya Komitəsinin Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən sessiyasında qəbul olunub.



Geri