» » » Tarmenxan Babayev Olimpiya Oyunlarının gümüş medalçısı oldu!

Tarmenxan Babayev Olimpiya Oyunlarının gümüş medalçısı oldu!

Tarmenxan Babayev Olimpiya Oyunlarının gümüş medalçısı oldu!Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında ağır atletlərimizin çıxışı davam edir. Bu gün oğlanların yarışında 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxıb.
Tarmenxan Babayev, 2002-ci ildə Naxçıvanda anadan olub. "Təhsil” İdman Mərkəzinin nümayəndəsidir. Şəxsi məşqçisi Şəfi Hüseynovdur. Yeniyetmələr arasında Avropa birinciliyinin ikiqat qalibi (2017, 2018), 6 qat rekordçusudur.
Atletimiz birdən qaldırma hərəkətində 142 kq-ı ram edib və bu hərəkətdə 2-ci olub.
Tarmenxan təkanla qaldırma hərəkətində 174 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə 2-ci yeri tutub.
Toplam 316 kq (142 kq+174 kq) nəticə ilə Tarmenxan Babayev Yeniyetmələrin Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində gümüş medala layiq görülüb.
Yarışdan sonra bu uğurun memarları hisslərini bizimlə bölüşüblər. İlk olaraq baş məşqçimiz Asif Məmmədov fikirlərini bildirib: "Təbriklərə görə təşəkkür edirəm. Mən də öz növbəmdə bütün ağır atletləri, Azərbaycan ağır atletika məktəbini, idmançılarımızı, məşqçilərimizi təbrik edirəm. Bu yarışda iki idmançı ilə təmsil olunurduq: Lalə Rzazadə və Tarmenxan Babayev.
Bu yarış dünya və Avropa birinciliklərindən gücünə görə fərqlənir. İdmançı sayının az olmasına baxmayaraq, Olimpiadanın ab-havası çox ağır olur. Yeniyetmələrin yarışı olsa da, böyüklər arasında keçirilən analoji turnirdən heç bir fərqi yoxdur. Yalnız idmançıların yaşı azdır, başqa heç nə. Rəqiblərimiz də güclü idi, italyan, yunan və digərləri… Buna baxmayaraq, biz qızıl medala köklənmişdik. Yarışın gedişatında istiqamətimiz, hədəfimiz məhz bu idi. Təəssüf ki, əvvəllər nümayiş etdirdiyimiz nəticəni təkrarlaya, yaxşılaşdıra bilmədik və ikinci olduq. Çempion da ola bilərdik.
Olimpiya Oyunları kimi belə böyük, belə mötəbər yarışda gümüş medal qazanmaq əla nəticədir. Çox şükürlər olsun ki, əziyyətimiz boşa getmədi. İnşallah, Tarmenxan gələcək yarışlarda da uğur qazanar, ölkəmiz üçün daha yaxşı nəticələr əldə edər. Bir daha bütün ağır atletikasevərləri, rəhbər və məşqçi heyəti, ağır atletika ailəsinin bütün digər üzvlərini təbrik edirəm”.
Gənc atletimizə nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edir, ilk Olimpiya medalı münasibətilə təbrik edirik!
52     
Reklam

Reklam