» » » Poverliftinqçilərimiz dünya çempionatından 10 medalla qayıtdı! FOTOLAR

Poverliftinqçilərimiz dünya çempionatından 10 medalla qayıtdı! FOTOLAR

4-8 sentyabr 2018-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Poverliftinqin WRPF PRO versiyası üzrə dünya çempionatı keçirilib. Premyer.az xəbər verir ki, mötəbər yarışda ölkəmizlə yanaşı, Rusiya, Böyük Britaniya, Ukrayna, İran, Fransa, Belarus, Qazaxstan, Gürcüstan, Finlandiya, Latviya, ABŞ və digər ölkələrin təmçilçiləri çıxış edib.
13 idmançı ilə yarışa qatılan Azərbaycan yığma komandası, ümumilikdə 10 medal qazanmağa müvəffəq olub. Bunlardan 6-sı qızıl, 3-ü gümüş və biri bürünc əyarlı medal olub. Fəxri kürsünün ən yüksək pilləsinə - Ələddin Əliyev (bencpress növü üzrə, APF-nin prezidenti), Gündüz İsmayılov (bencpress), Sevil Həsənova (poverlifting), Rövşən Xəlilov (poverliftinq), Vüsal Ağalarov (poverliftinq) və Mustafa Əhmədov (bencpress) qalxıblar. Gümüş medalları ölkəmizə Hafiz Verdiyev (poverliftinq), Pərvin Əsgərov (deadlift) və İbrahim İbrahimov (bencpress) qazandırıb. Yeganə bürünc medalı isə Ramil Əhmədov (poverliftinq) öz adına yazdırıb.
Qeyd edək ki, xanımların yarışında mübarizə aparan Sevil Həsənova, öz çəki dərəcəsində qızıl medal qazanmaqla yanaşı, mütləq çempion adına da layiq görülüb. Daha bir qızıl mükafatçımız – Mustafa Əhmədov isə, dünya rekordunu yeniləyib.
13 təmsilçimizdən yalnız ikisi – Ramiz Hüseynov və Seymur Əskərov medal qazana bilməsələr də, idman ustası adına layiq görülüblər. 
Dünya çempionatında yığma komandamıza Poverliftinq Federasiyasının vitse-prezidenti, dəfələrlə dünya və Avropa çempionu olmuş Rüfət Ağayev və məşqçi Azər Mustafayev başçılıq ediblər.
Sonda onu da qeyd edək ki, Azərbaycan Poverliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, 20 illik fasilədən sonra yenidən idman yarışlarına qayıdaraq, növbəti dəfə dünya çempionu adını qazanmağı bacarıb.
Bencpress növündə mübarizə aparan Gündüz İsmayılov isə, 2000-ci ildə Sidneydə keçirilmiş Paralimpiya Oyunlarının qalibi, paralimpiyaşılar arasında dörd qat dünya və dörd qat Avropa çempionudur. Bundan əlavə, İsmayılov, paralimpiyaçı olmasına baxmayaraq, tarixdə ilk dəfə sağlam idmançıların dünya çempionatında çıxış edərək, ilk sınaqdan çempion adını qazanıb. Beləliklə də, idmançımız, bir idman növündə həm paralimpiyaçılar, həm də sağlam idmançılar arasında qızıl medal qazanan yeganə idmançı kimi adını tarixə yazdırıb.
Rauf İskəndərov / Premyer.az












461     
Reklam

Reklam