» » » Ziya Rəcəbov: "Final həyəcanı tam başqadır və unudulmaz hisslərdir"

Ziya Rəcəbov: "Final həyəcanı tam başqadır və unudulmaz hisslərdir"

Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatında bu gün gümüş medalları qazanan "Sərhədçi" voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov "Lokomotiv"lə oyun haqqında öz fikirlərini bildirib. Premyer.az baş məşqçinin söylədiklərini diqqətinizə çatdırır:

"Öz səhvlərimizdən uduzduq. Rəqibin ucaboy oyunçularının yaxşı blokları oldu. Biz də blokda zəif deyildik. Limit məsələsi də bizə problem yaşatdı. 3-4 gün idi ki, bəzi voleybolçularımızın səhhətində nasazlıq vardı. Bu da fiziki hazırlığa təsir göstərdi. Topun qəbulunda da çoxlu səhvlərə yol verdik. Bizdə həmişə libero problemi olub. Son anda Purya Yazdanpənah bu funksiyanı yerinə yetirdi. "Sərhədçi" sıfırdan qurulan komandadır. Cəmi 2 aydı birgə məşq edirik. Legionerlər isə yeni gəlib. Anlaşma problemi var idi. Final həyəcanı tam başqadır və unudulmaz hisslərdir. Mən əlimdən gələni etdim ki, oyunu 5-ci setə daşıyaq. Tay-brek bizim ola bilərdi. "Lokomotiv"i təbrik edirəm. Növbəti mövsüm hamıya uğurlar arzulayıram.

Buradan Azərbaycan Voleybol Federasiyasının prezidenti Caviq Qurbanova və qurumun 1-ci vitse-prezidenti Faiq Qarayevə təşəkkürümü bildirirəm ki, bizim son anda ölkə çempionatına qoşulmağımıza icazə verdilər. Hamısını öpürəm, bağrıma basıram ki, bizə belə voleybol bayramı yaşatdılar.

Bu gün belə güclü dəstək olacağını gözləyirdik. Finalın ilk oyunundan sonra rəhbərliklə görüşümüz oldu. Rəhbərlik bizə həddən artıq dəstək göstərdi. "Neftçi"dən çıxandan sonra mən və bir neçə voleybolçu klubsuz qalmışdı. "Sərhədçi" İdman Klubunun rəhbərliyi bizə qucaq açdı, bizə şərait yaratdılar, bu kompleksi ixtiyarımıza verdilər. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə minnətdaram.

Heyətimizdə çox ciddi dəyişikliklər olacaq. Yəqin ki, "Lokomotiv" CEV kubokunda mübarizə aparsa, biz də "Çağırış" kubokunda çıxış edərik".
87     
Reklam

Reklam