» » » "Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)

"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)

"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)Noyabrın 14-də Milli Olimiya Komitəsinin (MOK) Konfrans zalında Azərbaycan ağır atletikasının ən tanınmış və hörmətli nümayəndələrindən biri, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, görkəmli idman xadimi Hacıbaba Əskərovun anadan olmasının 100 illik yubileyi tədbiri keçirilib. MOK tərəfindən təşkil olunmuş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazrliyi (AGİN) və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) dəstəyi ilə keçirilən "Dəmir iradəli insan” mövzusundakı mərasim böyük rəğbətlə qarşılanıb.
Yubiley tədbirində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abiyev, MOK baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Azər Əliyev, gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov, AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyev, veteran və hazırda fəaliyyətlərini davam etdirən idmançılar, məşqçilər, hakimlər, idman ictimaiyyətinin digər nümayəndələri, mərhumun ailə üzvləri, Kütləvi İnformasiya Vasitələri iştirak ediblər.
Tədbiri Çingiz Hüseynzadə giriş sözü ilə açıq elan edib. O, ölkəmizdə idman sürətlə inkişaf etdiyini, bu prosesə Prezident İlham Əliyevin şəxsən nəzarət və başçılıq etdiyini, bunun da nəticəsində böyük uğurlar qazanıldığını qeyd edib. Hüseynzadə Azərbaycan idmanda özünəməxsus yeri olmuş şəxslərdən birinin də Hacıbaba Əskərov olduğunu bildirib, onun xidmətlərini xüsusi vurğulayıb, xatirəsinin daima yad olunduğunu diqqətə çatdırıb.
Sonra o, sözü Əməkdar Məşqçi, ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Azad Mustafayevə verib. Natiq çıxışında Hacıbaba Əskərovun həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Qeyd olunub ki, Hacıbaba Məşədi Həsən oğlu Əskərov 1917-ci il sentyabrın 22-də Gəncə şəhərində anadan olub. 1925-32-ci illərdə Gəncənin 7 illik məktəbində oxuyub. Daha sonra Bakı Neft Texnikumuna qəbul olunub və onu 1936-cı ildə bitirib. 1936-37-ci illərdə Tərtər rayon Kənd Təsərrüfatı Texnikumunda rəsmxətt və bədən tərbiyəsi müəllimi işləyib. 1937-ci ildə ADBTİ-yə daxil olan Əskərovun ağır atletika istedadı ortaya çıxıb. O, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olub, böyük bacarıq və qabiliyyəti ilə fərqlənib. Əskərov 1941-ci ildə institutu bitirərək ali təhsil diplomu əldə edib.
Bildirilib ki, Böyük Vətən müharibəsinə könüllü yollanan və Kursk, Oryol, Pskov və başqa şəhərlərin faşistlərdən azad edilməsində iştirak edib, böyük şücaət nümayiş etdirib. Məhz bu əzmkarlıq, qorxmazlığına görə Hacıya Qafqazda şücaəti ilə fərqlənən insanlara verilən "Abrek” ləqəbi verilib. Nevel şəhərin yaxınlığındakı döyüşdə ağır yaralandığı üçün ordudan təxris edilən Əskərov, ayaqlarının iflic olması ilə əlaqədar bir müddət sərbəst hərəkət edə bilməyib. Lakin bu vəziyyətlə barışmayan döyüşçü sarsılmaz iradəsi, inadkarlığı sayəsində müxtəlif üsullardan, təmrinlərdən və texnikadan istifadə edərək nəinki sərbəst şəkildə yeriməyə, hətta peşəkar idmanla məşğul olmağa başlayıb. O, motosikl idmanı və ağır atletika üzrə bir sıra yarışların qalibi də olub.
Diqqətə çatdırılıb ki, Əskərov 1947-ci ildən ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyib, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda dərs deyib. O, idman sahəsi üzrə Azərbaycan dilində ilk dərsliyin (1963-cü il) müəllifidir. "Əmək veteranı” fəxri adına layiq görülən Əskərov "Əmək igidliyinə görə” medalı, SSRİ təhsil sistemindəki nailiyyətlərinə görə isə "İşdə əla nailiyyətlərə görə” döş nişanı ilə təltif edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Hacıbaba Əskərov yığma komandasının əsas çalışdırıcısı kimi ölkəmizdə ağırlıqqaldırma üzrə peşəkar idmançılar yetişdirib. O, 1965-ci ildə ağır atletika üzrə beynəlxalq kateqoriyaya layiq görülən ilk hakim olub. Onun hazırladığı mütəxəssislər – Məmməd Useynov, Şua Hüseynov, Nazim Orucov, Vadim Maroçkin, Yusif Əhmədov, Arif Əskərov, Oleq Luqovskoy, Aleksey Kulkov, Yusif Yusifov, Vəli Əliyev, Oqtay Rzayev, İsmayıl İsmayılov Azərbaycanın müxtəlif bölgələrində idmançı kadrlar yetişdiriblər.
Çıxışdan sonra MOK baş katibinin müavini, AAAF-ın vitse-prezidenti Azər Əliyev, federasiya adından yubilyarın kiçik qızı Gülarə Nərimanovaya Hacıbaba Əskərovun xalça-portretini və xatirə hədiyyələri təqdim edib.
Daha sonra tədbirdə digər şəxslərin çıxışları dinlənilib. Veteran ağır atlet, hakim və məşqçilərdən Mamed Useynov, Yuri Ryabov, Namiq Nəcəfov, Qubad Cəbrayılov, Cəbrayıl Cəbrayılov, və Mirzə Hüseynov yubilyarın həyatını ağır atletikanın inkişafına həsr etməsi, Vətəni, xalqı, peşəsini sevən, əsl qəhrəmanlıq nümunəsi, dəfələrlə Azərbaycan çempionu və rekordçusu olması, bütün ağır atletika mütxəssislərinin müəllimi və məşqçisi olmasını qeyd ediblər. Onlar Hacıbaba Əskərov haqda şəxsi xatirələrini bölüşüb, onun insanlıq və nəciblik nümunəsi olduğunu bildirib, əsl müəllim, əsl insan, əsl məşqçi və mütəxəssis kimi onlar üçün etdiklərinə görə ölümündən sonra da olsa, təşəkkür edib, Allahdan ruhuna rəhmət diləyiblər.
Görkəmli idman xadimi Hacıbaba Əskərovun xatirəsinin bundan sonra da yad edilməsi üçün beynəlxalq və ya Respublika səviyyəli ağır atletika turnirinin təşkil edilməsi təklif olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu ideyanı müsbət qarşılayıb, yaxın vaxtlarda həyata keçiriləcəyinə inamını ifadə edib.
Tədbirin bütün iştirakçılarına MOK, AGİN və AAAF-ın birgə hazırladığı, Hacıbaba Əskərovun həyatına həsr olunmuş, yeni çapdan çıxmış "Dəmir iradəli insan” kitabı təqdim edilib.
Sonda Əskərovun qohumları, həmçinin kürəkəni Akif Nərimanov çıxış edərək bu tədbirin təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər.

"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)
"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)
"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)
"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)
"Dəmir iradəli insan"ın 100 illik yubileyi qeyd edildi (FOTOLAR)
354     
Reklam

Reklam